Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Özbəkistanın da öz Eynulla Fətullayevi var...


Solijon Abdurahmonov
Solijon Abdurahmonov
ÖZBƏKİSTAN

Özbəkistanda həbsdə olan 7 jurnalistdən biri Salijon Abdurahmonov “narkotik maddə saxlamaq” ittihamı ilə cəza çəkir.

Polis “Uznyus” müstəqil veb-saytı üçün işləyən Abdurahmonovun maşınından 114 qram marixuana və 5 qram tiryək tapdığını deyir.

Abdurrahmonov insan haqlarından yazırdı. O həm də "Azadlıq" və "Amerikanın səsi" radioları üçün xəbərlər hazırlayırdı.

Jurnalistin qanı yoxlanarkən narkotik maddə əlamətləri tapılmayıb. Bundan sonra hüquq-mühafizə orqanları ittihamı “narkotik maddəni satış məqsədi ilə saxlamaq”la əvəzləyib.

Vəkili deyir ki, ilkin istintaq zamanı jurnalistə onun peşə fəaliyyəti haqqında da xeyli suallar verilib.

Vəkilin bildirdiyinə görə, məhkəmə narkotik maddələrin tapıldığı deyilən “bordaçok”un üstündə jurnalistin əl izlərinin olduğunu təsdiqləyə bilən sübut tapmayıb.

Məhkəmədə polisin çəkdiyi “narkotik maddənin tapılmasını göstərən” video nümayiş etdirilib.

Amma vəkil deyir ki, əvvəl polis itinin çantadakı narkotik maddəni taparkən hürməsi iddia edilsə də, videoda bu hissə yoxdur.

2008-ci ilin oktyabrında məhkəmə Abdurahmonovu 10 il müddətinə azadlıqdan məhrum edib.

Ümumiyyətlə, Özbəkistanda jurnalistləri yazıları ilə əlaqəli ittihamlardan daha çox “kənar ittihamlarla” tuturlar.

Amerikada yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, indi Özbəkistanda 7 media nümayəndəsi həbsdədir.

Onlardan biri Qayrat Mehliboyevi Daşkənddə qadağan edilmiş islamçı qrup – Hizbut-Təhririn müdafiəsi üçün keçirilən aksiyada tutublar.

Özbək jurnalisti Uluqbek Xaydarovun 2006-cı ildəki həbsxana fotosu. O, həbsdən azad ediləndən sonra Kanadaya mühacirət edib.
Sonra onun qaldığı hosteldə axtarış aparılıb və oradan “ektremist yönlü ədəbiyyat tapıldığı” elan edilib.

Onu 2003-cü ildə “antikonstitusyon fəaliyyətdə və ekstremist qrupun üzvü olmaqda, dini ədavəti qızışdırmaqda" günahkar bilib 7 il müddətinə azadlıqdan məhrum ediblər.

Başqa bir jurnalist Ortikali Namazov Namanqan rəsmilərini torpaq bölgüsündəki qanunsuzluqlarda günahlandıran yazılarından sonra təqiblərlə üzləşib.

Yerli rəsmilər onun qəzetini yoxlatdırıb özünü və mühasibini vergidən yayınmada ittiham eləyiblər. Onu 4 il yarım müddətinə azadlıqdan məhrum ediblər.

ERİTREYA

Afrikanın şərqindəki bu balaca ölkədə 19 jurnalist həbsdədir və Jurnalistləri Müdafiə Mərkəzinin məlumata görə, Eritreya dünyada ən çox jurnalist həbs edən ölkələr arasında 4-cüdür.

Amma hökumət ölkədə jurnalist fəaliyyətinə görə tutulanların olmadığını deyir.

2001-ci ildə Eritreya hakimiyyəti seçki qabağı müstəqil mətbuatı tamamilə susdurmaq məqsədilə repressiyalara başlayıb və həmin il sentyabrın 18-də tutulan 10 jurnalistə qarşı müxtəlif ittihamlar irəli sürülüb – milli təhlükəsizliyə qarşı fəaliyyət, lisenziya qaydalarını pozma və hərbi xidmətdən yayınma.

Sonrakı illərdə də jurnalistlər qrup halında həbs edilib.

1999-cu ildə jurnalist Zemenfes Haile hərbi xidmətdən yayınma ittihamı ilə tutulub, sonra azad edilsə də, 2001-ci ildəki repressiyalar zamanı yenə eyni ittihamla həbs edilib və uzunmüddətli hərbi xidmətə göndərilib.

Bəzi tutulan jurnalistlərin hansı həbsxanada cəza çəkdiyi bəlli deyil.

2001-ci ildən bəri beynəlxalq hüquq müdafiə təşkilatları Eritreya hakimiyyətindən bu barədə məlumat amağa çalışsa da, rəsmilər sadəcə susmağa üstünlük verirlər.

Yalnız 2006-cı ildə prezidentin sözçüsü Yemane Gebremeskel Jurnalistləri Müdafiə Mərkəzinə açıqlamasında deyib ki, ölkədə yazısına görə tutulan jurnalist yoxdur, onların həbsinin səbəbi “ölkənin milli təhlükəsizliyi əleyhinə fəaliyyətləridir”.

ÇİN

Dünyada ən çox jurnalist Çində həbsdədir. Jurnalistləri Müdafiə Mərkəzinin məlumata görə, dünyada həbsdə olan 136 jurnalistdən 24-ü Çindədir.

Uyğur etirazçılar və polis. Xinjianq vilayəti, 7 iyul 2009 Çin hökuməti belə kadrların xaricdə yayınlanmasını istəmir.
Avtoritar rejimli Çində jurnalistləri daha çox “hakimiyyəti devirmə”, “çevrilişə yönələn qızışdırıcı yazılar yazma”, “dövlət sirlərini yayma”, “dövlət sirlərini əcnəbilərə ötürmə” ittihamları ilə tuturlar.

Dövlət sirrini yaymaq ittihamıyla adətən - Çində baş verən siyasi hadisələr barədə, eləcə də zəlzələ və başqa təbii fəlakətlərin qurbanları haqqında xarici mətbuat orqanlarına xəbər, məqalə göndərənlər həbs edilir.

Etnik azlıqların yaşadığı bölgələrdə - Tibetdə, eləcə də uyğurlar yaşayan bölgədə baş verən iğtişaşlar haqqında yazanların isə “dövlət çevrilişinə yönələn qızışdırıcı yazılar yazma” ittihamı ilə tutulması risqi böyükdür.

Tutulanlar özlərini günahkar saymasalar da, Çin rəsmiləri həmin ittihamları əsaslandırmaq üçün bu və ya digər şəkildə jurnalistlərin yazılarından istifadə etməyə çalışırlar.

Amma Çində elə jurnalistlər də var ki, onları jurnalistika ilə bağlı olmayan ittihamlarla tutublar və beynəlxalq hüquq müdaiə təşkilatları həmin ittihamlara şübhə ilə yanaşırlar.

Məsələn, 2007-ci ildə jurnalist Sun Lini həyat yoldaşı ilə birgə həbs ediblər. Polis onları qanunsuz silah saxlamaqda və quldur dəstəsi yaratmaqda ittiham edib.

Bundan qabaq jurnalist Çində bir qadağan olunmuş İnternet saytına məqalələr, eləcə də video süjetlər verdiyi üçün hakimiyyət orqanlarının təzyiqinə məruz qalmışdı.

Həbs edilərkən onların kompüterləri və video avadanlığı müsadirə edilib. Jurnalistə həbs cəzası, həyat yoldaşına isə şərti cəza verilib.

Sun Lin özünü günahsız sayır.

Jurnalist Qi Çonguai isə 2007-ci ildə Çinin hakimiyyət orqanlarını Amerikadakı "Epoch Times" internet qəzetində tənqid edib.

Bir həftə keçməmiş onu “saxta jurnalist vəsiqəsi düzəltmək” ittihamı ilə həbs edib 4 il azadlıqdan məhrum ediblər. Qi Çonguai ittihamları rədd edir.

İRAN

Çindən sonra jurnalistlərin ən çox həbsdə olduğu yer İrandır (23 nəfər). İran “dünyada 2-ci yer”ə keçən ilin mübahisəli prezident seçkilərindən sonra çıxıb.

Jurnalistləri Müdafiə Mərkəzinin məlumata görə, həbsdəki jurnalistlərin çoxu müxalifət liderləri Musəvi və Kərrubini müdafiə edən islahatçı yönümlü mətbu orqanların nümayəndələri və bloqçulardır.

Amma İran hakimiyyəti onları fəaliyyətlərinə görə tutduğunu gizlətmir. İttihamlar belədir: “Ölkənin milli təhlükəsizliyi əleyhinə fəaliyyət və dövlət əleyhinə təbliğat”, “ictimai asayişi pozma”, “iğtişaşlarda iştirak”, “iğtişaşları qızışdırma” və s.

İran prezidenti və ali dini liderini təhqir etməkdə günahkar bilinmiş jurnalistlər də var.

İranda həbsdə olan jurnalistlər arasında
Seçkidən sonra həbs edilən jurnalist Əhməd Zeydabadi (sağda) Tehran İnqilab Məhkəməsində mühakimə edilir. 25 avqust 2009
“xarici ölkələrin xeyrinə casusluq” ittihamı ilə tutulan və milli azlıqları – azərbaycanlı və kürdləri təmsil edən jurnalistlər də var.

Məsələn, Tehranın İnqilab Məhkəməsi azərbaycanlı jurnalist Səid Mətinpuru “xaricilərlə əlaqədə və rejim əleyhinə təbliğatda” günahkar bilərək 8 illiyinə həbs edib.

Jurnalist Qərbi Azərbaycan vilayətində “Yarpaq” qəzetində çalışıb, həm də şəxsi bloqunda yazılar yazıb.

KUBA

Kubada 22 jurnalist həbsdədir. Kuba jurnalistlərin ən uzun müddətə həbsə salındığı ölkədir.

2003-cü ildə hakimiyyət insan haqları fəalları və jurnalistlərə qarşı total repressiyalar həyata keçirdiyi vaxt 20-cən media nümayəndəsi də həbs edilib. Onlara 14 ildən 26 ilə qədər həbs cəzası verilib.

Onların hamısını iki əsas ittihamla tutublar: “Kubanın milli müstəqilliyi və iqtisadiyyatı əleyhinə fəaliyyət göstərmə” və “ölkənin bütövlüyü və müstəqilliyinə qarşı fəaliyyət göstərmə”.

Kuba inqilabının lideri Fidel Kastroya hörmətsizlik ittihamı ilə tutulan da var.

Həmin dövrdə tutulanlardan biri Pulido Lopezin vəkili deyir ki, həbsdə jurnalisti ən təhlükəli cinayətkarlarla bir yerdə saxlayırlar.

Bundan başqa 2007-ci ildə jurnalist Oskar Sançez yaşadığı bölgədə korrupsuya qalmaqalı haqda müstəqil mətbuat orqanına məlumat verəndən sonra həbs edilib və bir gün çəkən prosesdə onu “sosial təhlükə yaratmaq” ittihamı ilə 4 illik həbs cəzasına məhkum ediblər.

Havanada yerləşən “Habana press” müstəqil xəbər agentliyinin rəhbəri isə “küçədə dövlət əleyhinə şüarlar qışqırmaq” ittihamı ilə tutulub və 3 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG