Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:34

Prokuror ictimai fəala 7 il 6 ay həbs cəzası istəyir


Zəka Mirağayev
Zəka Mirağayev

Həbsdəki ictimai fəallardan Zəka Mirağayevə 7 il 6 ay həbs cəzası istənilib. Prokuror bu təklifi oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində irəli sürüb. O, Z.Mirağayevə verilən satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlama ittihamının məhkəmədə sübuta yetirildiyini deyir.

İctimai fəalın vəkili bu tələblə razılaşmır. Prokurordan sonra çıxış edən vəkil ittihamın əsassız olduğunu, narkotikin Zəkaya heç bir aidiyyətinin olmadığını söyləyir. Müdafiəçi müvəkkilinin təqsirsizliyinin məhkəmə prosesində də sübut edildiyinə diqqət çəkərək ona bəraət verilməsini istəyib.

Noyabrın 4-də Z.Mirağayev məhkəmədə son sözünü deyəcək. Ardından Kamran Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında hökmü oxuyacaq.

Z.Mirağayev ötən il oktyabrın 11-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilsə də, ictimai fəal bu ittihamı qəbul etmir. O, məhkəmədəki ifadəsində polislərin əməlləri haqqında sosial mediada yazdıqları üzündən narkotiklə şərləndiyini bildirib və indi istintaq təcridxanalarında, həbsxanalarda narkotiklə şərlənmiş minlərcə insan olduğunu vurğulayıb: "Yazıblar ki, guya məni küçədə tutublar. Yalandır, məni gəlib evdən aparıblar. Nəcəf adlı polis cibimə narkotiki qoydu, sonra da kamera qarşısına çıxardılar. Mənim şərlənməyimdə, həbsimdə rolu olan hər kəsə səhərdən-axşama qədər, hər ibadətimdə qarğış eləyirəm".

"Cənab polislər... məni zənglərlə narahat etməyin"

Z.Mirağayev həbsindən öncə Facebook hesabında da polislərin onu narahat etdiyini yazmışdı. Onun sözlərinə görə, daxili işlər naziri Vilayət Eyvazova açıq məktubundan sonra basqılara məruz qalır.

"Cənab polislər, cənab rəislər, cənab generallar məni zənglərlə narahat etməyin. Onsuz da prosedur üzrə işləmirsiniz. Öz bildiyiniz kimi, nə istəyirsiniz edin...", - Z.Mirağayev həbsindən öncə - oktyabrın 1-də belə yazmışdı.

Z.Mirağayevin həbsindən sonra onun polislər haqqında yazılarına görə şərlənməsi barədə yaxınlarının iddialarına Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab vermiş, deyilənləri yalanlamışdı: "Bu iddialar əsassızdır və şəxsi mülahizələrdir".

Bakı Dövlət Universiteti (BDU) İlahiyyat fakültəsinin tələbəsi olmuş Z.Mirağayev orada təhsil aldığı dövrdə fakültədə baş verənlərlə bağlı müsahibə və yazılarına görə 2017-ci ildə məhkum edilmişdi. O zaman dekan müavini Nigar İsmayılzadə onu xüsusi ittiham qaydasında məhkəməyə vermiş, Yasamal rayon Məhkəməsi də tələbənin əməlində təhqir və böhtan olduğu qənaətinə gələrək ona 1 il islah işləri cəzası kəsmişdi. Hökmə görə, 1 il boyunca hər ay onun maaşından 15 faiz cərimə də tutulmalı idi.

XS
SM
MD
LG