Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Maliyyə böhranı: Al pulunu, təki burdan get


Son 6 ayda 4 min xarici bu pulu alıb, İspaniyadan gedib
Son 6 ayda 4 min xarici bu pulu alıb, İspaniyadan gedib
Çexiyada mühacir olan hazırda yaxşı pul qazana bilər. Çexiya hökumətinə söz verməlisən ki, bir də bu ölkəyə işləməyə gəlməyəcəksən. Onda Çexiya sənə və həyat yoldaşına hərəyə 500 avro verir, hər uşağına da 250 avro. Bir də sizin ailəliklə öz ölkənizə qayıtmağınızın bilet pulunu.

Fevral ayından başlanan bu proqramla Çexiya artıq 1345 mühaciri öz evinə göndərib. Bunların 66 faizi Monqolustandan olanlardır. Monqolustanda aylıq maaşın 145 avro miqdarında olduğunu nəzərə alanda, bir ailəyə 1500 avro müavinət, onların fikrincə, pis deyil.

Ancaq indiki qlobal maliyyə böhranında Çexiyada mühacir olmaqdansa, İspaniyada mühacir olmaq daha sərfəlidir. Keçən noyabrdan İspaniya hökuməti hər mühacirə orta hesabla 14 min avro təklif edir. 6 aylıq işsizlik müavinəti olan bu pulu almağın əvəzində öhdəlik götürmək lazımdır ki, 3 il ayağın İspaniyaya dəyməyəcək.

Son 6 ayda 4 min xarici bu pulu alıb, İspaniyadan gedib. Hökumətin planı 100 min mühaciri bu yolla öz ölkəsinə qaytarmaqdır.

Yaponiyada xeyli adam var ki, Latın Amerikasından gəliblər, ancaq əsilləri yapondur. Onların Yaponiyada xeyli güzəştləri var. İndi Yaponiya bu adamlara adambaşına 4 min dollar verir ki, öz ölkələrinə qayıtsınlar. İndiyə kimi bu pula 360 adam razılaşıb.

Nağd pul müqabilində xariciləri öz evlərinə qaytarmaq ideyası 1977-ci ildə Fransadan başlayır. O vaxt Fransa bu yolla minlərlə insanı öz evinə qaytardı.

Ancaq bu işdə Norveç, deyəsən, dünya lideri olacaq. Qanuni yolla bura gələ bilən adama, yəni ərizə verənə Norveç yerindəcə pul vermək istəyir ki, bu ölkəyə gəlmək fikrindən vaz keçsin.

İnkişaf etmiş ölkələr mühacirləri niyə evlərinə göndərir? Çünki böhrandır, işsizlik artır. Çexiyada məsələn, 2007-ci ildə yaradılmış yeni iş yerlərinin 40 faizini xaricilər tutmuşdu.

İndi hökumətlər azalan iş yerlərini boşaltmağa çalışırlar ki, o iş yerlərini öz vətəndaşları tutsun.
XS
SM
MD
LG