Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Bakı sakinlərinin cəmi 10-15 faizinin kitab oxuduğu bildirilir


Mayın 25-də Bakıda kitab bayramı keçirilib
Mayın 25-də Bakıda kitab bayramı keçirilib

«Kitab Klubu»nun araşdırmasına görə, Azərbaycanda kitab satışı zəif inkişaf edir, ixtisaslaşmış mağazaların açılması üçün vəsait çatışmır


«Kitab Klubu» cəmiyyəti Bakıda oxucular arasında keçirdiyi sorğudan sonra belə qənaətə gəlib ki, paytaxtda kitab oxuyanlar əhalinin cəmi 10 faizini təşkil edir. «Son bir neçə ildə kitab oxumusunuzmu» sualına mənfi cavab verənlər arasında isə tələbə və müəllimlər çoxluq təşkil edib.


Oxucu Məmmədağa Orucəliyev isə oxucuların azalmasını informasiya mənbələrinin çoxluğu ilə izah edir. «İndi gənclər daha çox İnternet, televiziya qarşısında oturur, informasiyanı oradan alırlar. Ancaq get-gedə kitaba qayıdış da var. Nikbinəm, gələcəkdə dünya miqyasına çıxa biləcək kitablarımız olmasını arzulayıram».


Mayın 25-də Bakıda keçirilən kitab bayramı günündə isə əhval-ruhiyyə başqaydı. Oxucular çox idi. Nəşriyyatlar son illər çap etdikləri kitabları sərgiyə çıxarmışdı, müəlliflər oxucularla ünsiyyətdəydi, bir-birinin təkliflərini, iradlarını eşidirdilər.


Sərginin təşkilatçısı, Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydınxan Əbilov bildirir ki, onlar da oxucular arasında sorğu keçiriblər. Əhalinin 10-15 faizinin kitab oxuduğunu müəyyənləşdiriblər. Yazıçı bu göstəricini normal sayır. «Kitab bayramlarına, sərgilərinə böyük ehtiyac var. Bununla oxucular əvvəlki kimi mütaliəyə qayıdarlar. Oxucuların sayının azalmasının bir səbəbi isə kitabların azlığı və bahalığı ilə bağlıdır».


Yazıçı –jurnalist Məqsəd Nursa hesab edir ki, əslində oxucu az deyil. «Ədəbiyyat və kitab sənayesi ətrafında olan infrastruktur dağılıb. Nəşriyyat və poliqrafiya normal işləmir, ədəbi mükafatlar yoxdur, çəkişmələr isə yetərincədir. Hesab etmirəm ki, oxucu yoxdur. Oxucu - yazıçı haqqında məlumat almaq istəyir, bu məlumatı isə ala bilmir. Ona görə belə bir vəziyyət yaranıb».


Fikirlərini bildirən oxucular isə deyirlər ki, kitab alanda oxucu əvvəlcə mövzuya baxır, sonra qiymətə. Ədəbiyyatçı Tehran Əlişanoğlu da hesab edir ki, oxucuların kitablara yaxınlaşması üçün sərgi və yarmarkaların keçirilməsi vacibdir.


«Kitab mağazaları genişlənməlidir, oxucu bilməlidir ki, həmin mağazada istədiyi kitabı ala biləcək».


Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə hesab edir ki, oxucunun kitaba qayıdışı ilə bağlı əvvəlki illərlə müqayisədə irəliləyiş var. «Mənə elə gəlir ki, oxucuların sayı artır. Düzdür, bizdə kitab mağazaları yoxdu, ən böyük problem də budur. Ancaq nazirlik kitab sənayesinin inkişafı üçün addımlar fikirləşir».


Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, son bir ildə Azərbaycanda 3-4 min adda çap məhsulları nəşr olunub, Şamaxı və Goranboyda isə elektron kitabxanalar yaradılıb. Nazirlik yaxın dövr üçün kitabxanaların inkişafına dair konsepsiya da hazırlayır.


«Kitab Klubu» cəmiyyətinin araşdırmasından belə məlum olub ki, Azərbaycanda kitab marketinqi - satışı zəif inkişaf edir, kitab almaq, ixtisaslaşmış mağazaların açılması üçün vəsait çatışmır, kitab reklamının səviyyəsi aşağıdır.


XS
SM
MD
LG