Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:42

Hüseyn Paşayev: «Qarşı tərəf yoxdur»


YAP-ın prezident seçkiləri vaxtı Bakıda keçirdiyi mitinq. 17 sentyabr 2008
YAP-ın prezident seçkiləri vaxtı Bakıda keçirdiyi mitinq. 17 sentyabr 2008
«Çox güman ki, Yeni Azərbaycan Partiyası İctimai Televiziyada və İctimai Radioda, habelə dövlət qəzetlərində bələdiyyə seçkiləriylə bağlı pulsuz təbliğat-təşviqat kampaniyası aparmaq hüququndan imtina edəcək. Çünki debat aparmaq üçün qarşı tərəf yoxdur». Hakim Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev dekabrın 1-də «Media forum» saytına açıqlamasında belə deyib.

Mətbuat xidmətinin rəhbəri xatırladıb ki, artıq YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da bu məsələ ilə bağlı açıqlama verib: «Əli Əhmədov deyib ki, pulsuz təbliğat imkanından debatların aparılması üçün istifadə oluna bilərdi. Lakin debat aparmaq üçün qarşı tərəf olmadığına görə televiziyada təbliğat aparmaq əhəmiyyətini itirir».

H.Paşayevin sözlərinə görə, YAP qazandığı imkandan yararlanmaq üçün bugünədək Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyib.

MSK katibi Natiq Məmmədov «Media forum» saytına deyib ki, Seçki Məcəlləsinin tələbinə görə, təbliğat-təşviqat başlanan gündən bir həftə müddətində pulsuz kampaniya aparmaq hüququ qazanan siyasi partiya və bloklar bunun üçün komissiyaya müraciət etməlidirlər: «Əgər bir həftə müddətində müraciət olmursa bu, hüququ qazanan partiya və ya blokun bundan imtinası kimi qəbul edilir».

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası noyabrın 25-dən başlayıb. Kampaniya 28 gün davam edəcək və Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsverməyə 24 saat qalmış - dekabrın 22-də saat 08.00-da dayandırılacaq.

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
XS
SM
MD
LG