Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:39

Bələdiyyə seçkilərində qara piar…


Dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləridir
Dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləridir
«Məni hədələyirlər ki, əgər namizədliyini geri götürməsən səni məktəbdən qovacağıq. Üstümə şər atırlar ki, guya mən narkotik alveri ilə məşğulam. Deyirlər ki, namizədliyini geri götürməsən bu məsələləri qabardacağıq. Mən də deyirəm ki, belə böhtanlara ehtiyac yoxdur. Qoyun gedim seçkiyə, seçilərəm-seçilərəm, seçilmərəm də bir ziyanı yoxdur»

NAMİZƏDLƏRƏ QARŞI KOMPROMAT SAVAŞI BAŞLAYIB?

Bu bələdiyyə seçkilərində namizədliyini verən, Cəlilabad şəhər 3 saylı məktəbin fizika müəllimi Aslan Əzimovdur. Aslan Əzimovun deməsinə görə, ona müxtəlif yerlərdən hədələr gəlir ki, namizədliyindən geri çəkil. O, Ümid partiyasının yerli təşkilatına rəhbərlik edir.

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə deyir ki, oxşar hədələrlə onlar başqa rayonlarda da üzləşiblər:

«Namizədlərin özlərinə təzyiqlər edirlər ki, geri çəkil. Onların dövlət qurumlarında işləyən qohumlarını tapırlar ki, əgər qohumun geri çəkilməsə onu yaxşı heç nə gözləməyəcək. Belə hal Cəlilabadda da, Masallıda da var. Neyləmək olar? Təəssüf ki, belədir».

MSK-YA HEÇ KİM YAZMIR…

Bütün bu narazılıqlara baxmayaraq hələ ki, Mərkəzi Seçki Komissiyasına rəsmən bir şikayət belə daxil olmayıb. Bu barədə AzadlıqRadiosuna həmin qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Sarıyev hesab edir ki, Ümid partiyasının hər hansı narazılığı varsa, rəsmən onlara müraciət edə bilərlər:

İqbal Ağazadə
«Elə deyirlərsə bəs MSK-ya niyə şikayət etmirlər? MSK-ya müraciət etsinlər, tədbirlər görülsün də».

İqbal Ağazadə isə deyir ki, əvvəlki seçki təcrübələrində dəfələrlə Mərkəzi Seçki Komissiyasına şikayətlər ediblər. Ancaq onların şikayətləri ədalətli araşdırılmadığından bu quruma elə də inam bəsləmirlər. İqbal Ağazadə deyir ki, onlar indiyə qədər 903 bələdiyyəyə namizədlərini veriblər və axıra qədər mübarizə aparmaq niyyətindədirlər.

Təqribən eyni sayda bələdiyyəyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərindən də namizədliyini verənlər var. Onlar isə bu seçkidə fərdi qaydada iştirak edirlər.

MÜSAVAT KAMPANİYAYA YENİCƏ QOŞULUR

Müsavat partiyası isə seçki kampaniyasına yenicə qoşulur. Bu partiyanın seçki qərargahının rəhbəri Gülağa Aslan deyir ki, Mərkəzi Seçki Komissiyası nümayəndələrin qeydiyyatını gecikdirməklə onları kampaniyanın gedişində bir xeyli geriyə salıb:

«Biz sənədləri onları ötən həftənin 4-cü günü vermişdik. Gecikdirib bizim nümayəndələri bu həftənin 2-ci günü qeydə aldılar. Halbuki, həftənin beşinci, altıncı, lap bazar günü də qeydə ala bilərdilər. Çünki kompaniya başlayandan MSK-nın istirahət günləri olmamalıdır».

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, onlar Müsavat partiyasının göndərdiyi sənədləri qanunun tələblərinə uyğun olaraq araşdırmaq məcburiyyətində idilər. Onun fikrincə qanunun tələblərindən irəli gələn həmin münasibət digər partiyalara da göstərilir.

Bələdiyyə seçkiləri ilə bağlı imza vərəqələri qanuna görə, noyabrın 13-ü axşam saat 6-ya qədər dairə seçki komissiyalarına təhvil verilməlidir. Dairə Seçki Komissiyaları isə 5 gün ərzində bu sənədlərə baxıb öz qərarlarını verməlidirlər.
XS
SM
MD
LG