Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Andreas Qross bu dəfə Azərbaycana gəlməyəcək


AŞPA-nın Azərbaycan üzrə Monitorinq Qrupunun həmsədri Anreas Qross
AŞPA-nın Azərbaycan üzrə Monitorinq Qrupunun həmsədri Anreas Qross
O, hökumətin təkidi ilə yox, öz istəyi ilə gəlmədiyini deyir

AŞPA-nın Azərbaycan üzrə Monitorinq Qrupunun həmsədri Andres Herkel martın 8-də "Azadlıq" radiosuna demişdi ki, o və digər həmsədr Andreas Qross Azərbaycana bir də iyunda gələcəklər. Yəni may ayındakı seçkiləri müşahidəçi kimi izləməyəcəklər. Herkel aprelin 3-də bir daha təsdiqlədi ki, Qross müşahidəçi kimi gəlməyəcək. Onun özünün isə hazırda Estoniya parlamentində işi var.


Azərbaycandakı vəziyyət haqda tənqidi məruzələri ilə tanınan bu şəxslərin müşahidəçi kimi gəlməmələri Azərbaycanda bir xeyli sual doğurub. Hətta belə ehtimal da səslənir ki, məsələn, Qrossun beynəlxalq müşahidəçilər siyahısına salınmamasında Azərbaycan hökumətinin rolu olub.


Andreas Qross "Azadlıq" radiosuna müsahibəsində dedi ki, bu yaz Bakıya gəlməməyə özü qərar verib. Çünki son 5 ildə o, 35 dəfə Azərbaycanda olub və səfərlərə fasilə vermək qərarına gəlib. Bundan başqa cənab Qross deyir ki, 10 dairəyə təkrar seçkini siyasi cəhətdən inandırıcı hesab etmir. Onun fikrincə, seçkinin inandırıcı olması üçün 50 dairədə təkrar seçki keçirmək lazımdır: "125 dairədən 10-da təkrar seçki keçirmək mühüm deyil. Xüsusilə ona görə nəticələri ləğv edilmiş 10 dairənin 5-də müxalifət qalib gəlmişdi. Ona görə qərara aldım ki, mayda Azərbaycana gəlmək mühüm deyil".


AŞ PA-nın yanvar sessiyasında Andreas Qross Azərbaycan nümayəndə heyətinin mandatını şübhə altına alsa da, sonradan bu mandat təsdiqləndi. Ancaq bundan sonra Azərbaycan rəsmiləri bəzi bəyanatlar verdilər. Məsələn, dövlət başçısı dedi ki, Avropa Şurasında bəzi siyasətçilər məğlub olduqdan sonra istefa verməlidir. Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovsa bildirdi ki, AŞ PA həmməruzəçilərinin Azərbaycana gəlişi onlar üçün arzuedilən deyil.


Bəs, görəsən, AŞ PA həmməruzəçilərinin seçki monitorinq missiyasının tərkibinə salınmaması ilə Azərbaycan rəsmilərinin bu bəyanatları arasında bir bağlılıq varmı? Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov: "Həmməruzəçilər may seçkisindən sonra Azərbaycana gələcəklər. İndi isə Avropa Şurasının ekspertləri gələcəklər. May seçkilərinin keçirilməsi texniki məsələdir, hər iki tərəf bu seçkinin ədalətli keçirilməsiylə əlaqədar bundan əvvəl mövqeyini bir neçə dəfə bildirib. Məncə, AŞ ekspertlərinin Azərbaycana gəlişi daha faydalıdır və bu, düzgün qərardır. O ki qaldı, həmməruzəçilərin gəlib-gəlməyəcəyinə, bunu özlərindən soruşun".


Həmməruzəçi Andreas Qrossa deyir ki, onun səfərinin təxirə salınmasıyla həmin bəyanatlar arasında heç bir əlaqə yoxdur. O, heç də Azərbaycanda söylənən hər şeyi izləmir, Avropada ən çətin bölgələrdə demokratikləşmə üçün çalışır: "Mənim məni xoşlamayan adamların haqqımda dediklərinə qulaq asmağa vaxtım yoxdur".


Hüquq müdafiəçisi Murad Sadəddinov bildirir ki, Andres Herkellə bağlı Azərbaycan hökumətinin birmənalı mövqeyini hiss etməyib. Andreas Qrossa qarşı isə hökumətin de-marşları – etirazları olub və onun Bakıya gəlməməyi də bununla bağlı ola bilər. Cənab Sadəddinovun fikrincə, əslində AŞ PA-nın seçkiqabağı monitorinq missiyası elə də aktual məsələ deyil ki, Azərbaycan hökumətiylə AŞ PA arasında bununla bağlı mübahisə yaransın.

O ki qaldı, Azərbaycanın həmməruzəçilərin təyinatına təsirinə, məruzəçilər barədə müvafiq komitələr qərar verir, sonra AŞ PA-da səsvermə nəticəsində seçilirlər: "Hökumət məruzəçinin dəyişdirilməsinə nail olmaq üçün parlament səsverməsində səs çoxluğu qazanmalıdır. Mən inanmıram ki, Azərbaycan tərəfi buna nail ola bilsin. Andreas Qrossun həmməruzəçi olması Azərbaycan hökumətinin belə deyək ki, xoşuna gəlmir. Ancaq əgər Azərbaycan hökumətinin gücü çatsaydı, onu çoxdan dəyişərdi. Əgər bu baş verməyibsə, deməli, gücü çatmır".


Həmməruzəçi Andreas Qross isə məsələylə bağlı bunları dedi: "Azərbaycan hökumətinin nümayəndəsi son üç ayda, elə son iki ildə də məni çıxartmaq üçün bir neçə dəfə cəhd edib. Ancaq məruzəçinin kim olacağına AŞPA-nın Monitorinq Komitəsi qərar verir. Təkrar seçki Azərbaycan tarixinin kiçik bir hissəsi olacaq, uzaq perspektivdə demokratikləşmə işi daha mühümdür".


Sonda bir şeyi qeyd edim ki, hələlik Azərbaycanda siyasi məhbuslar məsələsiylə də AŞ PA-nın Monitorinq Komitəsi məşğul olur. Bundan əvvəl siyasi məhbuslar məsələsiylə ayrıca məruzəçi – Malkolm Bryus məşğul olurdu və AŞPA sessiyalarına ayrılıqda iki məruzə təqdim olunurdu. AŞ PA-nın iyun sessiyasında isə Monitorinq Komitəsinin məruzəçiləri Azərbaycanın qurum qarşısında öhdəlikləri və siyasi məhbuslarla bağlı məsələləri əks etdirən bir məruzə təqdim edəcəklər.


XS
SM
MD
LG