Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Komissiyaların tərkibi dəyişsə belə, bu, seçkinin mahiyyətinə təsir edəcəkmi?


Mitinq – Bakı, 13 noyabr 2005
Mitinq – Bakı, 13 noyabr 2005

Bəzi ekspertlər Seçki Məcəlləsinin deyil, siyasi mədəniyyətin, seçicilərin və seçki rəsmilərinin mentalitetinin dəyişdirilməsini vacib hesab edir


Beynəlxalq müşahidə missiyaları, konkret olaraq Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Müşahidə Missiyasının fikrincə, seçkiyə iki həftə qalmış nəinki seçki komissiyalarının tərkibini, hətta seçki pozuntularına dair şikayətlərin araşdırılması qaydalarını, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu da dəyişmək olar. Ancaq dövlət rəsmiləri bunun mümkün olmadığını deyirlər.


Əvvəlcə AŞ PA missiyasının rəhbəri Leo Platvoetin arqumentini eşidək. O, deyir ki, noyabr seçkilərindən əvvəl əksər dövlət rəsmiləri, MSK sədri Məzahir Pənahov seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsinin mümkün olmamasında israr edirdilər: «Biz prezidentlə də görüşdük və onu inandırdıq ki, barmaqların mürəkkəblə işarələnməsi çox mühüm addım ola bilər. Və nə baş verdi? Biz ölkəni tərk edən kimi, belə bir sərəncam verildi və barmaqların mürəkkəblə işarələnməsi tətbiq olundu. İndi biz qətiyyətlə deyirik ki, seçki komissiyalarının tərkibini dəyişdirmək lazımdır və seçkiyə iki həftə qalmış bu mümkündür. Mən bir şeyi deyə bilərəm ki, noyabrda mürəkkəb məsələsində olduğu kimi, indi də bu baş verəcək».


Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənovsa, bunun mümkün olmadığını dedi, bildirdi ki, seçkinin keçirilməsi üçün lazım olan bütün şərtlər var, seçkini dairə seçki komissiyaları keçirir, yerlərdə də seçki komissiyalarının üzvlərinin sayından beş dəfə çox müşahidəçilər olacaq.


AŞ PA missiyasına görə, Azərbaycan hökumətinin seçkiylə bağlı tövsiyələri yerinə yetirməsi daha çox ictimaiyyətin seçkiyə inamını artırmaq üçün vacibdir. Əli Həsənovsa bu fikirlə razı deyil: «Bizim seçicilər hakimiyyətin keçirdiyi seçkilərə həmişə inanıb. Bu dəfə də belə olacaq. Seçicilərin iştirak faizi həddən artıq yüksək olacaq».


Ekspertlərsə seçkiyə iki həftədən də az qalmış seçki komissiyalarının tərkibini dəyişməyin mümkün olduğunu deyirlər, ən azı hüquqi baxımdan. Beynəlxalq Tədqiqat və Mübadilə Şurası - İREX-in hüquqşünası Ələsgər Məmmədli: «Belə bir layihə ya prezident, ya da parlament üzvləri tərəfindən Milli Məclisə təqdim olunmalıdır. Parlament qəbul edəndən sonra sənədi imzalamaq üçün prezidentə təqdim edir. Prezidentin isə bu layihəni imzalamaq üçün 14 gün vaxtı var, yəni, imzalayana qədər seçki başa çata bilər. Ancaq əlbəttə ki, prezident bu layihəni dərhal da imzalaya bilər».


Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyev də seçkiyə iki həftədən az qalmış seçki komissiyalarının tərkibinin dəyişdirilməsini mümkün sayır, ancaq bu işin səmərəsinə, komissiyaların az vaxt ərzində real etimad qazana biləcəyinə şübhəylə yanaşır. Məsələn, səbəblərdən biri siyasi partiyaların komissiyalara namizədliyini vermək üçün kifayət qədər vaxtın olmamasıdır: «Az vaxt ərzində komissiyaların tərkibinə az təcrübəli, hətta müxalifət adıyla bəzi şəxslərin düşəcəyi istisna deyil. Bunun müsbət tərəfi ancaq odur ki, indi məqamdır, bundan istifadə edib, Seçki Məcəlləsinə dəyişiklik edərək, gələcək seçkilər üçün hüquqi baza yaratmaq olar».


Ancaq həm yerli ekspertlər, həm də beynəlxalq müşahidəçilər arasında həmişə belə bir fikir də olub ki, Azərbaycanın hazırkı Seçki Məcəlləsi elə də pis sənəd deyil, bu qanunla da normal seçki keçirmək olar. Yəni, seçki qanununa düzəlişlər edilərsə belə, bunun seçki prosesinin mahiyyətini dəyişəcəyinə şübhələr yox deyil. Məsələn, ötən ilin 6 noyabr parlament seçkisi öncəsi prezidentin seçki praktikasını təkmilləşdirməyə dair sərəncamında icra başçılarının seçkiyə müdaxiləsinin yolverilməzliyinə dair ayrıca bənd vardı. Seçkidən sonrasa bu prosesdə yol verdiyi pozuntulara görə, bir neçə icra başçısı vəzifəsindən uzaqlaşdırıldı. Odur ki, Seçki Məcəlləsinin deyil, siyasi mədəniyyətin, seçicilərin və seçki rəsmilərinin mentalitetinin dəyişdirilməsini vacib hesab edənlər var.


XS
SM
MD
LG