Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Konsulluğa hücum


Şahidlər deyirlər ki, ərazidə 3 güclü partlayış və ardınca da avtomat və raket atəşlərinin səsini eşidiblər
Şahidlər deyirlər ki, ərazidə 3 güclü partlayış və ardınca da avtomat və raket atəşlərinin səsini eşidiblər
Aprelin 5-də Peşəvərdəki ABŞ konsulluğuna yaraqlıların hücumundan sonra ətrafdakı təcili yardım maşınlarının səsi kəsilmək bilməyib.

Taliban yaraqlılarının konsulluğa hücumu nəticəsində azı 8 nəfərin həlak olduğu və bir neçə yaralının olması xəbərləri yayılıb.

Yayılan başqa məlumatlara görə, yaraqlılardan biri özünü konsulluğun giriş qapısında partladıb. Amma Pakistan polisi deyir ki, hücum edənlərdən heç birinə girişə yaxınlaşmaq nəsib olmayıb.

Şahidlər deyirlər ki, ərazidə 3 güclü partlayış və ardınca da avtomat və raket atəşlərinin səsini eşidiblər.

MƏSULİYYƏTİ TALİBAN ÜZƏRİNƏ GÖTÜRÜB

Konsulluğun binasına zərər dəydiyi, amma burda çalışan xarici və ya yerli işçilərdən heç birinin xəsarət almadığı bildirilir.

Hücuma görə məsuliyyəti dərhal Taliban üzərinə götürüb. Pakistan Talibanının sözçüsü kimi özünü qələmə verən Əzam Tariq bildirib ki, konsulluğa hücum ABŞ-ın pilotsuz təyyarələrinin hücumlarına cavab olub.

ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini Pakistan ərazisindəki Taliban yaraqlılarına qarşı pilotsuz təyyarələrlə hücumlarda ittiham edirlər. Həmin hücumlar zamanı Talibanın bir sıra liderləri ilə yanaşı dinc sakinlər də həlak olub.

Amma Vaşinqton Əfqanıstanla sərhəddən kənarda, Pakistan ərazisində pilotsuz təyyarələrdən istifadə etdiyini təsdiqləmir.

Talibanın sözçüsü Tariq bildirib ki, «hücumların davamı olacaq, çünki amerikalılar bizim düşmənimizdir və harda onlar varsa, oranı növbəti hücumlar üçün hədəf seçə bilərik».

Konsulluğun binasına zərər dəyib, amma burda çalışan işçilərdən heç biri xəsarət almayıb
Ancaq Taliban sözçüsü Pakistanda bu gün daha öncə baş verən və daha qanlı olan bir partlayışa görə məsuliyyəti üzərinə götürən bəyanat verməyib.

YARAQLILAR YENİ TAKTİKAYA ƏL ATIBLAR


Pakistanın puştun tayfalarının yaşadığı ərazidə - Timar Girah şəhərində mühafizəkar Avami Milli Partiyasının (AMP) mitinqi zamanı üzərində 10 kiloqram partlayacı olan intiharçı özünü partladıb. Burda azı 45 nəfər həlak olub.

Partiyanın yerli rəhbərliyindən də həlak olanlar var. AMP-nin siyasi rəhbərliyindən Haşim Babar AzadlıqRadiosuna deyib ki, hücumların indi regionda aparılan əməliyyatlarla birbaşa bağlılığı olduğunu düşünür. Babar əlavə edib ki, hücumlar həm də onu göstərir ki, «artıq yaraqlılar yeni taktikaya əl atıblar: sadəcə özlərini partlatmırlar, həm də, partlayışlardan sonra gələn təhlükəsizlik qüvvələrinə pusqu qurub onlarla atışmaya girirlər və daha çox adamın ölümünə səbəb olurlar».

AMP ərazidə Talibana qarşı birləşmək istəyən siyasi qüvvələrdən sayılır. Şəhərin özü də Pakistan hərbçilərinin Talibana qarşı geniş əməliyyat keçirdiyi Svat dərəsinin yaxınlığındadır.

ABŞ və başqa dövlətlər hücumları pisləyib. Pakistan baş naziri Yusuf Rza Gilani hücumları təşkil edənləri cəlladlar adlandırıb, deyib ki, «bu, hökumətin terrorçulara qarşı mübarizəsini səngitmək istəyənlərin, hücumlardan qorxuya düşənlərin çarəsizcə insanlar arasında panika yaymaq cəhdləridir».
XS
SM
MD
LG