Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Zelenski Tbilisidən Saakaşvilini tələb edir


Saakaşvili videobağlantıda
Saakaşvili videobağlantıda

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin müalicə olunmaq üçün Ukraynaya göndərilməsini tələb edib.

O xatırladıb ki, Saakaşvilinin həm də Ukrayna vətəndaşlığı var.

Zelenski Gürcüstanın Kiyevdəki səfirinin bu məqsədlə çağırılmasını və ona bu məsələ ilə bağlı Tbilisidə məsləhətləşmə aparması üçün 48 saat ərzində Ukrayna ərazisini tərk etməsini ölkə Xarici İşlər Nazirliyinə tapşırıb.

Ukrayna prezidentinin bu bəyanatına iyulun 3-də Saakaşvili işi üzrə daha bir məhkəmə iclasının keçirilməsi səbəb olub.

Saakaşvili bu məhkəmə iclasında Vivamed klinikasından videobağlantı ilə iştirak edirdi. O videoda son dərəcə zəifləmiş görünürdü.

AzadlıqRadiosunun Gürcü xidməti yazır ki, Saakaşvili məhkəmə iclasındakı çıxışına ukrayn dilində başlayıb, daha sonra siyasi bəyanatlarla çıxış edib və “bu vəziyyətə salındığına görə” Gürcüstan parlamentinin spikeri Şalve Papuaşvilidən ondan üzr istəməsini tələb edib.

Zelenski özünün Twitter hesabından yazıb ki, “Rusiya Ukrayna vətəndaşı Mixeil Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür”.

O xatırladıb ki, Kiyev Tbilisidən Saakaşvilinin qaytarılmasını dəfələrlə rica edib, Qərb partnyorları isə bu məqsədlə öz variantlarını təklif ediblər.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili hakimiyyətdən sui-istifadə ittihamıyla altı illik həbs cəzası çəkir, özü və tərəfdarları ittihamı siyasi motivli adlandırır.

Həbsinə etiraz olaraq yeməkdən imtina edən Saakaşvili bir neçə aydır xəstəxanada qalır.

Saakaşvili müalicə olunması üçün başqa bir ölkəyə aparılmasını tələb edir. O habelə Gürcüstan hökumətini onu zəhərləməkdə günahlandırır.

Gürcüstan rəsmiləri isə Saakaşvilinin sağlıq durumunun kritik həddə olmasına şübhə ilə yanaşırlar.

Onlar deyirlər ki, keçmiş prezident azadlığa çıxmaq üçün özünü xəstəliyə qoyub.

XS
SM
MD
LG