Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:30

Zahid İsmayılovun başına gəlməyən qalmadı


Zahid İsmayılov
Zahid İsmayılov
Naxçıvanda sosial problemlərə etiraz edərək mandatını geri qaytaran deputat Zahid İsmayılovun başına gəlməyən qalmadı. Əkininə verilən su kəsildi, taxılını biçmək üçün kombayn verilmədi. İndi də onu iş yerində insanları qumar oynamağa təhrik etməkdə günahlandırırlar.

Hətta özünün deməsinə görə, dindirilmədiyi halda «günahları»nı etiraf etdiyini bəyan edirlər. Üstəlik artıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılmaq təhlükəsi ilə də qarşı-qarşıyadır.

Naxçıvan MR DİN-nin məlumatda bildirilir ki, «qanuna zidd əməllərini etiraf edən Zahid İsmayılov Babək rayon Cəhri kəndində mal-qara tövləsindən yeməkxana kimi istifadə edib, orda vətəndaşları qumar oyununa sövq edir. Hətta o, vəzifəsindən sui-istifadə edərək sədri olduğu Cəhri bələdiyyəsinin inzibati binasında da dəfələrlə qumar oynadığını etiraf edib».

Z.İsmayılov Naxçıvan MR DİN-nin yaydığı məlumatdakı faktların yanlış olduğunu bildirir. O deyir ki, indiyədək heç bir orqan tərəfindən dindirilməyib və heç nəyi də etiraf etməyib. Məhz məmur özbaşınalığı haqda AzadlıqRadiosuna verdiyi müsahibədən sonra onu qumar oynamaqda ittiham ediblər:

«Bələdiyyə kənd icra nümayəndəliyi ilə eyni binada yerləşir və həmin binada neçə illərdir ki, DİN-nin post patrul xidməti əməkdaşları 24 saat növbə çəkir. Belə olan halda bizim qumar oynamağımıza nədən şərait yaradılıb? Bu böhtandır…»

Z.İsmayılov dəfələrlə baş verən qanunsuzluqlarla bağlı MR rəhbərliyini məlumatlandırmaq istəsə də cəhdləri baş tutmayıb.

«Naxçıvanda etiraz səsini qaldıran insanların oxşar ittiham və böhtanlarla üzləşməsi tez-tez baş verir. Adi sosial haqlarını belə tələb edənlər ya həbs edilir, ya da ruhi xəstəliklər dispanserinə salınır». Bu sözləri isə bizimlə söhbətində «Ümid» partiyasının MR təmsilçisi Faiq Əliyev bildirdi. Faiq Əliyev deyir ki, MR-da kimsə başına nə gələcəyindən sığortalanmayıb. İstər adi vətəndaş, istər siyasətçi, istər mətbuat nümayəndəsi, istərsə də deputat. Partiya funksioneri Naxçıvanı hətta sınaq laboratoriyasına da bənzətdi: «İstənilən neqativ əməl burada sınaqdan keçirilərək Azərbaycanın digər regionlarında tətbiq edilir…»
XS
SM
MD
LG