Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:48

İranda inqilab?


Tehranda toqquşmalar, 27 dekabr 2009
Tehranda toqquşmalar, 27 dekabr 2009
«İrandakı indiki vəziyyət 1979-cu ildəki - inqilab ərəfəsindəki vəziyyətə oxşayır».

Bunu AzadlıqRadiosuna deyən Amerikanın Dövlət katibinin İran üzrə köməkçisinin müavini Con Limbertdir.

Limbert 1979-cu ildə Tehrandakı Amerika səfirliyi tutulanda 444 gün girov saxlanan 53 amerikalıdan biri olub:

-Mənim fikrimcə, oxşarlıqlar çoxdur. Hakimiyyət ondakı kimi bilmir ki, xalqın haqlı və qanuni tələblərinə necə cavab versin. Hökumət nə qədər çox zorakılıq etsə, sonda özünə ziyan edəcək.

- Sizcə, bu nümayişlərin axırı hara gedir?


- Biz ümid edirik ki, sonda İran xalqı istədiyi hökumətə nail olacaq. O hökumətə ki, öz xalqı ilə insancasına rəftar edir.

- İranlıların gözündə özünə etimadı bu qədər itirən hökumətlə Amerika hələ də danışmağa meyillidirmi?

- Mən prezident Obamanın Osloda Nobel sülh mükafatı alanda dediklərini xatırlatmaq istəyirəm. Obama dedi ki, biz dövlət zorakılığını pisləyirik. O təkcə İranı nəzərdə tutmurdu, öz vətəndaşlarına zorakılıq edən bütün hökumətləri nəzərdə tuturdu. Ancaq eyni vaxtda çox vacib məsələlərlə bağlı belə hökumətlərlə də bəzən danışıqlara hazırıq.

- Amerika nüvə proqramı ətrafında təkliflərlə bağlı İrana yanvarın 1-nə kimi vaxt qoymuşdu. İndi nə olacaq?


Con Limbert
- Yanvarın 5-də çıxış edən Dövlət katibi Hillari Klinton vaxt qoyma sözünü işlətməyib. Bu sözü siz deyirsiniz. Biz heç vaxt belə söz işlətməmişik.

- Ancaq «son vaxt» ifadəsini Barak Obama işlədib. O deyib ki, yanvarın 1-i son vaxtdır.

- Əlbəttə, sirr deyil ki, İranın cavabı Beynəlxalq Atom Enerjisi Agentliyini qane etmir. Ancaq biz İranı inandırmaq istiqamətində səylərimizi davam etdiririk.

- Belə görünür, Amerika ümidini itirir?


- Biz heç vaxt ümidimizi itirmirik.

- Yaxın bir neçə ay nəticə verməsə, Amerika siyasətini dəyişəcəkmi?

- Siz hipotetik sual verirsiniz. Diplomat belə suala cavab verə bilməz.

- Amerikanın tənqidçiləri deyirlər ki, İran yeni münasibətlərə hazır deyil, danışıqlar nəyə lazımdır...

- Biz heç vaxt ümid etməmişik ki, 30 illik düşmənçiliyə danışıqların birinci mərhələsində yekun vurulacaq. Ola bilər, onlar hələ hazır deyil. Ancaq sabah hazır ola bilərlər. Belə məsələlərdə səbir lazımdır.

- Ancaq nə qədər səbir lazımdır?

- Mən sizə çox şey deyə bilərəm. Ancaq bilirəm ki, indiki vəziyyət, bir-birinə təhqirlər yağdırmaqla, boş şüarlar qışqırmaqla keçən bu 30 il heç bir pozitiv nəticə vermədi. Biz 30 il dözmüşük. Ümid edirik ki, bunun tezliklə sonu gələcək.
XS
SM
MD
LG