Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Təkrar bələdiyyə seçkilərinə maraq niyə azdır?


Prezident və parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərinə maraq zəifdir
Prezident və parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərinə maraq zəifdir

Oktyabrın 6-da 604 bələdiyyəyə üzrə 1442 yerə yeni seçkilər keçiriləcək. 141 bələdiyyənin nəticələri ləğv olunduğundan seçkilər təkrar keçiriləcək, qalanları isə yeni yaradılıb.


Bələdiyyə seçkilərinə bir neçə ay qalsa da, müşahidəçilər elə indidən bu seçkilərə cəmiyyətdə marağın az olduğunu düşünürlər. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, indiyədək 443 nəfər imza vərəqəsi götürüb, 24 nəfər isə namizəd kimi qeydiyyatdan keçib. Amma qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, seçki öncəsi həmişə passivlik müşahidə olunur. Seçkiyə az qalmış namizədlərin sayı da artır, cəmiyyətin seçkiyə marağı da.


Amma ekspertlər hesab edirlər ki, ümumiyyətlə, Azərbaycanda bələdiyyə seçkilərinə maraq həmişə az olub. İqtisadi Tədqiqatlar Mərkəzinin bələdiyyə departamentinin rəhbəri Rövşən Ağayev bildirir ki, ötən seçkilərdə seçici fəallığı ən yaxşı halda 15-20 faizdən çox olmayıb.


Rəyinin soruşduğumuz Bakı sakinlərinin də bələdiyyə seçkilərinə marağı heç də yüksək səviyyədə deyil.


Siyasilərsə qızğın şəkildə olmasa da, bələdiyyə seçkiləri haqda müzakirələrə başlayıblar. Artıq iqtidarlı-müxalifətli bir neçə partiya seçkiyə qatılmaq qərarı versə də, bəziləri hələ də götür-qoy edir, bəzilərisə daha radikal addım atıb – seçkini boykot edib.


Hakim Yeni Azərbaycan Partiyası, həmçinin Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Milli İstiqlal, Milli Konqres partiyalarının namizədləri artıq imza vərəqi üçün dairə seçki komissiyalarına müraciət ediblər. Xalq Cəbhəsi, Demokrat, Vətəndaş və İnkişaf partiyalarının yaratdığı «Azadlıq» bloku isə boykot taktikasına üstünlük verib. «Azadlıq» boykot qərarını seçkilərin demokratik keçiriləcəyinə inamsızlığı ilə bağlayır. Bloka daxil olan AXCP-nin mətbuat xidmətinin rəhbəri İshaq Əvəzoğlu: «Seçki komissiyalarının paritet əsasda formalaşdırılmaması, seçki mühitinin yaxşılaşdırılmaması bu seçkinin də demokratik keçirilməyəcəyini deməyə əsas verir. Ona görə də «Azadlıq» bloku seçkidə iştirak etməyəcək».


Müsavat Partiyası isə bu haqda qərarını şənbə günü, iyulun 8-də partiya məclisin toplantısında verməlidir. Amma bu partiyada da bələdiyyə seçkilərinin boykot edilməsi haqda fikirlər səslənməkdədir.


Marağın zəifləməsinə səbəb nədir? Oktyabrda keçiriləcək bələdiyyə seçkiləri təkrar seçkilərdir və təcrübə boş qalmış dairələrə keçirilən seçkilərin həmişə zəif olduğunu göstərir. Ekspertlərə görə, bələdiyyə seçkilərini parlament və ya prezident seçkiləriylə müqayisə etmək olmaz. Milli Məclis və ya prezident daha böyük səlahiyyətlərə malikdir və ölkənin taleyində həlledici rol oynaya bilir. Bələdiyyələrsə hələ də yerli özünüidarəetmə orqanı kimi özünü təsdiqləyə bilməyib. Rövşən Ağayev hesab edir ki, bələdiyyələr icra qurumlarının əlavəsinə çevrilib. Həmin fikri bölüşən Əvəz İsaqoğlusa deyir ki, bu üzdən də ötən seçkini də boykot ediblər və bələdiyyələrin statusunu müəyyənləşdirmək üçün qanun layihəsi hazırlayıb parlamentə təqdim ediblər.


Amma deyəsən, boykot da çıxış yolu deyil. Ötən bələdiyyə seçkilərini boykot etdiklərini deyən AMİP sədri Ayaz Rüstəmov bu seçimin acı nəticələri ilə rastlaşdıqlarını bildirir. Onun sözlərinə görə, seçkilərdə iştirak rayon təşkilatlarının fəallığını artırır, sıravi üzvləri stimullaşdırır, onlar az da olsa işlə təmin olunur, ölkə miqyasında olmasa da, kənd və ya qəsəbə səviyyəsində cüzi dəyişikliklərə nail ola bilirlər.


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının bələdiyyə üzrə eksperti Vüqar Tofiqli hesab edir ki, üç aydan sonra keçiriləcək seçkilərə marağı artırmaq üçün həm hökumətin, həm də qeyri-hökumət təşkilatlarının görə biləcəkləri iş az deyil. Hərçənd ekspert bunun çıxış yolu olmadığını, yəni böyük nəticələr vəd etmədiyini düşünür. Ona görə də digər ekspertlər kimi cənab Tofiqli də hesab edir ki, dövlətin bələdiyyələrlə bağlı siyasətinə yenidən baxmasına ehtiyac var. Hər şeydən öncəsə bələdiyyənin real yerli özünü idarəetmə orqanına çevrilməsi, qanundakı boşluqların aradan qaldırılması üçün dövlət proqramı hazırlanmalıdır. «İcra qurumları ilə bələdiyyələr arasındakı səlahiyyət bölgüsü dəqiqləşdirilməli, müdaxilələrin qarşısı alınmalıdır. Bunlar yerinə yetirilsə bələdiyyə seçkilərinə etibar arta bilər».


Ekspert Rövşən Ağayevsə bununla yanaşı seçki islahatları aparılmasını, xüsusən də seçki komissiyalarının yenidən formalaşdırılmasını zəruri hesab edir.
XS
SM
MD
LG