Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:34

Qadınları gizli çəkən FHN polkovniki bəraət istəyirdi, məhkəmə...


Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.
Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli çəkib yaymaqda ittiham olunan polkovnik Zaur Mirzəyev bəraət üçün apellyasiya məhkəməsinə müraciət etmişdi. Bakı Apellyasiya Məhkəməsində iki aya yaxın davam edən araşdırmalardan sonra Mirzəyevə "yox" deyilib. Sentyabrın 5-də qərar verilib ki, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış 3 il 6 aylıq həbs hökmü qüvvədə saxlansın.

İttihama görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyev kabinetindəki xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdırıb. Nazirlikdəki bir sıra qadınlarla 2013-2019-cu illərdə iş otağında intim münasibətdə olarkən həmin gizli kamera vasitəsilə çəkilişlər aparıb. Sözügedən görüntülərin 2022-ci ilin avqustunda internet resurslarında yayılmasına səbəb olub.

Buna görə sabiq FHN polkovnikinə şəxsi həyatın toxunulmazlığını pozma, pornoqrafik materialları qanunsuz yayma, vəzifə səlahiyyətlərini aşma kimi ittihamlar verilib.

O, istintaqda özünü qismən təqsirli bilsə də, qapalı keçirilən məhkəmə prosesində günahkar olmadığını deyib. Etiraf edib ki, gizli çəkiliş aparıb, amma bunu qabaqlayıcı tədbir kimi gördüyünü iddia edib. Onun sözlərinə görə, intim münasibət qurduğu qadınların gələcəkdə mümkün şantajlarına qarşı önləyici tədbir olaraq belə bir addım atmaq qərarına gəlmişdi.

Mirzəyev bildirib ki, görüntüləri o yaymayıb. Həmin görüntülərin yayılması ona da ciddi zərbə vurub.

Zərərçəkmiş qadına 4 min manat ödəməli olacaq

43-yaşlı Mirzəyevin cinayət işində gizli şəkildə videosu çəkilən iki qadın zərərçəkmiş qismində tanınıb. Onlardan biri məhkəmə prosesində 192 min manatlıq mülki iddia qaldıraraq ona dəymiş ziyana görə təzminat tələb edirdi. Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılarkən bu mülki iddia qismən təmin olunmuşdu. Məhkəmə Mirzəyevin üzərinə qadına 4 min manat təzminat ödəmək öhdəliyi qoymuşdu.

FHN polkovniki ilə yanaşı, zərərçəkmiş də buna görə hökmdən apellyasiya şikayəti vermişdi. O, mülki iddiasının tam şəkildə təmin olunmasını istəyirdi. Lakin onun da apellyasiya şikayəti təmin olunmayıb. Ümumiyyətlə, hökm olduğu kimi qüvvədə saxlanıb.

Zərərçəkmiş deyirdi ki, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.

Məhkəmədə bir neçə dəfə Mirzəyev ilə zərərçəkmiş arasında kəskin mübahisələr olub.

Cinayət işində gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

XS
SM
MD
LG