Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:24

«Bloqqerlərin həbsdə saxlanılması cəmiyyətin ən son məğlubiyyətidir»


Emin Milli və Adnan Hacızadə
Emin Milli və Adnan Hacızadə
«Gənc bloqqerlərin həbsdə saxlanılması Azərbaycanın müstəqil mətbuat və vətəndaş cəmiyyətinin ən son məğlubiyyətidir».

Amerikanın Helsinki Komissiyasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komitəsinin sədri, senator Bencamin Kardin belə deyib.

Helsinki Komissiyası martın 15-də bəyanat yayıb. Sənəddə bloqqerlərə qarşı hökmün qüvvədə saxlanılmasına görə Azərbaycan hökuməti kəskin tənqid edilir.

«AYDINDIR Kİ, NƏYƏ GÖRƏ AZƏRBAYCAN BELƏ SƏCİYYƏLƏNDİRİLİB»

Senator Kardin deyib: «Aydındır ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi nəyə görə Azərbaycanı ATƏT regionunda ən çox jurnalistləri həbsdə saxlamaqla səciyyələndirib».

Bloqqerlər – Emin Milli və Adnan Hacızadə ötən ilin iyul ayında həbs ediliblər. Dövlət Departamentinin insan haqları hesabatında onların həbsi hökumətin təşkil etdiyi kobud bir insident kimi görünür. Hücuma məruz qalan şəxslər insident barədə polisə xəbər versələr də, qarşı tərəf sərbəst buraxılıb. Əvəzində şikayətçilər həbs edilib.

Noyabrın 11-də məhkəmə Millini 2 il yarım, Hacızadəni isə 2 il azadlıqdan məhrum edib, onları xuliqanlıq etməkdə ittiham edib.

Helsinki Komissiyasının sədri Floridadan konqresmen Əlsi Heystinqs deyib: «Bu hadisə, Azərbaycanda müstəqil məhkəmə sisteminin kifayət qədər azad olmadığını göstərir».

Dövlət Departamentinin hesabatına görə, hakim müdafiə tərəfin təqdim etdiyi sübut və şahidlərin ifadələrini nəzərə almayıb.

AZƏRBAYCANA DAHA BİR ŞANS


Əlsi Hestinqs deyib ki, «bloqqerlərin Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyəti, bu prosesə düzgün baxılması üçün Azərbaycana daha bir şans verə bilər».

Helsinki Komissiyası dekabrın 11-də prezident İlham Əliyevə məktub göndərib, gənclərin həbs olunmasından dərin narahat olduqlarını bildirib və apelyasiya şikayətinə ədalətli baxılmasına çağırıb. Hökumətdən hələ də məktuba cavab gəlmədiyi qeyd olunur. Məktubu imzalayan senatorlar Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı qərarı «biabırçı məhkəmə səhvi» adlandırıblar.

Helsinki Komissiyasının üzvü, konqresmen Robert Aderholt deyib ki, Azərbaycan rəhbərliyinin ATƏT-in mətbuat azadlığı haqda tənqidlərinə ciddi yanaşmadığını görmək narahatedicidir: «İki fəalın həbsi və məhkumluğu builki parlament seçkilərindən əvvəl ölkədə fərqli düşünənləri boğmaq əzminin göstəricisidir».
XS
SM
MD
LG