Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Levon Ter-Petrosyandan hakimiyyətə ikibaşlı ismarışlar


Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan
Ermənistan müxalifətinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan Serj Sarkisyanın legitimliyinin tanına biləcəyi haqqında fikirlər səsləndirib. O, noyabrın 11-də rəhbərlik etdiyi Erməni Milli Konqresində çıxışında millətçi partiyaları tənqid edib, Sarkisyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması cəhdlərini yüksək dəyərləndirdiyini deyib.

KOÇARYANA İTTİHAMLAR

Levon Ter-Petrosyan deyib ki, onun təşkilatı keçən ay Yerevanla Ankara arasında münasibətlərin normallaşdırılmasına dair protokolların bütün bəndlərini, o cümlədən də Türkiyə ilə indiki sərhədlərin tanınmasına dair maddələri müdafiə edir, yalnız birindən başqa. O da erməni soyqırımı deyilən hadisənin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasıdır:

- Serj Sarkisyanın çoxsaylı səhvlərinə baxmayaraq, bəzi səhvlərin onun adına yazılması ədalətli olmazdı. Ermənistanla Türkiyənin indiki sərhədlərini ilk tanıyan o deyil. Bunu bolşeviklər və daşnaklar Qarsda müqavilələr imzalayanda tanıyıblar. Türkiyəyə ərazi iddialarını da səsləndirən birinci Sarkisyan olmayıb. Bunu birinci Robert Koçaryan səsləndirmişdi. Qarabağı sülh danışıqlarından kənarlaşdıran da Sarkisyan deyil, Koçaryan olub.

Bir saatlıq çıxışında Levon Ter-Petrosyan Erməni İnqiulab Federasiyasını – Daşnaksütyunu və başqa «radikal millətçilər» adlandırdığı qrupları 21-ci əsrin qaydalarına uyğun olmayan qeyri-real tələblər səsləndirməkdə ittiham edib. O deyib ki, millətlər üçün «tarixi ədalət» ifadəsi müasir beynəlxalq münasibətlərdə və beynəlxalq hüquqda tanınmır.

YEGANƏ YOL SARKİSYANIN İSTEFASIDIR


Levon Ter-Petrosyan həmçinin xəbərdarlıq edib ki, Türkiyə ona ərazi iddialarına son qoymayınca, münasibətləri normallaşdırmayacaq. Onun fikrincə, Ankara həm də normallaşmada Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasını əsas şərt kimi irəli sürməkdə davam edəcək.

Ter-Petrosyan bildirir ki, Serj Sarkisyan Türkiyə ilə müzakirələrə başlayıb xarici dairələrdən legitimlik almağa çalışır
Keçmiş prezident hesab edir ki, Türkiyə ilə münasibətlərin normallaşması və Qarabağ danışıqlarında proseslərin təhlükəli inkişafından qurtulmağını yeganə yolu Serj Sarkisyanın istefa verməsidir:

- Belə görünür ki, Serj Sarkisyan Ermənistanda və diasporada Türkiyə ilə protokollara etirazların artdığını hiss edərək həmsədrlərdən Qarabağ münaqişəsinin həlli istiqamətində prosesləri bir qədər ləngitməyi xahiş edib. O, hesab edir ki, qısa müddətdə həm Qarabağ, həm də Türkiyə ilə danışıqlar istiqamətində proseslərə görə ölkə daxilində narazılıqlara tab gətirmək ona çətin olur.

Levon Ter-Petrosyan bildirir ki, Serj Sarkisyan 2008-ci ilin fevralında keçirilən prezident seçkilərində legitimlik ala bilmədiyi üçün Türkiyə ilə müzakirələrə başlayıb xarici dairələrdən legitimlik almağa çalışır.

Halbuki Sarkisyan legitimliyi yalnız öz ölkəsində almalıdır və ala da bilər. «Niyə Sarkisyan hesab edir ki, erməni xalqı yenə də milli məsələlərdə ağıllılıq nümayiş etdirməyəcək?» – deyə keçmiş prezident ikibaşlı sualla rəhbərlik etdiyi Erməni Milli Konqresində çıxışını başa çatdırıb.

HAKİMİYYƏT SUSUR

2008-ci ilin fevralında keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığını deyən Levon Ter-Petrosyan indiyə qədər seçkinin nəticəsinin ləğv olunmasını və yeni prezident seçkisinin keçirilməsini tələb edirdi. O, hələ iyun ayında bildirib ki, heç vaxt Sarkisyanla heç bir dialoqa getməyəcək.

Keçmiş prezident dünənki çıxışında Sarkisyanın ölkə daxilində legitimlik qazana biləcəyini desə də bunun necə baş verə biləcəyi haqqında bir söz söyləməyib. Yalnız onu deyib ki, daxili siyasətdə problemlərin həlli və milli həmrəylik lazımdır.

Levon Ter-Petrosyan deyib ki, onun rəhbərlik etdiyi Erməni Milli Konqresi «barışmazlıq» və «siyasi maksimalizm» namayiş etdirmək niyyətində deyil. Hələlik onun bu çıxışına hakimiyyət tərəfdən heç bir reaksiya yoxdur.
XS
SM
MD
LG