Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:01

Türkiyə və İran Ermənistanı 3+3 platformasına dəvət edirlər


Türkiyə və İranın xarici işlər nazirləri Mevlud Çavuşoğlu (solda) və Məhəmməd Cavad Zərif
Türkiyə və İranın xarici işlər nazirləri Mevlud Çavuşoğlu (solda) və Məhəmməd Cavad Zərif

Türkiyə və İran xarici işlər nazirləri Mevlud ÇavuşoğluMəhəmməd Cavad Zərif arasında İstanbulda keçirilən danışıqlar yanvarın 29-da birgə mətbuat konfransı ilə başa çatıb.

Türkiyə mediasında yayılan xəbərlərə görə Zərif deyib ki, yaxın vaxtlarda Tehranda İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

O bildirib ki, İran və Türkiyənin Qafqazlardakı işbirliyi bölgə ölkələrini mənfəətləndirəcək.

İran xarici işlər naziri bunu da deyib ki, o Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin də dəstəklədiyi 3+3 platformasına daxil olacaq ölkələrə səfər turuna çıxıb.

Türkiyə xarici işlər naziri Mevlud Çavuşoğlu da bu barədə fikir söyləyib:

“Biz Cənubi Qafqazda Azərbaycan prezidenti İlham Əliyevin cənab Putinin, bizim prezidentimizin və başqa liderlərin dəstəyi ilə təklif etdiyi 3+3 formatında əməkdaşlıq etməyi planlaşdırırıq. Cənubi Qafqazda sülh və stabillik hamının xeyrinədir və bu regionda normallaşma region ölkələrini mənfəətləndirəcək. Amma Ermənistanın və erməni xalqının qazancı hamıdan çox olacaq. Buna görə də biz Ermənistandan bu istiqamətdə konstruktiv addımlar gözləyirik”.

“Bəzi ölkələrin bəzi mülahizələrinə baxmayaraq…”

Zərif vurğulayıb ki, İran və Türkiyə ən çətin zamanlarda bir-birinin yanında olub və indi bu iki ölkənin Qafqazlarda da işbirliyi üçün fürsət yaranıb.

İran xarici işlər naziri deyib ki, məsələn, Kabul Tehran və Ankaraya Əfqanıstanla bağlı üçlü formatda danışıqlar təklifi ilə çıxış edib:

"İranla Türkiyə arasında əməkdaşlıq üçün sahələr çox genişdir. İnşaallah ABŞ-ın da daha məntiqli yanaşması ilə bu əlaqələr daha da dərinləşəcək”.

Son bir neçə ayda Çavuşoğlu ilə ikinci dəfə görüşdüyünə diqqət çəkən Zərif deyib ki, yaxın zamanlarda Türkiyə prezidenti Recep Tayyip Erdoğanın İrana səfərinin tarixi dəqiqləşdiriləcək.

Zərif birgə mətbuat konfransında Dağlıq Qarabağla bağlı məsələlərə də toxunub. O deyib ki, hazırda qüvvədə olan atəşkəs davamlı bir hala gətirilməlidir:

"Biz bölgənin və bu 6 ölkənin daha da inkişaf etməsi üçün fəaliyyət göstərə bilərik. Avtomobil və dəmir yolları, enerji sahələrində əməkdaşlıq edə bilərik. Ümid edirəm ki, bəzi ölkələrin bəzi mülahizələrinə baxmayaraq bütün bunlar gercəkləşə bilər”.

Son zamanlar geniş müzakirə mövzusuna çevrilmiş 3+3 formatına dair təşəbbüs regional problemlərin – Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistan arasında həll edilməsini nəzərdə tutur.

XS
SM
MD
LG