Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:29

Xəzərdəki yanğının detalları açıqlandı (Video)


Vulkanın dərinliyi 1.48 km olub

"Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib".

Bunu iyulun 5-də Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib. Onun sözlərinə görə, vulkanın dərinliyi 1.48 km, gücü 2.17 ml olub.

+++

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, Niyazi Zamanov deyib ki, ərazidə hazırda yanğın davam etmir. O əlavə edib ki, həmin əraziyə İşçi qrup ezam olunacaq.

+++

Xəzərdə 200-dək sualtı palçıq vulkanı var. Onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir.

Bunu iyulun 5-də keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bildirib. O deyib ki, Abşeron arxipelaqında vulkan mənşəli səkkiz belə ada var.

+++

İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünən alov təzahürü ilə əlaqədar SOCAR-ın heç bir sənaye obyektinə zərər dəymədiyi bildirilir. Şirkətin bütün dəniz özülləri və sənaye obyektlərinin fəaliyyətinin normal rejimdə davam etdirdiyi vurğulanır.

Bu barədə SOCAR-dan məlumat verilib.

Şirkətdən verilən məlumata görə, bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə gəmi ilə işçi heyəti göndərilib. Qeyd edilib ki, Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub: "Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb".

+++

İyulun 4-də Xəzər dənizində baş vermiş partlayış və alovlanma Ümid qaz yatağının 10 kilometrliyində baş verib.

Bunu APA xəbər agentliyi SOCAR dövlət neft şirkətinin sözçüsünə istinadən bildirib.

Bu yataq Bakıdan 75 kilometr məsafədədir.

SOCAR şirkətinin ictimai əlaqələr departamenti rəhbərinin müavini İbrahim Əhmədov Interfax xəbər agentliyinə deyib ki, “şirkətin nəzarəti altında olan bütün dəniz platformaları və sənaye qurğuları normal işini davam etdirir və burada heç bir insident qeydə alınmayıb”.

İbrahim Əhmədov bunu da deyib ki, Xəzər dənizində hadisənin baş verdiyi əraziyə gəmi göndərilib.

Palçıq vulkanı versiyası

Şirkətdən verilən ilkin məlumatda partlayışa səbəbin palçıq vulkanının püskürməsi olduğu deyilirdi.

Azərbaycan Seysmoloji Mərkəzi hadisə ilə bağlı eyni izahatı verib.

Mərkəzin direktoru Qurban Yetirmişli deyib ki, hadisədə palçıq vulkanı püskürməsinin əlamətləri hiss olunur:

"Püskürmə quruda baş verəndə havaya müəyyən alov atılır və bundan sonra vulkandan palçıq lavası çıxır. Buna bənzər proses dənizdə də baş verir. Lakin dənizin dərinliyində vulkan püskürərkən lava görünmür…”

Yetirmişli bildirib ki, palçıq vulkanlarının püskürməsi 10-20 saniyə çəkir.

Rəsmi Trend agentliyinə deyib ki, hadisə ilə bağlı araşdırma davam edir.

Xəzər dənizində çox sayda palçıq vulkanının olmnası məlumdur. Bu vulkanlardan həm palçıq, həm də qaz çıxır.

***

İyulun 4-də axşam saatlarında Xəzər dənizində partlayış baş verməsi və alov görünməsi barədə xəbərlər yayılıb.

Əsasən sosial şəbəkələrdə yayılan bu xəbərlərlə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib:

"İyulun 4-də axşam saatlarında yayilan dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb ".

Qeyd edilib ki, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində baş verən partlayışla bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.

Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.

Reuters agentliyi Neftçilərin Hüqqularının Müdafiəsi komitəsinə istinadən bildirib ki, Xəzərdəki Ümid qaz yatağının köhnə qazma sahəsində yanğın baş verib.

SOCAR bu xəbəri təkzib edir.

Xəzərdəki yanğın Bakı şəhərinin sahillərindən yaxşı görünürdü. Bəzi sosial media istifadəçiləri yanğını əks etdirən görüntülər yayıblar.

XS
SM
MD
LG