Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:22

Ekspertlər inflyasiyanın 10 faizlik həddi keçə biləcəyini deyirlər


Dünyada da dolların alıcılıq qabiliyyəti son on ildə xeyli düşüb
Dünyada da dolların alıcılıq qabiliyyəti son on ildə xeyli düşüb

Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimov deyir ki, hökumət ciddi tədbirlər görməsə, ilin sonuna qədər inflyasiya yol verilən həddi keçəcək


Dolların məzənnəsində eniş getdikcə artır. Milli Bankın sədri bir müddət əvvəl bildirirdi ki, hələlik ilin ikinci yarısına inflyasiya proqnozları hazır deyil və daha gərgin vəziyyət gözləyirlər. İndi inflyasiyanın qarşısının alınması üçün görülə biləcək tədbirlər sırasında ölkədən çıxarılan xarici valyutanın məbləğinin artırılması barədə də fikirlər səslənir.


Manatın möhkəmlənməsi ilin əvvəlindən Azərbaycanın neft ixracını artırması və bunun nəticəsində ölkəyə böyük məbləğdə neft dollarlarının gəlməsiylə izah olunur. Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan neft kəməri də işə düşdü və ilin sonuna qədər Azərbaycana gələn neft dollarlarının həcmi daha da artacaq. Bu da yerli iqtisadiyyata böyük ziyan vura bilər. Çünki manat möhkəmlənəndə ölkədəki müəssisələrin istehsal etdiyi məhsul da baha başa gəlir. Onda sahibkara məsələn, ayaqqabını Bakıda istehsal etməkdənsə, burdan ucuz dollar aparıb xaricdən həmin pula ayaqqabı alaraq Azərbaycana gətirmək daha sərfəli olur. Belə olanda isə ölkədə yeni fabrik-zavod açılmır, yeni iş yerləri yaradılmır və iqtisadiyyat tükənən sərvət olan neft amilindən asılı vəziyyətə düşür.


Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimov deyir ki, indiyəcən hökumət manatın möhkəmlənməsinin qarşısını almaq üçün dövriyyəyə əlavə pul buraxırdı, amma bunun effekti də artıq istənilən səviyyədə deyil: «Məsələn, pensiyaların artırılacağı elan edilir, amma bazardakı inhisarçılar dərhal qiymətləri qaldırırlar, beləliklə də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq cəhdləri səmərə vermir».


Cənab Məsimov deyir ki, hökumət ciddi tədbirlər görməsə, ilin sonuna qədər inflyasiya yol verilən həddi keçəcək və 10 faizdən yuxarı olacaq.


Amma İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İqtisadi İslahatlar Mərkəzinin nümayəndəsi Vaqif Rüstəmov bildirir ki, manatın möhkəmlənməsi, dolların isə ucuzlaşması təkcə Azərbaycan iqtisadiyyatında gedən proseslərlə bağlı deyil: «Dünyada da dolların alıcılıq qabiliyyəti son on ildə xeyli düşüb».


Cənab Rüstəmov deyir ki, inflyasiya ölkənin inkişafına, əhalinin sosial vəziyyətinə mənfi təsir edəcək səviyyədə deyil. Hökumət neft gəlirlərinin uzunmüddətli strategiyasını hazırlayıb. Neft dollarlarının bir hissəsi xaricdə saxlanır, böyük bir hissəsi isə Azərbaycanda müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir. Onun fikrincə, bu baxımdan neft dollarlarının manatın həddən artıq möhkəmlənməsinə səbəb olacağını proqnozlaşdırmır.


Hökumət manatın möhkəmlənməsinə qarşı görülə bilən tədbirlərdən biri kimi xaricə valyuta çıxarılması qaydalarının sadələşdirilməsini də nəzərdən keçirir. İndiki qaydalara görə, ölkədən kənara 1000 dolları rüsumsuz, 1000 dollardan 10000 dollaracan isə rüsum ödəməklə çıxarmaq olar.


«Ekspert» jurnalının baş redaktoru Qubad İbadoğlu deyir ki, qaydaların sadələşdirilməsi müsbət addım sayıla bilər, bu yaxında digər neft ölkəsi Rusiya da belə bir addım atıb. Amma onun fikrincə, bu məsələ yalnız çirkli pulların xaricə çıxarılması təhlükəsinin əvvəlcədən önlənməsi halında məqbul sayıla bilər: «Bizdə gəlirlərin bəyannaməsi yoxdur, ona görə də buna nəzarət etmək çox çətin ola bilər. Bu, ölkədə gizli iqtisadiyyatda qazanılan pulların xaricdə yuyulması ilə nəticələnə bilər».


Cənab İbadoğlu onu da deyir ki, manatın möhkəmlənməsinə qarşı tədbirlər ancaq kompleks şəkildə səmərə verə bilər. Onun fikrincə, hökumət Azərbaycanda «holland sindromu»nun ilkin əlamətlərinin artıq özünü büruzə verdiyini etiraf etməli və ölkə iqtisadiyyatının neft sektorundan asılı vəziyyətə düşməsinin qarşısını almaq üçün ayrıca tədbirlər planı hazırlamalıdır.


XS
SM
MD
LG