Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:24

Bir partiyanın təşviqatı…


Bələdiyyə seçkilərində təşviqat mərhələsi cəmi 27 gün davam edəcək
Bələdiyyə seçkilərində təşviqat mərhələsi cəmi 27 gün davam edəcək
«Əgər təşviqat mərhələsində YAP üzvlərinə yaradılan şərait bizə yaradılmasa, bir sıra addımlara əl atacağıq. Əvvəlcə MSK-ya, ATƏT-ə şikayətlər edəcəyik. Yox əgər şikayətlərimizə də baxılmasa mən vətəndaşlıqdan imtina edəcəyəm…»

«HÜQUQUM YOXDURSA VƏTƏNDAŞLIĞI NEYNIRƏM?»

Bunu Salyan şəhər bələdiyyəsinin namizədi Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Tahir Abbaslı deyir. Tahir Abbaslının deməsinə görə, elə təşviqat mərhələsinin ilk günündə Dairə Seçki Komissiyasına gedərək bu xəbərdarlığı onların da diqqətinə çatdırıb. Orada öyrənib ki, açıq görüş yeri üçün Salyan şəhər stadionu, qapalı yer üçün də «Babək» kinoteatrı nəzərdə tutulub. Əgər həmin yerlər ona verilməsə, vətəndaşlıqdan imtina etmək bir yana, daha sərt etiraz üsullarına əl atmaq niyyətindədir.

«TƏBİİ Kİ, MANEƏLƏR OLACAQ»

Ancaq yerlərdə fərdi təşəbbüsləri və müəyyən istisnaları çıxmaqla bu seçkilərdə əsasən bir partiyanın təşviqatı aparılacaq. Hər halda pulsuz efir imkanı yalnız Yeni Azərbaycan Partiyasına məxsusdur. Üstəlik heç bir müxalifət partiyasının da pullu efirdən istifadə etmək fikri yoxdur. Belə olan halda müxalifət namizədlərinin seçicilərlə birbaşa təmasdan başqa əlacları qalmır. Klassik Xalq Cəbhəsi Partiyasının Seçki Qərargahının sədri Ədalət Yusipov deyir ki, hərçənd onlara seçicilərlə birbaşa təmas qurmağa imkan veriləcəyinə də ümidləri azdır:

«Seçkini seçki komissiyaları yox, icra strukturları keçirəcəksə, təbii ki, maneələr olacaq».

QEYDİYYATDA ANTİ «PRİPİSKA»?…

Ədalət Yusipovun deməsinə görə, Klassik Xalq Cəbhəsi Partiyasından rəsmən 34 nəfərin qeydiyyata alındığı bildirilir. Ancaq onlarda olan məlumata görə, ümumilikdə 500-dən çox üzvləri qeydiyyata alınıb. Ədalət Yusipov güman edir ki, onların sayını süni şəkildə aşağı göstərməklə müxalifətin gücsüzlüyünü nümayiş etdirmək istəyirlər.

Müsavat partiyasından isə təqribən 125 bələdiyyə namizədi qeydə alınıb. Bu partiyanın seçki departamentinin müdiri Gülağa Aslan deyir ki, bununla belə onlar vahid buklet və plakatlar hazırlamaq niyyətindədirlər:

«Biz heç bir mərhələdə YAP-a təslim olmamışıq. Sadəcə hakimiyyət-yəni hakim bizi uduzdurur».

HAKİMİYYƏT ARTIQ İMİTASİYAYA EHTİYAC GÖRMÜR?…

Azərbaycan Xalq Cəbhəsi Partiyasından isə nə qədər namizədin qeydiyyata alındığı dəqiq bilinmir. Hər halda bu partiyanın sədri Əli Kərimli deyir ki, bununla bağlı dairə seçki komissiyalarından hələ məlumat ala bilməyiblər. Əli Kərimlinin fikrincə, bu bələdiyyə seçkiləri göstərir ki, Azərbaycanda bir partiyalı sistem yaradılmaqdadır. Bu isə o deməkdir ki, artıq hakimiyyət imitasiyaya da ehtiyac görmür. Əli Kərimlinin fikrincə, buna səbəb Azərbaycanın Avrotlantik məkana inteqrasiyadan real olaraq imtina etməsidir:

«Siz bilirsiniz ki, bu günlər Fransanın ölkəmizdəki səfiri bəyan etdi ki, Azərbaycan rəsmiləri Avropa Birliyi ilə əməkdaşlığa meyl etmirlər. Müdafiə Nazirliyi də NATO ilə əməkdaşlığı tədricən dayandırmaqdadır».

MÜXALİFƏTİN ZƏİFLİYİ HAKİMİYYƏTİN «DƏRDİ» DEYİL…

Hakim Yeni Azərbaycan Partiyasında isə müxalifətin fikirləri ilə razılaşmırlar. Bu partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyir ki, müxalifətin zəifliyi onların dərdi deyil. Müxalifət partiyaları birləşməklə öz güclərini artıra bilərdilər:

«Bunlar artıq neçə seçkilərdir uduzurlar və uduzacaqlarını da əvvəlcədən bildiklərinə görə, belə fikirlərlə ictimaiyyəti çaşdırmaq istəyirlər».

Bələdiyyə seçkilərində təşviqat mərhələsi cəmi 27 gün davam edəcək. Çünki Seçki Məcəlləsinə uyğun olaraq səsverməyə 24 saat qalmış təbliğat rəsmən dayandırılmalıdır. Dekabrın 23-ü isə seçkilərdir.
XS
SM
MD
LG