Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Protokollar imzalanandan sonra...


Ermənistan-Türkiyə protokollarının imzalanmasından sonra tərəflər bir sıra bəyanatlarla çıxış edib. Bu prosesin əsas iştirakçılarının hadisəyə münasibəti necədir?

«BU MƏRASİM ÇOX MÜHÜM BİR ADDIMDIR»


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Ermənistan arasında protokolların imzalanmasından sonra çıxış edib. Çıxışında rəsmi Bakının könlünü almağa çalışan Baş nazir deyib ki, Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməyincə müsbət münasibətdə olmağımız mümkün deyil:


«İndi istəyimiz odur ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ və işğal altında olan torpaqlar məsələsi öz həllini tapsın. Azərbaycanla Ermənistan arasında problemlər öz həllini taparsa, ictimaiyyət də Türkiyə- Ermənistan münasibətlərinin normallaşmasını getdikcə daha çox qəbul edəcək. Türkiyə Böyük Millət Məclisinin protokolları təsdiqləməsi də asanlaşacaq. Biz sənədləri Böyük Millət Məclisinə təqdim edəcəyik, amma parlamentimiz onları təsdiqləmək üçün Azərbaycan-Ermənistan münasibətlərini mütləq nəzərə alacaq».

Ərdoğan onu da deyib ki, sözügedən sənədlərin imzalanması və ümumiyyətlə, bu mərasim çox mühüm bir addımdır:

«Bu addımdan biz çox məmnunuq».

Türkiyə müxalifəti isə sənədlərin imzalanmasına qarşı çıxıb. Cumhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası hökumətin xarici təsirlərə boyun əyməsi və Dağlıq Qarabağ məsələsində Azərbaycanı meydanda tək buraxması fikrindədir.

SƏRKİSYAN XALQA MÜRACİƏT EDİB

Ermənistan prezidenti Serj Sərkisyan da oktyabrın 11-də xalqa müraciət nitqi ilə çıxış edib. Deyib ki, bu proses Ermənistan dövlətinin və xalqının rolu və yeri, bugünü və gələcəyi ilə bağlı yeni müzakirələr üçün təkan, stimul olacaq.

Sərkisyan onu da deyib ki, «soyqrımı» yarası sağalmayıb:

«Soyqrımı qurbanı olan həmyerlilərimizin xatirəsi və gələcək nəslimiz tələb edir ki, biz stabil, möhkəm dövlətə, güclü və çiçəklənən ölkəyə sahib olaq».

S.Sərkisyan deyib ki, bu yolda atılması vacib olan addımlardan biri də qonşu ölkələrlə, o cümlədən Türkiyə ilə normal əlaqələr yaratmaqdır.

«ABŞ SƏNƏDLƏRİN UĞURLU OLMASI ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ EDƏCƏK»

Ermənistanla Türkiyə arasında protokolların imzalanması mərasimindən geri qayıdan Amerikanın Dövlət katibi Hillari Klinton isə jurnalistlərə açıqlamasında deyib ki, ölkəsi sənədlərin uğurlu olması üçün əlindən gələni edəcək. Protokolların imzalanmasından məmnun olduğunu deyən xanım Klinton onu da bildirib ki, sənədlərin imzalanmasının gecikməsi hər iki tərəfin narahatlığından qaynaqlanıb.

«BİZ BUNA ÜRƏKDƏN SEVİNİRİK»

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iki ölkə arasında protokolların imzalanmasını əlamətdar hadisə adlandırıb və Moskvanın bu prosesi dəstəklədiyini bildirib:

«Biz buna ürəkdən sevinirik. Ermənistan və Türkiyə Rusiyaya dost olan ölkələrdir».

S.Lavrov onu da əlavə edib ki, bu iki ölkə tərəfindən atılan addımlar heç bir üçüncü dövlətə zərbə vurmur. Nazir hesab edir ki, iki qonşu ölkə arasında münasibətlərin yaxşılaşması ticarət və iqtisadi əlaqələri gücləndirəcək, hər iki ölkədə sosial-iqtisadi vəziyyətə müsbət təsir göstərəcək.

Sergey Lavrov onu da qeyd edib ki, Rusiya Ermənistan və Türkiyə ilə əməkdaşlıq layihələrinin, ilk növbədə də elektrik enerjisi və nəqliyyat, rabitə sahəsində layihələrin gerçəkləşməsinə öz dəstəyini göstərməyə hazırdır.

XS
SM
MD
LG