Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Ukrayna seçkilərinin mesajı


Prezident Yuşenko səs verir
Prezident Yuşenko səs verir
Yanvarın 27-də «Uoll Strit Cornal» qəzeti Ukraynadakı son prezident seçkilərini təhlil edən maraqlı yazı dərc edib. «Ukraynanın Qərbin dəstəyinə ehtiyacı var» sərlövhəli məqalənin müəllifi Metyu Kaminski yazır ki, ilk baxışdan 2004-cü ilin dramatik narıncı inqilabından sonra indiki prezident seçkiləri miskin bir epiloqu xatırladır.

2004-cü ildə prezident Yuşenko ona ölüm təhlükəsini yaşatdırmış zəhərlənmədən sağ çıxıb ölkə liderliyini ələ almışdı. İndi Ukraynada Yuşenkonun topladığı səsləri kefirə oxşadırlar, çünki qatıqdakı yağın miqdarı təqribən onun topladığı səs faizi civarındadır – 5,5 %. Vladimir Putinin dəstəklədiyi namizəd isə ilk turdaca səs çoxluğunu qamarlayıb birinci turun liderinə çevrildi.

Seçkilər göstərdi ki, ukraynalılar narıncı inqilabdan, iqtisadi çətinliklərdən (ÜDM 15% enib) və ölkədə kök salmış korrupsiyadan beziblər, Qərbə bəslədikləri ümidlər isə puç olmuş kimidir. Hətta Vaşinqton və Brüsseldə bu fenomenə «Ukrayna yorğunluğu» adı da qoyublar.

Seçkilər göstərdi ki, ukraynalılar narıncı inqilabdan, iqtisadi çətinliklərdən və ölkədə kök salmış korrupsiyadan beziblər, Qərbə bəslədikləri ümidlər isə puç olmuş kimidir. Hətta Vaşinqton və Brüsseldə bu fenomenə «Ukrayna yorğunluğu» adı da qoyublar



AMMA

Lakin narıncı inqilabı ölmüş hesab edib Ukraynanı Rusiyanın orbitinə qayıtmış hesab etməzdən əvvəl bəzi fərqləri qeyd etmək lazımdır. Siyasətçilərdən yorulmaq ukraynalıların siyasi azadlıqlardan yorulması kimi yozulmamalıdır. 46 milyonluq əhalisi olan bu ölkədə dayaz da olsa, həqiqi demokratiya var. Bunun özü kiçik bir möcüzədir. Müəllif yazır: «Berlin divarlarının çökməsindən 20 il sonra Avropada yeni bir sərhəd formalaşıb. Bir tərəfdə Qərbin elit klublarının divarları arxasında Avropa Birliyi və NATO-da qərar tutmuş, yaxud bu strukturlara tullanıb keçməyə hazırlaşan azad millətlər var. Şərqdə isə Belarusdan tutmuş Qafqazlara və Orta Asiyaya doğru avtoritar vəhşi təbiət uzanır. Ukrayna belə bir çətin məkanda qərar tutub».

UKRAYNA KONTRAST YARADAN BIR NÜMUNƏDİR

Müəllif davam edir ki, strateji baxımdan bu çox vacibdir, belə ki, çiçəklənən və azad Ukrayna Rusiyaya öz regional imperiyasını qurmağa imkan vermir. Ukrayna həm də Putinizmin şimaldakı slavyan xalqları üzərində ölümcül pəncəsi ilə kontrast yaradan bir nümunədir. Ukraynada mətbuat çoxşaxəli və azaddır, siyasi partiyalar isə inkişaf edir.
Baş nazir səsvermədən sonra


«İlin hər vaxtı Kiyevin mərkəzi küçəsi olan Xreşatikdə ölkə parlamenti qarşısında durub öz nazirlərini və deputatlarını söyən etirazçılara rast gəlmək olar. Görün belə səhnəni Qırmızı Meydanda təsəvvür edirsinizmi? Öz liderlərini təyinatla seçən Rusiya oliqarxları Ukraynada və Qara Dəniz sahilindəki Gürcüstanda keçirilən azad seçki eksperimentlərinə nifrət edirlər və bunun üçün ciddi səbəbləri də var».

Müəllif qeyd edir ki, bu seçkilərin birinci turu Ukrayna tarixində ən təmiz və ciddi pozuntusuz keçmiş seçki olub. 2004-cü ildə fərqli olaraq bu dəfə heç kim prezidentliyə namizədi öldürməyə cəhd etmədi (Yuşenkonun zəhərlənməsi nəzərdə tutulur); bu regionda möcüzə sayılacaq bir şey baş verib – heç kim qabaqcadan bilmir ki, fevralın 7-dəki seçki raundundan kim qalib çıxacaq.

YANUKOVİÇ DAHA SAMBALLI, ÖZÜNƏ İNAMI OLAN BIR NAMİZƏDƏ ÇEVRİLİB

Müəllifin fikrincə Ukraynadakı proseslərin demokratiyanın geriləməsi ilə nəticələnəcəyini düşünənlər xalqın dəyişə bilmək xüsusiyyətini unudurlar. Ukraynalılar dəyişiklik etməyi öyrəniblər. Siyasi elita isə öyrənib ki, seçki heç də var-dövlətin yenidən bölüşdürüləcəyi ilə nəticələnəcək ölüm-dirim mübarizəsi deyil. Müəllif onu da qeyd edir ki, hətta əsas namizədlərin özləri belə dəyişiblər. 2004-cü ildə Ukraynanın Sovet sənaye şərqini təmsil edən Yanukoviç daha samballı, özünə inamı olan bir namizədə çevrilib.

Yanukoviç daha samballı, özünə inamı olan bir namizədə çevrilib
Yanukoviç Qərb səfirlərinə deyir ki, əvvəllər o görüşməyə qorxurdu ki, onlara desin ki, o, ölkəni Rusiyaya satmağa hazırlaşmır və onun Qərbin köməyinə ehtiyacı var ki, inadcıl Rusiyanın qarşısında duruş gətirə bilsin. Yuliya Timoşenkonun özü də Ukraynanın qərbi hissəsinin millətçi liderinə çevrilməzdən əvvəl kölgədə gizlənən rusdilli qaz baronessası idi və öz milyardlarını da post-Sovet dönəmində toplamış birisi idi.

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma «Ukrayna Rusiya deyil» adlı kitab yazıb. Həmin kitabdakı şərhlərə əlavə edən Kaminski yazır ki, Ukrayna Polşa da deyil, lakin uzun müddət Polşa Ukraynanın Qərbə çıxış körpüsü olub. Məhz bu səbəbdən Ukraynanın indiki siyasi elitası Avrasiyadan çox, Avropanı xatırladır.

1992-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynada vətəndaş müharibəsi proqnozlaşdırması məsələsinə toxunan müəllif yazır ki, o vaxt Ukraynanın şərqi ilə qərbi arasındakı dərin ziddiyyətlər bu cür öncəgörmələr üçün əsas olmuşdu, lakin bu ziddiyyətlərin özündə belə xüsusi bir güc var: Ukraynada siyasi güc və var-dövlətin şərq və qərb arasında bərabər paylanması heç bir diktatora imkan vermir ki, ölkənin xirtdəyindən yapışıb orada möhkəm rejim qura bilsin.

«UKRAYNA VAŞİNQTON VƏ BRÜSSELDƏ DƏBDƏN DÜŞMÜŞ KİMİ GÖRÜNÜR»

Müəllif qeyd edir ki, ola bilsin ki, bu seçkilərdən sonra hakimiyyətə gələn qüvvə «stabillik» naminə ölkədə azad mətbuatı və siyasi azadlıqları əzməyə qalxsın. Parlamentin indiki gücünü nəzərə alsaq bu az ehtimal edilən ssenaridir amma təbii ki, gözlənilə bilən bir şeydir və Qərb bu ehtimala qarşı hazır olmalıdır.

Prezidentliyə namizədlərin təbliğat çadırları
Müəllif təəssüflə qeyd edir ki, hazırda Ukrayna Vaşinqton və Brüsseldə dəbdən düşmüş kimi görünür: «Hakimiyyətə gələndən sonra Barak Obama Ukrayna və Gürcüstanla münasibətləri Co Baydenin üzərinə atıb, özü isə həmin ölkələrə bircə səfər də etməyib. NATO gündəmi stolun üstündən götürülüb. Avropa Birliyi isə özündə strateji yaxıngörmənin ağır formasını göstərərək hər fürsətdə (Ukrayna da belə fürsətləri ona verir) ukraynalıların üzünə qapı çırpır».

UKRAYNALILAR HANSI SİYASƏTÇİLƏRDƏN BEZİB?

Yekunda müəllif təklif edir ki, ABŞ Ukrayna ilə münasibətdə Rusiya ilə etdiyi jesti – «reset» düyməsi təklifini təkrarlayıb münasibətləri yenidən nəzərdən keçirsin. Ukraynadakı son seçkilərin mesajı isə budur ki, ukraynalılar bir-birindən şikayət edən siyasətçilərdən bezib tələb edirlər ki, onlar funksional, Qərbə inteqrasiya edilmiş bir dövlət qursunlar. «Biz isə orada olmalıyıq ki, onlara kömək edək».
XS
SM
MD
LG