Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

M.Qəhrəmanlı: “Əzrayıl neftçiləri bir-bir aparmağa başlayanda..."


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

►Hüquq müdafiəçisi hesab edir ki, əvvəlki qəzalardan dərs çıxarılsaydı, bu faciə yaşanmazdı

Dekabrın 4-də dənizdə, 10-cü özüldə 20-dən çox adamın itkin düşdüyü, 7 adamın öldüyü faciə bir sualı da qabardıb. Dənizdə, neft-qaz çıxarma platformalarında iş şəraiti necə olmalıdır?

25 il neft sahəsində müxtəlif vəzifələrdə işləmiş, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı AzadlıqRadiosunun bununla bağlı suallarını cavablandırıb.

– Mirvari xanım, dənizdə, açıq şəraitdə əmək təhlükəsizliyi necə qorunur?

– Düz 1996-cı ildən bəri biz hər il illik hesabatlar açıqlayırıq və hər hesabatda Əmək Məcəlləsinin 215-ci maddəsinə istinadən yazırıq ki, işçilər üçün normal şərait yaradılmadığından müxtəlif neft-qaz idarələrində xəsarət alanlar, ölənlər var. Dövlət Neft Şirkətində köhnə yataqlarda formalaşan və sovetdənqalma avadanlıqdan istifadəyə görə iş şəraiti yaxşı olmayan yerlər var. 28 may Cilov adasındadı, onun neft-qaz çıxarma, hasilatla məşğul olan quyuları dəniz platformalarındadır, digərlərindən daha cavandır. Platformalarda sığınacaqlar da var, amma əksəriyyətində sovetdən qalmadır, yüngül təmir aparılıb. Neft Daşlarında qadınlar və kişilər üçün ayrıca yataqxana var, şərait var. Baxır ki, orda məsul şəxs kimdir. Ordakı sosial şəraitdən danışmaq üçün saatlar lazımdır, çünki fərqlidir. Elə yerlər var ki, təhlükəsizlik qaydaları gözlənir, elə yerlər var yox. Hesabatlarımıza baxsaz, harda qəza olduğunu görərsiz. Son illər bu qəzalar nədənsə artmağa başlayıb. (Ardı aşağıda)

“Neft Şirkəti dövlətin ikinci büdcəsi olmuşdu”

– Sizcə, qəzalar niyə artmağa başlayıb?

– Bunun səbəbini ilk öncə mütəxəssis qıtlığında görürəm. Bunu deməyə də əsasım var. Təqaüdçülərin işdən çıxarılma məsələsi büdcə təşkilatlarına aid olsa da, nədənsə Dövlət Neft Şirkəti daha tez reaksiya verib təcrübəli mütəxəssisləri təqaüdə yolladı. Neftçi ailəsi olmuşam, o mütəxəssislərin nə demək olduğunu bilirəm. Təcrübəli işçiləri təqaüdə çıxarıb onları gənc kadrlarla əvəzləmək, fikrimcə, qəzaların baş vermə səbəblərindən birincidir. İkincisi, nədənsə, köhnə yataqlara sərmayə qoyulmamasıdır. Onları daha çox xarici şirkətlərə, əməliyyat şirkətlərinə idarəetməyə verirlər. Hesab edirəm ki, əməliyyat şirkətləri həm hasilat baxımdan Azərbaycana fayda gətirmir, həm də işsizlik baxımından və s. Daha bir səbəb Dövlət NeftŞirkətinin ölkənin ikinci büdcəsinə çevrilməsidir. Yəni, şirkət neft və qaz hasilatı ilə məşğul olmaqla yanaşı əksər nazirliklərin işini də görür; idmandan tutmuş turizmə, olimpiadaya qədər. Əlbəttə, bundan sonra şirkətin vəsaiti qalarmı ki, köhnə yataqlara sərmayə qoysun?

– 10-cu özülə əmək təhlükəsizliuyi istiqamətində sərmayə qoyulubmu?

– Bu suala cavab vermək üçün gərək Dövlət Neft Şirkətinin işçisi olasan. ARDNŞ informasiyaya o qədər də açıq şirkət deyil və informasiya sorğusunu sevmirlər. Yəqin ki, audit şirkəti yoxlayıb ki, bütün idarə və müəssisələrində istehsalatda təhlükəsiz iş şəraiti yaradılması üçün nə qədər vəsait ayrılıb? Həmin vəsait aidiyyəti üzrə xərclənibmi? Bilmək lazımdır ki, quyuların, platformaların əsaslı və cari təmiri üçün nə qədər vəsait ayrılıb. Bu məlumatları, rəqəmləri bilmədən bu sualı cavablandırmaq mümkün deyil. (Ardı aşağıda)

Həlak olmuş neftçilər üçün qərənfil aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

“Sosial inkişaf şöbələri var, amma…”

– Mirvari xanım, dənizdə neft-qaz çıxarma kimi riskli işdə çalışarkən hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? İşçilər hansı şəraitdə işləməlidirlər?

– Köhnə estakadalarda, özüllərdə işçilər üçün “xüsusi budkalar” var, onların çoxu standarta cavab vermir, yəni geyinmə-soyunma otaqları bir yerdədir. Növbədən gələn işçinin dincəlməsi üçün yetərli şərait yoxdur. Buna yenidən baxılmalıdır. Bundan ötrü ARDNŞ-in Sosial İnkişaf İdarəsi var, sosial inkişaf şöbələri var, bu sahəyə baxan vitse-prezidenti var, “Azneft”in sosial inkişaf şöbəsi var, görürsünüz, nə qədər şöbə var. Amma, yəqin ki, sosial-inkişafı daha çox idarələrdə edirlər. İşçilərin sosial inkişafını yüksəltmək üçün yaxşı proqramlar tərtib olunmalıdır və həyata keçirilməlidir. Qorunma vəsaitləri ilə təmin edilməlidirlər. Əmək Məcəlləsində göstərilir ki, işçilər hansı havada işi dayandırmalıdırlar. Hətta açıq havada dənizdə iş şəraitinin dayandırılması üçün küləyin neçə bal olması da açıq-aydın göstərilib. Bu işə nəzarət edən adamın səlahiyyəti kağız üzərində qalmamalıdır. Məsələn, xarici şirkətlərdə, BP-də, onun podratçı, subpodratçışirkətlərində təhlükəsizliyə nəzarət edən şəxsin real səlahiyyəti var. Qanunvericiliyə uyğun hava şəraiti işləməyə imkan vermədiyi təqdirdə həmin şəxsin “STOP” qoymaq səlahiyyəti var. Həmin şirkətlərin yüksək rəhbər şəxsləri belə bu “STOP”a tabe olurlar. BP-nin təhlükəsizliklə bağlı 8 qızıl qaydası var və bu qaydaya qanun kimi yanaşılır. Dövlət Neft Şirkətində təhlükəsizlik qaydaları var, işçilərə treninq keçirlər, öyrədirlər, amma nə qədər öyrədilsə də, təhlükəsizliyə nəzarət edən şəxsin “STOP” vermək səlahiyyəti yoxdur. Təhlükəsizliyə nəzarət edən şəxs göstəriş versə ki, iş saxlansın, onum özünü işdən çıxararlar. İndi aydınlaşdırmaq lazımdır ki, əlverişsiz hava şəraitinə görə, hansı işlərin dayandırılmasına qərar verilib, hansı tədbirlər həyata keçilib.

– Sizcə, bu faciədən hansı dərs çıxarılmalıdır?

– Bu, artıq dərs deyil, bu, olmamalıdır. Ötən il başlayan qəzalardan sonra, Əzrayıl adamları bir-bir aparanda artıq dərs çıxarmaq lazım idi. Proqramlar güclənməli, sərmayə qoyulmalı idi. Dövlət Neft Şirkəti öz vəsaitini özündə saxlasaydı, dövlət onu ikinci büdcə kimi istifadə etməsəydi, ARDNŞ öz obyektlərinə sərmayə qoyardı.

XS
SM
MD
LG