Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

İcazəsiz videoçəkiliş qanunla qadağan olundu


Milli Məclis, 12 fevral 2010
Milli Məclis, 12 fevral 2010
Milli Məclisin fevralın 12-də keçirilən iclasında «Mətbuat azadlığı haqqında», «Əməliyyat axtarış fəaliyyəti haqqında», «Kütləvi informasiya vasitələri haqqında» və «İnformasiya əldə etmək haqında»qanunlara əlavə və dəyişikliklər qızğın müzakirələrə səbəb olub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, sözügedən qanuna təklif olunan dəyişikliklər müxtəlif şəxslər tərəfindən siyasiləşdirilir. Onun sözlərinə görə, bu dəyişikliklər Konstitusiyanın ruhundan irəli gələn məsələlərdir: “Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olunmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmadan izlənilməsi, video, foto çəkilişinə, səs yazılmasına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması, qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni bu məsələdə yenilik yoxdur. Bu sırf Konstitusiyadan irəli gələn əlavə və dəyişikliklərdir”.

İclasda çıxış edən deputat İqbal Ağazadə bu dəyişikliklərin mətbuatın azadlığını boğmağa xidmət etdiyini deyib: «Belə çıxır ki, bundan sonra mən Milli Məclisdə çıxış edərkən jurnalistin mənim səsimi yazmağa ixtiyarı olmayacaq».

Deputat Pənah Hüseyn isə bu qanunla bağlı məhkəməyə müraciət edəcəyini bildirib: «Burada əsas diqqət yayındırılır. Bu dəyişiklik ancaq və ancaq mətbuatın azadlığını məhdudlaşdırmaq məqsədi daşıyır».

Qüdrət Həsənquliyev isə qanunlara edilən əlavə və dəyişikliyin müsbət əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, əksinə, bu dəyişikliklər jurnalistlərin hüquqlarını qorumaq məqsədi daşıyır.

Bəxtiyar Sadıqov bu dəyişikliklərin «reket jurnalistikası»nın qarşısının alınmasına xidmət edəcəyini bildirib.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov heç bir narahatlığa əsas olmadığını, Konstitusiyanın istənilən qanundan yuxarıda dayandığını diqqətə çatdırıb.

Müzakirələrdən sonra qanunlara təklif edilən əlavə və dəyişikliklər yeddi nəfər əleyhinə olmaqla qəbul edilib. / APA /
XS
SM
MD
LG