Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

«Qarabağ»a «heç-heç»ə də bəsdi


İyulun 30-da Finlandiyada yerli «Honka» komandası ilə Azərbaycanın «Qarabağ» futbol klubu qarşılaşır. «Qarabağ» komandasının yaradıcılarından olan Elbrus Abbasov deyir ki, komandanın oyunu udmaq şansı var. Ən azı ona görə ki, «Qarabağ» «Honka»dan daha güclü komandalara qalib gəlib. Bununla yanaşı, komandanın Finlandiya komandası ilə oyun təcrübəsi də var.

FİNLANDİYA TƏCRÜBƏSİ

«1997-ci ildə biz Finlandiyanın «Müpa» komandası ilə oynamışıq. Oyunun əsas vaxtı 0:1 bizim xeyrimizə idi. Əlavə vaxtın son saniyələrində «Müpa» oyundankənar vəziyyətdə bizim qapımızdan bir top keçirdi. Etirazlarımıza baxmayaraq hakim qolu hesaba aldı. Ümid edirəm ki, bugünkü oyunun hakimləri ədalətli olacaq. «Qarabağ» güclü komandadır. Finlandiya komandaları yetərincə güclü deyillər. Finlandiya komandası «Qarabağ»ın bir neçə gün öncə Bakıda qalib gəldiyi İsveçin «Rozenboq» komandasından ən azı üç dəfə zəifdir.

Elbrus Abbasov «Qarabağ»ın oyunu qazanacağına çox ümid etdiyini deyir və komandaya uğur arzulayır.

PROQNOZUN DÜŞƏR-DÜŞMƏZİ

Azərbaycan futbolunun veteranlarından olan Füzuli Cavadov oyunla bağlı proqnoz verməyin tərəfdarı deyil. Deyir ki, proqnoz vermək çətindir, həm də bunun düşər-düşməzi olar. «Qarabağ» komandasının imkanlarını yüksək qiymətləndirən keçmiş futbolçu göstəricilərinə görə «Honka»nın da ciddi rəqib olduğunu düşünür:

«Təbii, ən yaxşı nəticə o olardı ki, biz uduzmayaq. Heç-heçə də pis nəticə olmaz. Əslində «Honka» Avropada o qədər də tanınan komanda deyil. Ancaq Finlandiya kuboku uğrunda yarışlarda 7 turdur bir dəfə də uduzmadığını və ən çox qol vuran komanda olduğunu da unutmamalıyıq».

Fizuli Cavadovun sözlərinə görə, «Qarabağ» komandasının Avropa komandaları ilə oyun təcrübələri var. Yalnız bir neçə nəfər gənc futbolçu var ki, onların beynəlxalq görüşlərdə təcrübəsi nisbətən azdır. Bununla belə, o, «Qarabağ»ın bütün oyunçularını yetərincə istedadlı sayır.

«QARABAĞ»IN NÖVBƏTİ MƏRHƏLƏYƏ ÇIXMAQ ŞANSI

«Neftçi» komandasının keçmiş oyunçularından Səməd Qurbanov isə deyir ki, bütün oyunçulardan ən parlaq oyunun gözləyir:

«Mən «Qarabağ» komandasına uğur arzulayıram. Bilirəm ki, ən azı «heç-heçə»miz olacaq. Belə olsa biz növbəti mərhələyə çıxacağıq. Bugünkü oyunun ulduzu isə komandanın baş məşqçisi Qurban Qurbanov olacaq. Qurban çox bacarıqlı məşqçidir. Onun komandanı oyuna çox ciddi hazırladığına inanıram».

«Qarabağ» komandası gələn həftə «Honka» ilə Bakıda cavab görüşü keçirəcək. 2 oyunun nəticələrinə görə, qalib gələn komanda Avropa liqasının playoff mərhələsində oynamaq şansı qazanacaq.
XS
SM
MD
LG