Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Dövlət qurumlarından informasiya almaq niyə çətindir?


Ekspertlər məlumat əldə edilməsinin çətinliyini jurnalistlərə hörmətsizlik kimi qiymətləndirirlər
Ekspertlər məlumat əldə edilməsinin çətinliyini jurnalistlərə hörmətsizlik kimi qiymətləndirirlər

Son vaxtlar dövlət qurumlarından, nazirliklərdən, idarələrdən informasiya əldə etmək xeyli çətinləşib. «Azəri Press» Agentliyinin baş redaktoru Vüsalə Mahirqızı bir həftə əvvəl bu məsələ ilə bağlı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Xanım Mahirqızının dediyinə görə, müraciətinə münasibət bildirilib, qeyd etdiyi yeddi nazirliyin bir neçəsi ilə bağlı problem həll olunub, qalanları isə, əvvəl necə işləyirdisə, yenə də olduğu kimi qalıb.


«Azadlıq» qəzetinin redaktoru Sücəddin Şərifov isə, bildirir ki, bir neçə nazirliyi çıxmaq şərtilə, digər dövlət qurumlarının heç birindən normal informasiya ala bilmirlər. Bəlkə də elə buna görədir ki, hazırda qəzet dəqiqləşdirə bilmədiyi informasiyaları dərc etdiyinə görə, bir neçə dəfə məhkəmə prosesilə üzləşib.


Ancaq Lider TV-nin Xəbərlər Redaksiyasının rəhbəri Vəli Əkbər deyir ki, onlar bu problemləri daha çox fərdi əməkdaşlıq münasibətləri qurmaqla aradan qaldırırlar və bu baxımdan da hər hansı məlumat lazım olanda istənilən nazirlikdən götürmək olur. Heç digər televiziyaların da məlumat almaqda elə çətinliklə üzləşmədiyi bildirilir.


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, əgər bu hallar son vaxtlar güclənibsə, onda bu daha çox yuxarıdan verilən tapşırığa oxşayır. Televiziyalara daha çox məlumat verilməsinə gəlincə, cənab Hacılı hesab edir ki, bu, onların hakimiyyətin nəzarətində olmasıyla bağlıdır. Yəni nazirliklər həmin elektron mətbuat orqanlarına məlumat verməməkdən ehtiyat edirlər, başqa bir tərəfdən həm də hesab edirlər ki, digər KİV-lərə nisbətən televiziyaların auditoriyası daha böyükdür.


Media üzrə ekspert Zeynal Məmmədli hesab edir ki, əgər «rəsmi müraciət edin» və ya «həmin müraciəti faksla deyil, birbaşa nazirliyə təqdim edin» kimi tələblər alternativsizdirsə və cavabın verilmə müddətini uzadmaqdırsa, onda bu jurnalistlərə sayğısız münasibətdən başqa bir şey deyil.


Bəs, jurnalistlər bununla bağlı özləri hansısa formada mübarizə aparırlarmı?


İndiyə qədər hansısa mətbu orqan və ya jurnalistin informasiya ala bilmədiyinə görə, dövlət qurumunu məhkəməyə verməsi halına rast gəlinməyib. Gündəlik qəzetlərdən biri vaxtilə belə bir addım atıb, amma məhkəmə prosesi olmadan iddiasından geri çəkilib. «Yeni Müsavat» qəzetinin əməkdaşı Dünya Sakitin dediyinə görə, o da bir neçə dəfə məhkəməyə müraciət etmək istəyib, amma sonradan bunun nəticəsiz bir iş olduğunu, müxalif yönlü qəzetin iddiasının təmin ediləcəyinə inanmadığını düşünüb və fikrindən daşınıb. Son vaxtlar məlumat almaq üçün nazirliklərin rəsmi müraciət tələbinin gücləndiyini deyən xanım Sakitin sözlərinə görə, iyulun 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlı sosial yardımlar üçün nə qədər ərizə verildiyini öyrənməyə dair müraciətinə dörd gün sonra cavab verilib. Həmin informasiya gecikmiş olduğu üçün qəzetdə dərc edilməyib. Bundan başqa, vaxtilə Xəzər dənizində gəmi batanda da Dəniz Gəmiçiliyi İdarəsindən çox çalışsa da, bu məlumatı dəqiqləşdirə bilməyib.


Problemin həllilə bağlı müxtəlif təkliflər səsləndirilir. Məsələn, media məsələləri üzrə ekspert Zeynal Məmmədli hesab edir ki, bunu aradan qaldırmaq üçün bütün redaktorların, jurnalist birliklərinin nazirliklərin mətbuat xidmətlər ilə tez-tez görüşməsi vacibdir. Onun fikrincə, bu görüşlər mütəmadi xarakter alsa problemlər birinci, beşinci görüşdə olmasa da, onuncu, on beşinci görüşlərdə ola bilsin ki, öz həlini tapsın. Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə, hesab edir ki, həmin problemi elə jurnalistlər özləri tez-tez qaldırsa, bu, daha yaxşı nəticə verər.


XS
SM
MD
LG