Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Dubayda qətlə yetirilən şəxs çeçen komandiri Sulim Yamadayevdir


Sulim Yamadayev
Sulim Yamadayev
Keçən həftə sonu Dubayda qətlə yetirilən şəxsin çeçenistanlı hərbi komandir Sulim Yamadayev olduğu deyilir.

Rusiyanın Dubaydakı konsulu Sergey Krasnoqor deyir ki, Yamadayevin qohumları öldürülən şəxsin məhz o olduğunu təsdiq eiblər. O, Çeçenistan prezidenti Ramzan Kadırovun əsas düşmənlərindən hesab olunurdu.

Birləşmiş Ərəb Əmirlikləri və Rusiya mətbuatının verdiyi xəbərlərə görə, Yamadayev martın 28-i şəhərin körfəzə yaxın hissəsində yaşadığı binanın yanında yaxın məsafədən açılan atəşdən ölüb.

Yamadayev Dubay xəstəxanasında aldığı yaralardan ölüb. Dubayın yerli media oqranlarının verdiyi məlumata görə, həm o, həm də onun təhlükəsizliyini qoruyanlar qətli törədənə cavab atəşi açıblar və qətldə şübhəli bilinən bir nəfər artıq həbs olunub.

Rusiyanın elit Vostok batalyonunun komandiri 36 yaşlı Yamadayev keçən ilin avqustunda bu vəzifədən kənarlaşdırılıb. Ehtimal olunur ki, buna Çeçenistan prezidenti Ramzan Kadırovla olan münasibətinin pisləşməsi səbəb olub.

Bundan bir ay sonra onun böyük qardaşı - Vahid Rusiya Partiyasının Dumadakı keçmiş deputatl Ruslan Yamadayev Moskvada qətlə yetirilib. Bundan az sonra isə Sulim Yamadayev Rusiyanı tərk edib. Onun digər qardaşı hərbi komandir olan Cabrayil Yamadayev isə hələ 2003-cü ildə Çeçenistanda Vedenoda aparılan əməliyyatlarda həlak olmuşdu. Yamadayev qardaşlarının hər üçü Rusiya qəhrəmanı medalına layiq görülüblər.

Özünü «Çeçenistanın mühacirətdəki hökümətinin rəhbəri» kimi təqdim edən, Böyük Britaniyada sığınacaq tapmış çeçen mücahidlərinin emissarı Əhməd Zakayev deyir ki, Yamadayev qardaşları xeyli sayda çirkin cinayətlər törədiblər və bir xeyli səhv addımlar atıblar. Onun sözlərinə görə, bunun üçün də Sulim Yamadayevin ölümü onun üçün təəccüblü xəbər olmayıb:

«Onların nə deməsindən asılı olmayaraq o vaxt başlayan və hələ indi də davam edən müharibə çox zalım müharibədir. Məncə, Yamadayevin ölümü elə də qeyri-adi məsələ deyil. İnsanlar belə şeylərə hazır olmalıdırlar. Bu, əvvəllər də olub, bundan sonra da olacaq. Baxmayaraq ki, onlar böyük canfəşanlıqla çeçenlərin bir-birilərini öldürdüklərini sübut etməyə çalışırlar, bu qətllərin arxasında Rusiya təhlükəsizlik qüvvələrinin durduğunu gizlətmək mümkün deyil. Ona görə də bu qətllər heç də bütün çeçenlərin imicinə təsir göstərmir».

«Vremya novostey» qəzetinin icmalçısı və Qafqaz üzrə eksperti İvan Suxovun dediyinə görə, Yamadayev ailəsinin Çeçenistan prezidenti ilə üzun müddət davam edən münaqişəsi var idi və bu münaqişə siyasi hakimiyyət uğrunda rəqabətə söykənirdi. Lakin bununla belə, o bildirir ki, Yamadayev əvvələr sahə komandiri olduğundan onun düşmənlərinin çoxluğu da istisna olunmur.

İvan Suxovun dediyinə görə, əgər hansısa tədqiqat aparılarsa, yalnız bu zaman hadisənin Ramzan Kadırovla bağlı olub-olmadığı ortaya çıxacaq. Onun sözlərinə görə, heç bir sübut olmadan bu münaqişə haqqında danışmaq da düzgün deyil. Suxova görə, uzun müddətdir ki, vuruşan bir adamın düşmən qazanması aydın məsələdir.

«Azadlıq» radiosunun rus xidmətinin müxbiri Andrey Babitski deyir ki, Yamadayevə edilən hücum digər tanınmış çeçenlərə edilən hücumdan fərqli olaraq daha qeyri-peşəkar görsənir. Onun fikrincə, bu da qətlin şəxsi münaqişə zəminində törədilməsi ehtimalını artırır.

Son aylar Çeçenistan prezidenti Ramzan Kadırovun rəqibləri həm Rusiya, həm də xaricdə qətlə yetirilib. Martın 13-ü Kadırovun keçmiş cangüdəni Umar İsrailov Vyanada oldürülb. Keçən ilin dekabrında İslam Canibekov, sentyabrında isə Qazi Adilsultanov qətlə yetirilib.
XS
SM
MD
LG