Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Azərbaycanda müəllif hüquqlarını iki rəsmi idarə, 20-yə yaxın sənəd qoruyur


Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Agentliyi, rəsmi sayt
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, rəsmi sayt

Amma Müəllif Hüquqları Agentliyi kitab bazarının 40, audio-video bazarının isə 80 faizdən çoxunun pirat məhsullar olduğunu bildirir


Azərbaycanda əqli mülkiyyət hüququnu qorumaq üçün iki dövlət qurumu var. Biri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, digəri isə Müəllif Hüquqları Agentliyi. Əqli mülkiyyət hüquqları özü çox müxtəlif və geniş anlayışdır. Bu siyahıya elm, ədəbiyyat, incəsənət nümunələri, elektron proqram təminatı, ifalar, televiziya və radio verilişləri, kinolar, ixtiralar, sənaye mülkiyyəti formaları və s. aid etmək olar. Azərbaycanda əqli mülkiyyətin "sənaye formaları"nı Patent Agentliyi qoruyur, humanitar deyə biləcəyimiz qalan müəlliflik hüquqlarını isə Müəllif Hüquqları Agentliyi.


Bu hüquqların qorunması üçün yetərincə qanunlar da var. "Patent haqqında", "Əmtəə nişanları haqqında", "Müəlliflik və əlaqəli hüquqlar haqqında" qanunlar da daxil olmaqla 20-yə yaxın hüquqi-normativ sənədlər var. Üstəlik, Azərbaycan əqli mülkiyyət hüququyla bağlı demək olar ki, bütün konvensiyalara da qoşulub. Hətta Qərb ekspertləri Azərbaycanda bu sahədəki qanunvericilik və mexanizmləri MDB və bəzi Avropa ölkələrindən də yüksək qiymətləndirirlər. Amma bununla yanaşı, Azərbaycanda əqli mülkiyyət hüquqlarının pozulması addımbaşı baş verir. Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, Azərbaycanda müəlliflik hüquqları əsasən iki cür pozulur - qanunsuz istifadə və plagiat – özününküləşdirmə


Brendlər, əmtəə nişanlarından qanunsuz istifadə, başqa malların saxtalaşdırmasıyla mübarizə aparan Standartlaşdırma və Patent Agentliyinin rəsmiləri bildirirlər ki, davamlı olaraq monitorinqlər aparılır və istər saxtalaşdıranlar, istərsə də saxta malları satanlar cəzalandırılır. Düzdür, bu barədə statistik rəqəmlər verilmir.


Plagiat və qanunsuz istifadə – piratçılıqla bağlı misallar üçün uzağa getmək lazım deyil. Məsələn, kompüter proqramları istehsal edən "Microsoft"un araşdırmalarına görə, Azərbaycandakı kompüterlərin 95 faizə qədərinə lisenziyasız – pirat "Windows" proqramları quraşdırılıb. Hollivudda çəkilən bir filmin hələ Amerika və Avropada təqdimatı olmaya-olmaya, artıq Bakı mağazalarında 5 dollara açıq satılır.


Son 3 ildə rəsmi rəqəmlərə görə, 8 minə yaxın müəllif əqli mülkiyyət hüquqlarından istifadəyə görə Müəllif Hüquqları Agentliyinə üz tutub və agentlik vasitəsilə təxminən 60 min dollara yaxın qonorar alıb. Bu hüququ pozmaqda davam edənlərə qarşı isə 100-ə qədər məhkəmə iddiası qaldırılıb. Amma rəsmi rəqəmlərə görə, Azərbaycanın kitab bazarının 40, audio-video-cd bazarının isə 80%-dən çoxu pirat məhsullarıyla dolub. Və ən önəmlisi, əvvəlki illərdə pirat məhsullar əsasən xaricdən – Rusiyadan gətirilirdisə, indi yerli pirat məhsullarının da sayı artmağa başlayıb .
XS
SM
MD
LG