Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

'XİN işi': 2.3 milyonu kim ödəyib


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və Təsərrüfat şöbəsinin sabiq rəhbəri Səlim Əlizadə nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə suçlanır.

218 min manat qalıb

İddia olunur ki, bir sıra malların alınması, müəyyən xidmətlərin göstərilməsi üçün keçirilən tenderlər əslində formal olub. Yalnız sənəd üzərində adı olan, gerçəkdə isə heç bir fəaliyyət göstərməyən şirkətlər qalib elan edilib. Onların bank hesabına köçürülən vəsait nağdlaşdırılaraq geri qaytarılıb. Əvəzində həmin şirkətlərin rəhbərlərinə, yaxud da vasitəçilərə ümumi məbləğin 2-5 faizi qədər qazanc və vergini ödəmək üçün vəsait verilib.

Cinayət Məcəlləsinin 179.4 maddəsi ilə - xüsusilə külli miqdarda mənimsəmədə suçlanan Mollazadə və Əlizadə özlərini qismən təqsirli bilirlər. Avqustun 25-də məhkəmədə məlum olub ki, onlar istintaqın hesabladığı 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 min manatını Mollazadə, 25 minini isə Əlizadə ödəyib.

Zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi deyir ki, onlar təqsirləndirilən şəxslərin qalan məbləği də (218 min manat) ödəməsini tələb edirlər.

"O puldan mənə heç nə çatmayıb"

Məhkəmədəki dindirmələr zamanı məlum olub ki, "Yaşıl bazar"da göyərti satışıyla məşğul olan Alim Babayevin adına olan şirkət Xarici İşlər Nazirliyində tenderin qalibi olub. Amma Babayevin nə bu şirkətin fəaliyyətindən xəbəri var, nə də nazirlikdə keçirilən tenderdən.

"O şirkəti 2017-ci ildə Şəmsi adlı tanışım açıb. Bir dəfə mənə dedi ki, "GünayBank"dan pulu çıxarım, aparım "Əmrahbank"da verim. Deyildiyi kimi də elədim. O puldan mənə heç nə çatmayıb. Heç pula görə də eləməmişəm. Dostum deyib ki, bu işi gör, mən də eləmişəm. Başqa heç nə bilmirəm", – Babayev avqustun 25-də məhkəmədə dindirilərkən belə deyib.

Avtomobil təmiri ilə məşğul olan Elgün İsmayılov da bənzər ifadə verib. Onun adına olan şirkət də Xarici İşlər Nazirliyinin elan etdiyi tenderdə qalib olub. Amma İsmayılov deyir ki, tenderlər haqda heç bir məlumatı yoxdur.

"Mənə köçürülən puldan 2 faiz verirdilər"

Xarici İşlər Nazirliyindəki tenderlərdə qaliblərdən biri də Rza Hümbətəliyevin şirkəti olub: "Şirkət, sadəcə, mənim adıma olub. Amma hər şeyi Rövşən Məmmədov (o dövrdə "Əmrahbank"ın əməkdaşı olub) həll eləyirdi. Mənə isə köçürülən puldan 2 faiz verirdilər. Əgər 100 min köçürürdülərsə, 2 min mənə verirdilər, xərcləyirdim".

Rövşən Məmmədov da deyilənləri təsdiqləyib. O bildirib ki, "Əmrahbank"da hesabı olan bir sıra şirkətlər Xarici İşlər Nazirliyinin tenderlərində qalib olurdu. Həmin şirkətlərin bank hesablarına pul köçürülürdi. Şirkətin direktoru bank hesabından pulu çıxarır, Səlim Əlizadə də gəlib nağd şəkildə pulu götürürdü: "Vergini ödəyirdilər. Mənim də qazancım bankın dövriyyəsinin çox olması idi...".

"Dedi ki, qızına telefon alacaqdı"

Təqsirləndirilən Mollazadə nazirlikdə İşlər İdarəsinin müdiri olmaqla yanaşı, həm də uzun müddət Tender Komissiyasına sədrlik edib. 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Mollazadənin öz kabinetində saxlanmasının şahidi olan Rəhman Aslanov da məhkəmədə dindirilib. O deyir ki, həmin vaxt Mollazadənin cibindən təxminən 2 min, kabinetindəki seyfdən də 10 min manata yaxın pul çıxdı: "Cibindəki pulla bağlı dedi ki, qızına telefon alacaqdı...".

Fərhad Mollazadə və Səlim Əlizadə 2020-ci il iyulun 3-də həbs olunub. Həmin gün keçirilən əməliyyat nəticəsində onlarla yanaşı, nazirliyin Konsulluq İdarəsinin rəhbəri və digər vəzifəli şəxsləri də cinayət məsuliyyətinə cəlb olunub. Beş aydan çox DTX-nın İstintaq təcridxanasında saxlandıqdan sonra Mollazadə və Əlizadə ev dustaqlığına buraxılıb. Onların işi də Konsulluq İdarəsinin vəzifəli şəxslərindən ayrılıb.

XİN vəzifəlilərinin ittiham olunduğu CM-in 179.4 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG