Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

İranda hakimiyyət də tərəfdarlarını küçəyə çıxarıb


Tehranda hakimiyyət tərəfdarlarının mintinqi, 30 dekabr 2009
Tehranda hakimiyyət tərəfdarlarının mintinqi, 30 dekabr 2009
HAKİMİYYƏT MÜXALİFƏTƏ MİTİNQLƏ CAVAB VERDİ

İranda hökumətin minlərlə tərəfdarı dekabrın 30-da da Tehranın küçələrinə çıxıb islahatçıların keçirdikləri etiraz aksiyasının əleyhinə şüarlar səsləndiriblər.

Rəsmilər ötən həftənin sonunda Aşura mərasimləri günü müxalifətin keçirdiyi etiraz aksiyasında polislə toqquşma zamanı səkkiz nəfərin öldürüldüyünü bildirir. Qətlə yetirilənlərdən biri olan müxalifət lideri Mir Hüseyn Musəvinin bacısı oğlu da bu gün dəfn olunub. Son bir neçə gündə rəsmilər onun cəsədini ailəsinə vermirdilər.

(Dekabrın 27-də polisin müxalifət tərəfdarlarına divan tutumasını əks etdirən Youtube videolarından)


Bu gün səhər saatlarında BMT-nin insan haqları üzrə komissarı Navi Pillay İranda insan itkilərindən, adamların yaralanması və kütləvi həbslərdən heyrətə gəldiyini bildirib. O deyib ki, təhlükəsizlik qüvvələri və yarımhərbi «Bəsic» dəstəsi mitinqçilərə qarşı həddən artıq güc tətbiq edib.

Polisin məlumatına görə, etiraz aksiyası iştirakçısından 300 nəfərdən çoxu həbs olunub. Amma hələlik təhlükəsizlik qüvvələrinin saxladığı insanların sayı barədə dəqiq məlumat yoxdur.

(Dekabrın 27-də polisin müxalifət tərəfdarlarına divan tutumasını əks etdirən Youtube videolarından)


Hakimiyyət öz tərəfdarlarını bütün ölkə boyu etiraz aksiyaları keçirib müxalifətin mitinqlərini pisləməyə çağırıb.

Hakimiyyət tərəfdarları dünən də ölkənin ən azı üç şəhərində müxalifət əleyhinə mitinq keçirmişdilər.

Dövlətin nəzarətində olan Press-TV ilə nümayiş etdirilən bugünkü aksiyalarda müxalifət fəalları «müqəddəs Aşura mərasimlərini çirkləndirməkdə» ittiham olunub:

- Bu işlərin arxasında cinayətkar və şeytan Amerika dayanır. Rədd olsun, Amerika! Rədd olsun, Amerika!

BAKIDA DA DİNİ LİDERİ VƏ PREZİDENTİ MÜDAFİƏ AKSİYASI KEÇİRİLİB


Hakimiyyət tərəfdarlarının aksiyaları Bakıda da keçirilib. APA informasiya agentliyinin məlumatına görə bu gün Azərbaycanda yaşayan bir qrup İran vətəndaşı prezident Mahmud Əhmədinejad və dini lider Ayətullah Əli Xamneyiyə dəstək məqsədi ilə toplantı keçiriblər. İranın Azərbaycandakı səfirliyinin «Hüseyniyyə» məscidində toplaşanlar ölkə prezidenti və dini liderlə həmrəyliklərini nümayiş etdirmək üçün imza toplayıblar.

İRAN QAZAXISTANDAN 450 MİLYONA NƏ ALIR?


Bu gün İranla bağlı Qərbi narahat edən başqa bir məlumat da yayılıb. «The Associated Press» agentliyinin məlumatına görə, hələlik adı çəkilməyən ölkələrdən birinin kəşfiyyat idarəsi İranın Qazaxıstandan 450 milyon dollarlıq təmizlənmiş uran alınmasına dair planları haqqında hesabat hazırlayıb. Agentlik hesabatın yaxın həftələrdə elan ediləcəyini yazıb.

Amma İranın BMT-dəki nümayəndəliyi bu barədə xəbərlərin yalan və qurama olduğunu bildirib.

Mahmud Əhmədinejad Natanz nüvə zavodunda, 8 mart 2007

Qazaxıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Yerjan Aşıkbayev da deyib ki, ölkəsinin uran sahəsində fəaliyyəti yalnız Atom Enerjisi Agentliyinin norma və tələblərinə uyğun həyata keçirilir:

- Qazaxıstan Respublikası həmişə özünün beynəlxalq öhdəliklərinə əməl edir. Bu, nüvə silahının yayılmaması sahəsində öhdəliklərinə də aiddir. Qazaxıstanın bu sahədə bütün fəaliyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin tələb və normalarına uyğun həyata keçirilir.

Qazaxıstanın dövlət uran şirkəti olan «Kazatomprom» bildirib ki, Qazaxıstan uran istehsalı sahəsində Kanadanı da keçərək dünyada birinci yerə çıxıb.

ABŞ Dövlət Departamentinin sözçüsü də dünən bildirmişdi ki, İrana “»arı kökə» deyilən uran materiallarının satılması BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı qadağalarının pozulması demək olardı.

MÖHLƏT BAŞA ÇATIR. İRANIN DA ÖZ MÖHLƏTİ VAR

Bugünlər həm də Beynəlxalq Atom Enerjisi Agentliyinin zənginləşdirilmiş urana dair İrana verdiyi möhlət başa çatır.

Oktyabr ayında ABŞ və BMT Təhlükəsizlik Şurasına üzv olan dörd böyük ölkə - Britaniya, Çin, Fransa, Rusiya və həmçinin də Almaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin təkliflərini qəbul etmək üçün Tehrana cümə günü – yanvarın 1-ə qədər vaxt qoymuşdu. Agentlik İrana özünün iddia etdiyi kimi elektrik enerjisi alınması üçün lazım olan uranı başqa ölkələrdən göndərmək təklif edirdi. Amma Tehran bu təklifi rədd edib. İran qarşılıqlı təklif irəli sürərək kənardan ya tam işlənmiş uran alacağını, ya da onu İranın özündə həyata keçirəcəyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə bundan imtina edir. Çünki yüksək dərəcədə zənginləşdirilmiş uran nüvə silahı yaradılmasında da istifadə edilə bilər. Qərb də İranın nüvə proqramının əslində elektrik stansiyası tikmək üçün deyil, nüvə silahının əldə edilməsi üçün olduğunu düşünür.

Artıq yanvarın 1-də Agentliyin təkliflərinin qəbul edilməsi üçün Tehrana verilmiş möhlət başa çatır. Və onu qəbul etmədiyindən ABŞ və onun BMT Təhlükəsizlik Şurasındakı müttəfiqləri İrana qarşı yeni sanksiyaları müzakirə edirlər. Vaşinqtonda İranın neft satmasına qarşı qadağaların tətbiqinə dair fikirlər var.
XS
SM
MD
LG