Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:15

Yerevan statusdan danışır, Bakı hədələyir...


Ermənistanın xarici işlər naziri Ara Ayvazyan
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan

Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidməti idarəsi Ermənistan tərəfinin açıqlamasını şərh edib.

XİN-in Mətbuat xidməti vurğulayıb ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir:

“Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər”.

Daha sonra da qarşı tərəfə xatırladılır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə, prezident İlham Əliyev status məsələsini tarixə göndərib.

Bir müddət öncə, Ermənistan xarici işlər naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etmişdi.

Bunu həm Azərbaycan prezidenti, həm də ölkə XİN-i kəskin pisləmişdi.

Azərbaycan prezidenti Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinin də, artıq müzakirə mövzusu olmadığını açıqlamışdı.

Bakını hiddətləndirən bəyanatlar

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib ki, hazırkı mərhələdə Ermənistan və Artsax (Dağlıq Qarabağ - red) arasında əməkdaşlıq həlledici əhəmiyyətə malikdir:

“Mən bu yaxınlarda Artsaxa səfər etmiş və Artsaxın rəhbərliyi ilə bizim ümumerməni gündəliyimizi müzakirə etmişəm. Mən düşünürəm ki, biz parlament səviyyəsində də Artsaxla işimizi daha sıx yanaşı qoymalı və koordinasiya etməliyik. Həm də ona görə ki, erməni xalqının səsi müxtəlif beynəlxalq parlament meydanlarında eşidilsin”.

Bu barədə məlumat Ermənistan XİN-in rəsmi saytında dərc edilib.

Ara Ayvazyan daha sonra deyib ki, “Ermənistan ən yüksək səviyyədə hərbi əsirlərin qaytarılması problemlərini təqib edir”.

Nazir xatırladıb ki, baş nazir Nikol Paşinyan bu məsələni yanvarın 11-də keçirilən üçtərəfli görüşdə də qaldırıb.

Ayvazyan deyib ki, Ermənistan XİN hərbi əsir və girovların qaytarılması, habelə itkinlərin taleyinin aydınlaşdırılması üçün beynəlxalq partnyorlarla əməkdaşlıq edir.

Yerevan üçtərəfli bəyanata qarşı çıxır?

Ara Ayvazyanın dediyinə görə, Ermənistan 11 yanvar bəyanatının tərəfi kimi regionun iqtisadi və infrastruktur potensialından qarşılıqlı faydalı istifadə üçün addımlar atmağa hazırdır.

Bununla belə Ermənistan naziri vurğulayıb ki, “yalnız hamının haqlarına ehtiram göstərən siyasi tənzimləmə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və barışığa gətirib çıxara bilər”.

Ermənistanın xarici işlər naziri daha sonra deyib:

“Qarabağ münaqişəsinin tənzimlənməsi Artsax xalqının öz müqəddaratını təyin etməsinə əsaslanır. Ermənistan bundan sonra da Artsax xalqının öz müqəddaratını təyin etməsi və təhlükəsizliyi mövqeyindən çıxış edəcək”.

Ara Ayvazyan daha sonra bildirib:

“Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin və onların təmsil etdikləri ölkələrin egidası altında Dağlıq Qarabağ münaqişəsinin 9 noyabr bəyanatında əksini tapmamış prinsip və elementlər əsasında sülh yolu ilətənzimlənməsi prosesini davam etdirməyə hazırdır”.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG