Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

Hüquq müdafiəçiləri iğtişaşların sərt üsullarla yatırılmasına ehtiyac görmürlər


Müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma, Bakı, 26 noyabr, 2005
Müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma, Bakı, 26 noyabr, 2005
Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, əksinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun yumşaldılmasına ehtiyac var

Prezident Aparatının «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna təklif etdiyi dəyişiklikləri parlamentin komissiyaları geri qaytarıblar. İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komissiyaları təkliflər layihəsini insan hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirərək, qəbul etmək istəməyiblər. Ancaq qanunla həmin komissiyaların Prezident Aparatından gələn layihələri geri qaytarmaq hüququ yoxdur. Bu hüquq yalnız parlamentin özünə məxsusdur. Sadəcə, komissiyalar sənədi yenidən baxılmaq üçün Prezident Aparatının işçi qrupuna qaytarıblar.


Prezident Aparatından verilən təkliflərdə isə tək «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna yox, həm də polis və daxili qoşunlar haqqında qanunlara da dəyişiklik edilməsindən söhbət gedir. Qanuna bu düzəlişlər kütləvi iğtişaşların yatırılması zamanı polisə gözyaşardıcı qazdan, elektroşok vasitələrdən, xüsusi itlərdən, atlardan, rezin dəyənəklərdən və rezin güllələrdən istifadəyə imkan verə bilər.


Parlamentin İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova deyir ki, belə xüsusi vasitələrdən istifadə demokratik cəmiyyətin prinsipləri ilə uyğun gəlmir: "Biz irəliyə doğru inkişaf edirik və qarşıda belə vasitələrdən istifadəni zəruri edəcək hallar gözlənilmir".

Prezident Aparatının qanunlara bu düzəlişlərin edilməsində israr edib-etməyəcəyi isə hələ dəqiq bilinmir. Hər halda, Prezident Aparatının hüquq şöbəsindən həmin təkliflərin yenidən parlament komissiyalarına göndərilib-göndərilməyəcəyi ilə bağlı bizə qəti bir fikir söyləmədilər.


Əslində, hüquq müdafiəçilərinin əksəriyyəti əvvəllər bir neçə dəfə icazəsiz aksiyaların dağıdılması zamanı istər rezin dəyənəklərdən, istərsə də gözyaşardıcı qazdan istifadə edildiyini deyirlər. Həm 1998-ci, il prezident seçkisi ərəfəsində, həm də 2003-cü il prezident seçkisindən sonra baş verən etiraz aksiyalarının yatırılması zamanı daxili qoşunların əsgərlərinin müşayiəti ilə Bakı küçələrinə xüsusi təlim keçmiş itlər də çıxarılmışdı. Hüquq müdafiəçiləri narahatdırlar ki, indi polisə qanunla həmin vasitələrdən istifadə hüququ verilərsə, bu, daha ağır nəticələrə gətirə bilər.


Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesab edir ki, bəzi sivil ölkələrdə iğtişaşlar zamanı polisin ağırlaşdırıcı vasitələrdən istifadə etməsi hələ Azərbaycanda da buna ehtiyacın yaranması anlamına gəlməməlidir. Onun sözlərinə görə, Azərbaycan polisinin lazımı səviyyədə peşəkar olmaması bu yeniliklərin tətbiqini hələlik istisna edir. Anar Məmmədli deyir ki, əksinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun bir qədər də yumşaldılmasına ehtiyac var. Onun sözlərinə görə, şəhər rəhbərliyi məhz bu qanunun tələblərindən çıxış edərək Bakının mərkəzi küçələrində etiraz aksiyalarına icazə vermir və bununla da vətəndaşların hüquqları məhdudlaşır: "Əgər qanun yumşaldılarsa və qanunun yumşalmasından kimlərsə istifadə edib iğtişaşlar törədərsə, onda o iğtişaşların yatırılması zamanı xüsusi ağırlaşdırıcı vasitələrdən, gözyaşardıcı qazdan, xüsusi təlim keçmiş itlərdən, atlardan istifadə etmək olar".


Anar Məmmədli xatırladır ki, son illər beynəlxalq təşkilatlar Azərbaycanın hüquq-mühafizə orqanlarını kütləvi aksiyaların dağıdılması zamanı həddən çox gücdən istifadə etməyə görə qınayıb. Onun sözlərinə görə, Prezident Aparatında hazırlanan bu düzəlişlər layihəsi isə beynəlxalq təşkilatların həmin fikirlərinə meydan oxumaqdır.


Həqiqətən də elə ötən seçkidən dərhal sonra müxalifət partiyalarının keçirdiyi etiraz aksiyasını polis xüsusi vasitələrdən istifadə etməklə dağıtmışdı. O zaman ABŞ-ın Azərbaycandakı səfiri xüsusi bəyanatla çıxış edərək polisi həddən artıq sərt tədbirlərə görə qınamışdı. İndi hüquq müdafiəçilərini də narahat edən əsas məsələ polisin artıq həmin vasitələrdən istifadəsini qanuniləşdirmək cəhdidir. Amma parlamentin komissiyaları və hüquq müdafiəçilərinin tənqid etdikləri bu düzəlişlər layihəsində Prezident Aparatının arqumentlərinin nədən ibarət olduğunu öyrənmək mümkün olmadı.


XS
SM
MD
LG