Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Seçicilərin təkrar seçkiyə münasibəti fərqlidir


Seçicilər səs verirlər, 6 noyabr 2005
Seçicilər səs verirlər, 6 noyabr 2005
Bakının Günəşli qəsəbəsində, 31 saylı Suraxanı ikinci seçki dairəsində deputatlığa namizədlərdən biri öz təbliğat kampaniyasını aparır. Mənsə, görüşə gələn seçicilərə yanaşıb seçki təbliğatının gedişatının onları qane edib-etməməsiylə maraqlanıram

Aydın Sadıqov deyir ki, o, seçici kimi öhdəsinə düşəni edir: «Gəliblər, görüşüblər. Xalqın siyasi iradə göstərməsini istəyirlər. Biz də göstəririk. Görürsüz küləkli havada namizədin görüşünə gəlmişik». Seçici Valeh Baxşəliyevin qənaətincəsə, noyabr seçkilərindən fərqli olaraq indi təbliğat sönük aparılır.


Söhbət etdiyimiz digər seçicilərsə platformaların bənzərliyindən, hamısının eyni problemlərə diqqət çəkməsindən, eyni vədləri verməsindən şikayətlənirlər. Seçici Vaqif Musayevi dinləyək: «Bizim qapımızı deputatlığa namizədlərin nümayəndələri hər gün, ya da günaşırı döyürlər. Platformalarını açıqlayıblar. Baxmışam. Əksəriyyəti xalqın narazılığını ifadə edən palatforma ilə çıxış edir. Bu yaxşıdır. Amma açığı seçim etməyə çətinlik yaradır. Hamısı bir-birinə bənzəyir».


Mağazadan çıxan evdar xanım Leyla Bayramova isə seçkiyə inanmadığını deyir.


Sən demə, gənc nəslin nümayəndələri təbliğat zamanı yenilik gözləyirmişlər. Günay Ələsgərova deyir ki, bəyənmədiyi platformalar olub: «Platformalarını yaxşı qiymətləndirmirəm. Şit alınır. Fərqli şey gözləyirəm».


Seçki texnoloqu Şirzad Məmmədlisə hesab edir ki, platformaların, çıxışların bənzərliyi ötən parlament seçkilərində də müşahidə olunurdu. Bu da ölkədə yetərincə seçki mütəxəssisinin olmamasından, namizədlərin özlərininsə populizmə meylli olmasından xəbər verir: «İdeya yarada, ancaq bu ideyanı cəmiyyətə təqdim edə bilmirlər. Ona görə də onların davranışı da, ideyası da, plakatları da maraqsız, bayağı görünür. Amma bütün bunları etməyin yersiz olduğunu düşünənlər və imkanı çatanlar konkret işə keçir, yol düzəltdirir, su çəkdirirlər…»


Ötən seçkilərdən fərqli olaraq bu dəfə deputatlığa namizədlər təbliğatın istiqamətini dəyişdiriblər deyəsən. Onlar əvvəllər məhəlli görüşlərə, kiçik mitinqlərə, televiziya çıxışlarına üstünlük verirdilərsə, bu dəfə seçicilərlə fərdi təmasa meyl edir, az qala qapı-qapı düşüb öz platformalarını açıqlamağa, görəcəkləri işlər haqda vəd verməyə çalışırlar. Əvvəllər az-az istifadə olunan qapı-qapı kampaniyası bu seçkilərdə ən geniş istifadə olunan təbliğat növünə çevrilib. Özüm belə dairələrdən birinin ərazisində - Suraxanıda yaşadığımdan bilirəm ki, kampaniya başlanandan gün ərzində bir seçicinin qapısı üç və ya dörd dəfə çalınır. Deputatlığa namizədin nümayəndəsi seçiciyə müxtəlif bukletlər, telefon nömrələri qoyur, onları narahat edən məsələlərlə bağlı namizədə və ya onun nümayəndəsinə məlumat verməyi xahiş edir, bəzi hallarda özləri sesicilərin problemləriylə yerindəcə maraqlanırlar. Amma o da var ki, bəzən bu kampaniyanı xala xətrin qalmasın yerinə yetirənlər də olur. Misal üçün, qapı vurulur və 14-15 yaşlı bir oğlan – onu da deyim ki, kampaniyanı əksər hallarda yeniyetmələr aparır – tələm-tələsik namizədin bukletini verib, namizədin görüşü haqda bilgi verməklə kifayətlənir. Hətta, bir dəfə biri telefon və ev ünvanını götürəndən sonra bildirdi ki, axşam bizə zəng vurub bukleti alıb-almadığımla maraqlanacaqlar. Mən ona burda qeydiyyatda olmadığımı, müvəqqəti yaşadığımı izah etmək istəsəm də, artıq pillələrlə qalxan yeniyetmə «eybi yoxdu» dedi. Və ya başqa nümunə. İki qonşunun qapısını eyni anda döyən oğlan bukleti verər-verməz «İstəyirsiz səs verin, istəyirsiz səs verməyin» deyərək sürətlə liftə yönəlir. Amma insafən bunu hamıya şamil etmək olmasa da, mütəxəssis fikrini öyrənsək pis olmaz…


Seçki texnoloqu Şirzad Məmmədli deyir ki, kampaniyanın bu cür qurulması naşılıqdan xəbər verir: «Həm də onu göstərir ki, namizəd nə özünün puluna və vaxtına, nə də seçicinin diqqətini qazanmağa maraqlıdır. O, bu şəkildə rəftarla həm seçicini bezdirir, həm də öz vaxtını və pulunu da havayı xərcləyir. Bununla da öz əleyhinə işləyir». Şirzad Məmmədli deyir ki, qapı-qapı kampaniyası Azərbaycan üçün yeni texnologiyadır və çoxları onun mahiyyətini başa düşmür. Ötən seçkilərdə evlərə bukletini yox, hətta plakatlarını paylayanlar da olubmuş. Mütəxəssis izah edir ki, qapı-qapı kampaniyasının məqsədi yalnız evlərə getmək və bukletləri təqdim etmək deyil, məqsəd seçicini ona səs verməyə inandıra bilmək, ona düzgün mesaj verməkdir. Şirzad Məmmədli namizədlərin bir səhvinə də diqqət verir. O, deyir ki, namizədin nümayəndəsi heç də 36 min seçicinin hamısı ilə görüşməli deyil. Bir neçə ay öncədən 3-4 min seçici müəyyənləşdirilməli və təbliğat da ona hesablanmalıdır.


Hərçənd seçicilərdən kampaniyanın gedişatından razı qalanlar da var. Seçici Aydın Sadıqov deyir ki, indi namizədlər daha fəaldırlar: «Xalqda siyasi oyanış var. Əvvəl heç bilmirdik deputatımız kimdir, seçilən nəçidir. Platformaları ilə hələlik tanış olmamışam, düzdü. Yəqin vaxt tapıb oxuyaram və seçimimi edərəm».

Valeh Baxşəliyevsə deyir ki, mühüm olan namizədin təbliğatı necə qurması deyil, əhəmiyyətli olan namizədin siyasi mənsubiyyətidir: «Bu gün cəmiyyət sadəcə, iqtidar və müxalif düşərgəsi arasında seçim edir».


YAP-ın bu dairədən namizədi Əhməd Vəliyevin seçki qərargahının rəhbəri Füzuli Həsənov deyir ki, onlar kampaniya zamanı ən müasir texnologiyalardan istifadə edirlər. Səsgücləndiricilər vasitəsilə elanlar verilməsindən tutmuş, fərdi görüşlərə, irimiqyaslı aksiyalara kimi bütün təbliğat növlərindən məqamında yararlanırlar. Füzuli Həsənov deyir ki, bu görüşlərlə kifayətlənməyib onların qərargahına gələrək problemlərini bölüşən və ya namizədə dəstək verənlərin sayı lap çoxdur.


Müsavat Partiyasının 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədi Hökumə İbrahimlinin səlahiyyətli nümayəndəsi Ruslan İbrahimbəylisə deyir ki, kampaniyanı seçki texnologiyalarına uyğun qurublar. Hər bir seçici ilə görüşməyə çalışırlar: «Evlərdə görüşlər keçirmişik. Seçicilər zəng vurub bizi görüşə dəvət edirlər. Əsasən da qadınlar fəaldırlar. 10 və ya 15 qadın zəng vurur görüş istəyir, biz də gedirik».


Yaşlıların, cavanların bu seçki kampaniyasına yanaşmasından asılı olmadan ona əsil maraq göstərən hələ səsvermə hüququ olmayan uşaqlardır deyəsən. Deputatlığa namizədlərin təqvim və bukletlərinə həvəslə baxan balacalar indidən bir şüarı əzbər deyirlər: «Azad seçki!»


XS
SM
MD
LG