Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Ticarət obyektləri vergidən necə yayınırlar?


Nağdsız ödənişlərin əsas məqsədi şəffaflıqdır
Nağdsız ödənişlərin əsas məqsədi şəffaflıqdır
Bir müddət Türkiyədə işləmiş Orxan Axundov Azərbaycanda POS-terminalların azlığını görüb təəccüblənib. O deyir ki, xarici ölkələrdə POS-terminallar hətta tərəvəz dükanlarında da quraşdırılır. Azərbaycanda isə böyük ticarət məntəqələrində belə bu terminalları tapmaq çətindir.

Ticarət obyektlərinin sahibləri isə POS-terminal vasitəsilə ödəniş zamanı bank faizin yüksək olmasından narazıdırlar.

Bakının mərkəzində yerləşən bir mağazanın sahibi Sadiq Kərimov bankların POS-terminalları mağazalara pulla verdiklərini söylədi:

«Vergilər Nazirliyi kassa aparatını verərkən POS-terminal almaq üçün talon verir. Bank isə pulsuz quraşdırılmalı olan POS-terminala görə 250-300 manat haqq istəyir. Bu aparat vasitəsilə ödəniş zamanı bank faiz tutur. Bu da bizə sərf etmir».

NAĞDSIZ ÖDƏNİŞİN MAHİYYƏTİ

Nağdsız ödənişlərin əsas məqsədi şəffaflıqdır. Müxtəlif ölkələrdə nağdsız ödənişlərin səviyyəsi nağd pul kütləsinin ümumi həcminin 10-40 faizini təşkil edir. Türkiyədə bu, 23 faiz civarındadır.

Mərkəzi Bankın statistikasına əsasən, hazırda Azərbaycanda bu nisbət təqribən 60 faizdir. Bu, çox təhlükəlidir. Bir neçə il əvvəl Azərbaycan prezidentinin ölkədə nağdsız ödənişlərə keçilməsi barədə sərəncamı olmuşdu. Həmin sərəncamdan sonra pensiya kartları, maaş kartları paylandı, yüz minlərlə vətəndaş plastik kart sahibi oldu. Bəs sonra?..

«AzəriCard»ın Biznes inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov deyir ki, ölkədə 30 bankın 2 milyona yaxın kart müştərisi var. Azərbaycan üzrə bütün ticarət və xidmət obyektlərində 8500-ə qədər POS-terminal olsa da, bunların yalnız 3 mini işləyir.

C. Məmmədov deyir ki, elə bank var ki, POS-terminalı sahibkara satır:

«Bəzi banklar isə terminal müqabilində müəyyən qədər depozit istəyir ki, bu da bir növ sahibkardan alınan zəmanət xarakteri daşıyır. Çünki bəzi ticarət obyektləri POS-terminalı alıb sındırır və ya istifadə etmir».

İqtisadçı Vüqar Bayramov isə deyir ki, nağdsız ödənişlər vəsaitlərin izlənməsinə xidmət etdiyindən Mərkəzi Bank 2012-ci ilə qədər bütün ticarət obyektlərində POS-terminalların quraşdırılmasına çalışır:

«Xarici ölkələrdə POS-terminal kassa aparatı qədər vacibdir. Nağdsız ödənişlər zamanı vergidən yayınma halı sıfıra bərabərdir. Ticarət obyektlərinin sahibləri də vergidən yayınmaq üçün müxtəlif bəhanələr gətirir, POS-terminalların quraşdırılmasına qarşı çıxırlar».
XS
SM
MD
LG