Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

«Windows» azərbaycancaya tərcümə olunur


"Microsoft" şirkəti "Windows" əməliyyat sisteminin Azərbaycan versiyasının hazırlanmasına başlayıb. "Windows"dakı terminlərin və sözlərin Azərbaycan dilinə daha dəqiq və əhatəli tərcüməsini istəyənlər də bu prosesdə iştirak edə bilərlər

Aprelin 7-də mətbuat konfransı keçirən "Microsoft"un Azərbaycan nümayəndəliyinin direktoru Vladimir Çaykovskinin sözlərinə görə, tərcümə prosesinə qoşulmaq istəyənlər members.microsoft.com saytında qeydiyyatdan keçib, həm işin gedişatıyla tanış ola, həm də öz tərcümə variantlarını təklif edə bilərlər. Vladimir Çaykovski onu da əlavə etdi ki, hətta "Windows"un lisenziyasız-pirat versiyalarından istifadə edənlər də çəkinmədən tərcümə üçün qeydiyyatdan keçə bilərlər: "Bu prinsipial məsələ olmadığından, lisenziyasız istifadəçilər də həmin saytda qeydiyyatdan keçə biləcək. Çünki biz hamının bu prosesdə iştirakına şərait yaratmaq istəyirik. Amma ümid edirik ki, gələcəkdə həmin istifadəçilər də lisenziyalı versiyalara keçəcəklər".

"Windows" sisteminin Azərbaycan dilinə tərcüməsində Prezident Aparatının İnformasiya Resursları və Texnologiyaları Şöbəsinin müdiri Elmir Vəlizadə və "AZEL" şirkəti də iştirak edir. Tərcümə variantlarında son sözü də layihənin moderatoru olan Prezident Aparatının rəsmisi deyəcək.


Azərbaycan dilində versiyanın 2006-cı ilin son rübündə hazır olması və həm disk şəklində, həm "Microsoft"un saytında pulsuz yerləşdirilməsi nəzərdə tutulub. "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri bildirdi ki, hazır versiyanı pulsuz olaraq lisenziyalı "Windows"u olanlar yükləyə biləcək.


"Microsoft"un hesablamalarına görə, Azərbaycanda istifadəçilərin 95 faizinə qədəri lisenziyasız proqramlardan istifadə edir. Şirkət əsas təminat proqramlarını yerli dilə çevirməklə Azərbaycan vətəndaşlarını lisenziyalı məhsullar almağa inandıracağına ümid edir. Azərbaycan bazarında lisenziyalı "Windows XP"nin qiyməti versiyasından asılı olaraq 100-170 dollardır. Amma mağazalarda eyni proqramların lisenziyasız – pirat versiyaları 15-20 min köhnə manata satılır.


XS
SM
MD
LG