Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:19

YAP-ın 17 min, Müsavatın 51 namizədi qeydə alınıb


Bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib
Bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib
Bələdiyyə seçkisində Yeni Azərbaycan Partiyası (YAP) şəriksiz liderdir. Hakim partiyanın 17 mindən çox namizədi qeydə alınıb. Marafona qoşulan digər partiyalarda isə qeydə alınmış namizədlərin sayı ən yaxşı halda 300-ü keçir. Məsələn, Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 18-nə olan son məlumatına görə, YAP-ın 17 mindən çox, Ümid Partiyasının 340, Böyük Quruluş Partiyasının 380-ə yaxın namizədi qeydə alınıb. Müsavat Partiyası isə indiyə qədər qeydə alınan namizədlərin sayına görə, yalnız ən kiçik partiyaları qabaqlayır. Bələdiyyə seçkilərinə partiya şəkilində qatılan Müsavatın hələlik 51 namizədi qeydə alınıb. Tərəqqi Partiyasının isə hələ ki, seçkiyə qatılacaq bir namizədi var.

PULSUZ EFİR İMKANI YAP-DADIR…

Seçki Məcəlləsinə görə isə, təbliğat-təşviqat dövründə pulsuz efir imkanlarından yararlanmaq hüququ partiya və ya siyasi bloklara verilir. Bu şərtlə ki, iddiaçı partiya və ya siyasi blok ölkə bələdiyyəsinin yarıdan çoxunu əhatə eləmiş olsun. Bu baryeri aşmaq isə hələlik YAP-a qismət olub.

Müsavat Partiyasının funksioneri Arif Hacılı deyir ki, ölkə boyu təbliğat-təşviqat aparmaq imkanlarını zəiflətmək üçün onların namizədləri çıxdaş edilir:

- 1000-ə qədər bələdiyyəyə bir neçə min namizəd irəli sürmüşdük. Ancaq onların 500-ə qədərinin sənədi qəbul olunub. Sonda neçəsi qalacaq, bilmirik.

İMZANIN QUYRUĞU

Ümid Partiyasının sədri İqbal Ağazadə də iddia edir ki, onların namizədlərini qeydə almamaq üçün yerlərdə bir çox problemlər yaradılır:

- Bakıda Qaraçuxur qəsəbə bələdiyyəsinə beş namizəd irəli sürmüşdük, beşinin də sənədini qəbul eləməyiblər. Ya Şəkinin Kiçik Dəhnə kənd bələdiyyəsinə dörd namizədin ərizəsini götürməyiblər. Gətirdikləri səbəb də budur ki, guya səlahiyyətli nümayəndənin imzası üst-üstə düşmür. Səlahiyyətli nümayəndə bir dəfəyə nə qədər imza atır, ola bislin ki, hansındasa imzanın quyruğu bir az əyri düşüb.

Müxalifət düşərgəsinin təmsilçiləri sual edirlər - necə olur, YAP-ın namizədlərinin qarşısında o dəqiqə yaşıl işıq yandırılır, amma onların namizədləri qeydə alınanda ortaya min bir əmma çıxır.

«ELƏ OLUR Kİ, YAP-IN NAMİZƏDİ ŞİKAYƏT ELƏYİR Kİ…»

Bu ittihamları qərəzli sayan MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə bildirir ki, onlara edilən şikayətlər əsassız olub. O ki qaldı YAP
namizədinin qeydiyyatda qabağa salınmasına, Azər Sarıyev bunu da əsasız sayır:

- Elə olur ki, YAP-ın namizədi şikayət eləyir ki, müxalifətin namizədini qabağa salırsız, bizi yox. Amma kiminsə kimdənsə qabağa düşməsinin səbəbi odur ki, onun sənədiylə bağlı aparılan yoxlamanın cavabı daha tez gəlir.

YAP-ın namizədlərinin müxalif partiyalardan qat-qat çox olmasının səbəbini MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev yerlərdəki insanların etimadı ilə izah edir.

YAP-IN RƏQİBİ YOXDUR…

YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov da mətbuata açıqlamasında təmsil elədiyi partiyanın ictimaiyyətə daha çox nüfuz etdiyini söyləyib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən partiyaların üzvləri bir araya toplansa belə, hakim partiyanın üzvlərinin çox kiçik hissəsini təşkil eləyərlər. Buna görə də Əli Əhmədov hakim partiyaya bu seçkidə rəqib görmür.

Müxalifət təmsilçiləri isə bildirirlər ki, onların namizədlərinə seçki marafonundan geri çəkilmək üçün hakimiyyət təzyiq göstərir. Bələdiyyə seçkisində qeydiyyat prosesinin monitorinqini aparan Beynəlxalq Demokratiyanı Öryənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov isə deyir ki, bunu sübut eləmək olmur, çünki həmin adamlar təzyiqə məruz qaldıqlarını təkzib eləyirlər.

EKSPERT SEÇKİNİN AZAD KEÇƏCƏYİNƏ ÜMİD ETMİR

Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov isə hazırkı Seçki Məcəlləsiylə demokratik seçki keçirilməsinin mümkün olmadığı qənaətindədir. Onun fikrincə, müşahidə edilən proseslər bələdiyyə seçkisinin azad, rəqabətli keçəcəyinə ümidi azaldıb.

Hafiz Həsənov deyir ki, partiyaların namizədlərinin sayı qanunda göstərilən həddi aşmasa, onda onlar pulsuz efir imkanlarından məhrum olacaqlar. Ekspert hesab eləyir ki, ölkə boyu geniş təbliğat-təşviqat aparmaq imkanı yalnız hakim partiyaya nəsib olacaq.

Noyabrın 23-də qeydiyyat mərhələsi başa çatır. Noyabrın 25-də isə təbliğat-təşviqat mərhələsi başlamalıdır. Bələdiyyə seçkiləri isə dekabrın 23-nə təyin edilib.
XS
SM
MD
LG