Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:38

«Hakimiyyət sübut etmək istəyir ki, müxalifət yoxdur»


Bələdiyyə seçkilərinə qatılan müxalifət partiyaları kampaniyanı yarımçıq dayandıra bilərlər. Noyabrın 13-ü saat 18-də imzatoplama kampaniyası rəsmən başa çatdı. Beş gün sonra isə qeydiyyat mərhələsi başa çatmalıdır.

903 bələdiyyə üzrə 3 mindən çox namizəd irəli sürən «Ümid» Partiyasının sədri İqbal Ağazadə deyir ki, onlar hələ ki, qeydiyyat mərhələsinin başa çatmasını gözləyirlər. Ancaq indinin özündə bələdiyyə seçkilərini boykot edə biləcəklərini istisna etmirlər. Çünki onların namizədlərindən az qala 2 mininə namizədliklərini geri götürmək haqda təzyiqlər edilir. İ.Ağazadənin sözlərinə görə, bu namizədlərdən bir çoxu artıq təzyiqlər qarşısında duruş gətirməyərək öz ərizələri ilə geri çəkiliblər:

BOYKOT İSTİSNA EDİLMİR


İqbal Ağazadə
- Məsələn, Zərdabda 100 namizədimizdən 92-nə, Sabirabadda 74 namizədimizdən 66-na, Bərdədə 75 namizədimizdən 60-na, Balakəndə 53 namizədimizdən 25-nə, Ağsuda isə 30 namizədimizdən 26-na ərizə yazdırıblar.

Müsavat Partiyası Seçki Departamentinin katibi Gülağa Aslan isə iki mərhələli təzyiqlərdən şikayətlənir. O, noyabrın 13-də imzatoplama mərhələsinin başa çatdığını yada salaraq deyir ki, bəzi rayonlarda onların namizədlərinə yalnız bir gün əvvəl bildiriş vərəqələri verilib. Bildiriş alıb, imzatoplayanları isə namizədliklərini geri götürməyə məcbur edirlər.

G.Aslanın sözlərinə görə, bu təzyiqlər üzvlərin çalışdığı idarələrin rəhbərləri və icra nümayəndələri vasitəsilə həyata keçirilir. Bəzi hallarda isə polis də bu prosesə qatılır.

POLİS HƏDƏ-QORXULARI…

Müsavat Partiyasından namizədliyini Balakən rayon bələdiyyəsinə vermiş Bədrəddin Varşayev deyir ki, onu Polis İdarəsinə çağırıb geri çəkilməyi tövsiyə ediblər:

- Seçilərəm, seçilmərəm bunu Allah bilər. Ancaq mən qəti olaraq bildirdim ki, geri çəkilən deyiləm.

Balakən rayon Polis İdarəsindən isə bu məlumatı təsdiq etmədilər.

Ancaq artıq bu tip şikayətlər Mərkəzi Seçki Komissiyasına da daxil olmaqdadır. Bu qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, şikayətlərə noyabrın 14-də baxılacaq. Bununla belə, o bildirir ki, qaynar xəttə daxil olan şikayətlərdən araşdırdıqları heç də təsdiqini tapmır:

- Müxalifət partiyalarının birindən bizə şikayət daxil olmuşdu ki, onların Zaqatalada namizədlərinə təzyiq edilir ki, namizədliyini geri götür.
Gülağa Aslan
Mən həmin namizədlə danışdım. Məlum oldu ki, o, seçilməyəcəyini görüb geri çəkilmək istəyir. Partiya rəhbərliyi də onu geri çəkilməyə qoymur.

HAKİMİYYƏT NƏYİ SÜBUT ETMƏK İSTƏYİR?

Müsavat Partiyası Seçki Departamentinin katibi Gülağa Aslan isə iddia edir ki, bütün təzyiqlərin başında mərkəzi hakimiyyət durur:

- Bələdiyyələrin nə statusu var, nə də bir şeyi. Hakimiyyət sadəcə, sübut etmək istəyir ki, Azərbaycanda müxalifət yoxdur.

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirovun fikrincə isə, 2003-cü il prezident seçkilərindən sonra hakimiyyət xalqa aşılamaq istəyir ki, seçkilərlə ölkədə dəyişikliklər yaratmaq mümkün deyil. Ona görə də xalq seçkilərə əhəmiyyət verməsə, daha yaxşı olar.

R.Mirqədirovun fikrincə, bələdiyyə seçkilərində üstəlik, yerli hakimiyyət orqanları da öz maddi maraqlarını işə salıblar. Belə olan halda isə müxalifətdən olan namizədlərə heç bir şans tanınmır.
XS
SM
MD
LG