Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

«Hamı ağadır. Burda diktatura keçməz»


Ukraynanın keçmiş prezidenti Leonid Kuçma
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma
«Aydın olan odur ki, Ukrayna siyasətinə yeni simalar gərəkdir. O da gün kimi aydındır ki, seçkilərin ikinci mərhələsi nə siyasi sabitlik gətirəcək, nə də ölkənin iqtisadi problemlərini həll edəcək».

Bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma AzadlıqRadiosuna eksklüziv müsahibəsində deyib.

Kuçmanın əsas fikri odur ki, Ukraynanın siyasi sistemi fəaliyyət göstərə bilmir. Bu sistemə yeni talantlar lazımdır.

Keçmiş prezident hesab edir ki, fevralın 7-də istər baş nazir Timoşenko udsun, istər müxalifət lideri Yanukoviç, onlardan heç biri layiqli prezident ola bilməyəcək.

XALQ HÖKUMƏTƏ İNANMIR

Kuçma deyir: «2004-cü ildə milyonları küçələrə çıxardan «narıncı inqilab» öz vədlərinə tam əməl edə bilmədi. İndi ölkədə xalqın hakimiyyətə inam problemi var. Bu, biabırçılıqdır. Ukraynada vəziyyət elədir ki, heç kim heç bir hakimiyyət qurumuna – nə prezidentə, nə hökumətə, nə də parlamentə hörmət etmir».

Kuçma 1994-2005-ci illərdə Ukrayna prezidenti olub.

İqtisadiyyatı sabitləşdirsə də, onun vaxtında korrupsiya geniş yayıldı. Jurnalist Qonqadzenin ölümünü də Kuçma ilə bağlayan ittihamlar var.

Kuçma deyir ki, onun vaxtında Ukrayna indiki kimi qərbə və şərqə belə bölünməmişdi.

Ancaq 2004-cü ilin prezident seçkiləri, onun sözlərinə görə, ölkəni iki yerə böldü. İndi Timoşenkonu qərb, Yanukoviçi şərq dəstəkləyir.

UKRAYNA RUSİYA DEYİL

Xarici siyasətlə bağlı Kuçma deyib ki, Ukrayna həm Qərblə, həm də Rusiya ilə yaxşı münasibətlərdə olmalıdır.

O, prezident Yuşşenkonu xarici siyasət kursunu birtərəfli etməkdə günahlandırıb.

Kuçma deyib: «Yuşşenko özünü elə aparır ki, sanki Rusiya yoxdur».

Kuçmanın fikrincə, Moskvanın neqativ reaksiyasını doğuran Yuşşenkonun siyasətidir.

Kuçma deyib: «Moskva ilə yaxınlıq avtomatik olaraq avtoritar rejim yaratmaq deyil. Mən əminəm ki, belə fikirlər əsassızdır. Ukrayna Rusiya deyil və bizim mentalitetimiz başqadır. Ukraynada hamı ağadır. Burda hər səviyyədə davadır. Ona görə də burda avtoritarizm qurmaq çətindir. Bundan başqa, bizim parlament-prezident modelimiz diktatorluğun qabağını alır».
XS
SM
MD
LG