Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:39

Nardaran bələdiyyəsi: YAPdan 8 namizəd, muxalifətdən - 0


Nardaranda 1999-cu ildən bəri bələdiyyə seçkiləri baş tutmur
Nardaranda 1999-cu ildən bəri bələdiyyə seçkiləri baş tutmur
Nardaranı Azərbaycanın digər kəndləridən fərqləndirən tək sakinlərin mübariz olması deyil. Nardaran həm də yeganə kənddir ki, indiyə kimi bələdiyyəsi olmayıb. Amma 23 dekabr bələdiyyə seçkilərindən sonra da vəziyyətin dəyişməyəcəyi ehtimalı var. Bunu mən yox, Nardaran ağsaqqalları deyir. Məşədi Natiq Kərimov:

- Əgər Nardaranda bələdiyyə seçkiləri gözəl keçsə, deməli, xalqın etimadı var. Bələdiyyə insanların özlərindən gəlməlidir. Biz heç vaxt razı olmarıq ki, Nardaranın izzəti, şərəfi aşağı düşsün. Hamı bilməlidir ki, biz adada yaşamırıq. Biz bu respublikanın vətəndaşıyıq, bu ölkənin qanunları bizim üçün də qanundur.

Məşədi Natiq Kərimov da bələdiyyə seçkilərinə qatılmaq üçün Azərbaycan İslam Partiyasından öz namizədliyini irəli sürüb. Amma deyir ki, ondan əvvəlki namizədlər qeydə alınsa da, qulağı hələ də seçki dairəsindən gələn telefon zəngində qalıb, təhvil verdiyi imzalarla bağlı nəticələri gözləyir. Telefon isə susur:

«ETİMADIM VAR, BİR ŞƏRTLƏ»

«Biz heç vaxt razı olmarıq ki, Nardaranın izzəti, şərəfi aşağı düşsün»
– Bu siyahıda olanları və gələcəkdə siyahı olsa, olacaqlara da tamamilə etimadım var. Fəqət bir şərtlə. Camaata öz platformasını bildirməli, camaatın qarşısına çıxmalı, elan etməlidir ki, mən nə iş bacarıram. İcra hakimiyyəti, polis rəisi, prokurorluq və s.-lə burada buna mümkün olmayacaq. Bizim camaatımız bax bu cürdür, seçkilərə bu cür gedir.

Nardaranda 1999-cu ildən bəri bələdiyyə seçkiləri baş tutmur. Bu kəndin əhalisi 10 il əvvəl bələdiyyə üzvlərinin Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilməsinə etiraz etmişdilər. 2004-cü ildə ikinci bələdiyyə seçkilərində isə alternativsizlik yarandığından Mərkəzi Seçki Komissiyası kənddə bələdiyyə seçkisinin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bu da 3-cü seçkilər…Kənd sakinləri indi də deyirlər ki, qeydə alınan namizədləri Sabunçu rayon İcra Hakimiyyəti irəli sürüb, öz namizədlərinin çıxdaş edildiyindən şikayətcidirlər. Nardaranlıları narahat edən vəziyyətin dəyişməyəcəyi təqdirdə yenidən bələdiyyəsiz qalacaqları, kənd problemlərinin - yolların, işığın, torpağın əziyyətinin bu dəfə də öz boyunlarına düşəcəyidir:

«BİZ ƏDALƏTLİ BƏLƏDİYYƏ İSTƏYİRİK»

- Bizə indidən xəbər veriblər ki, icra hakimiyyəti tərəfindən 11 nəfər seçilib hazırdır. Bizə deyirlər ki, istəyirsiniz bələdiyyə seçkilərinə gedin, istəmirsiz yox.

- Bizi qane edir, lap belə yaxşı qane edir. Kənd adamlarıdır, qıraq adam yoxdur, seçilənlərin hamısı kənd adamıdır.

- Biz ədalətli bələdiyyə istəyirik. 10 il bundan öncə biz bələdiyyəni bərqərar edəcəkdik, bizə hakimiyyət orqanlarından təzyiqlər oldu. Onlar istədiyi nümayəndələrini təyin etmək istəyirdilər, biz ona görə onlarla barışmadıq. Yoxsa biz bələdiyyə istəyirik.

Hazırda Nardaran bələdiyyəsinin 11 yeri uğrunda mübarizəyə 15 nəfərin namizədliyi qeydə alınıb. Onların 8-i YAP-çı, 7-i bitərəfdir, müxalifət partiyalarından siyahıya heç kim düşməyib.

Azərbaycan İslam Partiyasından namizəd olan Məşədi Natiq Kərimov iddia edir ki, 14-15 nəfərin qeydiyyatı hələ də gecikdirilir, onların çoxu müxalifət partiyalarındandır.

«NARDARANLILARI DA HAMIMIZ TANIYIRIQ»

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev bu günə qədər 30 465 nəfərin namizədliyinin qeydə alındığını bildirir. Onların üçdə biri bitərəf, qalanı isə siyasi partiyaların üzvləridir. Qeydə alınan namizədləri icra hakimiyyətinin irəli sürməsi iddiasına gəlincə, Azər Sarıyev bunun «əsassız» adlandırdı:

- İndiyə qədər burada yerli özünüidarətmə orqanı formalaşmayıb. Ona görə yerli camaat bunu istəməyib. İndi nardaranlılar istəyir ki, problemləri həll olunsun, ona görə bələdiyyə seçkilərinə qoşulublar. Nardaranlıları da hamımız tanıyırıq, əgər adama imza verən olmasa onun namizədliyi heç cür qeydə alınmaz. Əgər icra hakimiyyəti tərəfdən yönəldilsəydi bir nardaranlı da ona imza verməzdi. Əgər ciddi bir narazılıq varsa, MSK-ya müraciət edə bilərlər.

Bir həftədən sonra- noyabrın 23-ü saat 18.00-da bələdiyyə seçkilərində mübarizə aparacaq namizədlərin qeydiyyat prosesi başa çatacaq. Namizədlərin qeydiyyatı, təzyiq və qanunsuzluqlarla bağlı MSK şikayətlərin araşdırıldığını, ancaq qanun pozuntularının aşkarlanmadığını iddia edir.
XS
SM
MD
LG