Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Diplomu əllərində qalanlar


3 min 500-dən çox tələbənin diplomu təsdiqlənmir - dövlət qurumları məhkəmə çəkişməsində
Gözlə

No media source currently available

0:00 0:07:35 0:00

3 min 500-dən çox tələbənin diplomu təsdiqlənmir - dövlət qurumları məhkəmə çəkişməsində (2022)

"Dörd il oxudum, indi diplomum tanınmır", – AzadlıqRadiosuna danışan onlarla gənc belə bir gileyini dilə gətirib.

2023-cü ilin beş ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 245 nəfərin diplomunu tanımayıb. 2021-ci ildə 381, 2022-ci ildə 627 diplom tanınmayıb. Səbəblərə gəlincə, agentlik təkcə bu il 189 şəxsə təhsil aldığı ölkədə kifayət qədər qalmadığını və bununla da tədris yükünü tam mənimsəmədiyini əsas gətirib.

İlkin Tağızadə diplomu tədrisi distant olduğu üçün tanınmayanlardandır. O, iki ildir müsbət cavab alacağı günü gözləyir.

"Azərbaycan koronavirus pandemiyası dönəmində özü də distant tədrisdən yararlanıb. Həmin vaxt tələbələr imtahanı onlayn verirdi. İndi mənim dördillik diplomum tanınmır. Türkiyədə maliyyə üzrə oxumuşam, burada dövlət işində çalışmaq istəyirdim...", – Tağızadə gileylənir.

Təhsil aldığı Gürcüstanda qısa müddət yaşadığı üçün diplomu tanınmayan Ayla Səmədli isə deyir ki, Azərbaycanda tədrisin keyfiyyəti düzgün meyarlar ilə yoxlanmır, buna görə də haqsız qərar çıxarılır.

"Qaib sayına görə qiymətləndirmək absurddur. Bu, ikinci bakalavr təhsilim idi, Azərbaycanda qaibin çoxdursa, imtahandan kəsilirsən, təzədən verə bilirsən və diplom alırsan. Gürcüstanda isə situasiya fərqli idi, qaibim olsa da, dərsləri təhvil verirdim. Hökumət isə diplomumu tanımamaqda inadlıdır", – o bildirir.

Dövlət fərqi

"İranda aldığım təhsili heçə sayırlar, agent kimi baxırlar, diplomu tanımaq bir yana, işdə də problem yaradırlar". Bunu isə AzadlıqRadiosuna şərti adı Məmməd Quliyev olan müsahibimiz deyir. Onun sözlərinə görə, rəsmi imtina cavabında "dövlət nümunəsi olmayan diplomdur" yazılıb. O isə cavab ilə razılaşmır: "Əgər həmin universitetlərin diplomu tanınmırsa, biz oxumağa gedəndə bunu bizə Azərbaycanda deməlidirlər. Hansı tələbə ölkədən təhsil üçün çıxırsa, hökumətin bundan xəbəri olur. Mənə göstərilən səbəb isə sadəcə absurd idi. İranda oxuyub gələn yüzlərlə şəxsin diplomu tanınmır, mən də onlardan biri. Dövlətlər arasında bilinməyən münasibətin əziyyətini gənclər çəkir".

Azərbaycanla İranın münasibətində müxtəlif vaxtlarda gərginlik yaranıb. Bu ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə silahlı hücum zamanı bir nəfər öldürülüb. Bundan sonra Azərbaycan səfirliyi bağlayıb.

AzadlıqRadiosunun müxbirinə İranda təhsil aldığı üçün diplomu tanınmadığını deyənlər arasında 20 il əvvəl məzun olanlar da var idi.

Ekspertlər diplom tanınması məsələsinin hələ ötən əsrin sonlarından müşkülə çevrildiyini təsdiqləyirlər. Narazılıqlardan biri də odur ki, məzunların bir qismi fərdi qaydada imtahan edilir və bəzən eyni universitetin diplomu bir şəxs üçün tanınır, digəri üçün tanınmır. İranda təhsil almış müsahibimiz isə tanınmayan diplomlarla hazırda dövlət vəzifələri tutan məmurların olduğunu deyir, "ikili standartla yanaşırlar" deyə iddia edir.

Şirkət səriştəsizliyi

Tələbələrin diplomunun tanınma probleminin yaranma qaynaqlarından biri də xaricdə təhsil şirkətləri ilə bağlıdır. Bu sahə üzrə mütəxəssis Nigar Əhmədli AzadlıqRadiosuna bildirib ki, şirkətlər Azərbaycanda diplomu tanınmayan, amma xərci az universitetlər ilə əməkdaşlıq yaradır və tələbələri şirnikləşdirir.

"Azərbaycanda bu sahədə gənclər bilgi azlığı ucbatından şirkətlərin tələsinə düşür. Müqavilədə diplom tanınması məsələsi olmadıqda isə dörd il oxuyub gələn tələbə nə şirkəti məhkəməyə verə bilir, nə də Elm və Təhsil Nazirliyindən kömək istəyə. Universitetlərin özü ilə əlaqə yaratmağa cəhd edin", – deyən Əhmədli ötən üç ildə təhsil şirkətinin səhvinə görə 50 şəxsin diplomunun tanınmadığını vurğulayır.

Azərbaycanda təhsil şirkətlərinə nəzarət edən qurum yoxdur, vergi ödəyicisi olmaq şərti ilə istənilən şəxs bu fəaliyyətlə sərbəst məşğul ola bilir. Lakin mediada son illərdə xaricdə təhsil vəd edən şirkətlərin qanunsuzluqları ilə bağlı məlumatlar da yer almaqdadır.

Nigar Əhmədli Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlərin olduğunu deyir, seçilən təhsil ocağını yaxşı araşdırmağa çağırır.

Rəsmi

Nazirlər Kabineti "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydası"nı bu ilin fevralında təsdiqləyib. Qaydalara görə, təhsil haqda məlumatlar elektron şəkildə bir neçə nazirlik və dövlət qurumunda cəmləşir. 12-ə yaxın dövlət qurumunun qatıldığı prosesdən üzü ağ çıxan diplomlar tanınır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) diplomların tanınmaması səbəblərini belə sadalayır:

  • Əyani və qiyabidən başqa tədris forması
  • Tədris dili və öyrədilən bilgilərin azlığı
  • Saxta sənəd, yaxud tədrisi bitirdiyini təsdiqləyən sənədin fərqli formatı
  • Dərsdə iştirak azlığı
  • Natamam təhsil

Agentlikdən bildirilir ki, diplomlar heç bir fərq qoyulmadan yoxlanır və göstərilən tələblərə cavab verməyənlər tanınmır.

TKTA İdarə Heyətinin sədri Ülkər Səttarova bu il yerli mediaya açıqlamasında deyib ki, agentliyin hansısa qara siyahısı yoxdur: "Biz tələbənin təhsil aldığı universitetin həmin ölkədə akkreditasiyasının olub-olmamasına baxırıq. Başqa problemlərlə də rastlaşırıq. Məsələn, Ukrayna universitetləri ilə bağlı bir çox problemlər çıxır. Vətəndaşın sənədlərinə baxdığımız zaman məlum olur ki, tələbə dörd il ərzində cəmi 20 gün həmin ölkədə olub, hüquqşünaslıq diplomu alıb. Təbii ki, bu, heç bir məntiqə sığmır".

Agentlik 2021-ci ildə diplomlarına imtina verilən universitetlərin siyahısını da açıqlayıb. Buraya Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetləri daxil idi.

Çıxış yolu

Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 50 minə yaxındır. Bu rəqəmləri ekspertlər deyir, rəsmi statistika isə hələ ki yoxdur.

Təhsil eksperti Sevinc Mustafayeva qeyd edir ki, xaricə oxumağa gedən tələbələrə yardım və nəzarət üçün Elm və Təhsil Nazirliyi daxilində şöbə olmalıdır. Universitetlər ilə əməkdaşlıq artmalı, tələbələrin hər yeni universitet seçimində həmin təhsil ocağına dövlət səviyyəsində əməkdaşlıq məktubu göndərilməlidir: "Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda az bal yığanlar və ölkədəki təhsildən narazı olanlar xaricə qaçmaq istəyir... Monopoliya qurulsun demirəm, azad bazar iqtisadiyyatı çərçivəsində təhsil şirkətləri də ola bilər. Amma fırıldaq hallarına qarşı monitorinqlər aparılsın".

Ekspert Rusiya-Ukrayna müharibəsinin, İranla münasibətlərdə gərginliyin, Türkiyədə pandemiyadan sonra distant təhsilin miqyasının artmasının da diplomların tanınmasına təsir göstərdiyini qeyd edir.

Gənclərə imkan tanımaq

Diplomu əllərində qalan 20-dən çox gənc AzadlıqRadiosunun müxbirinə ümidlərini üzmədiklərini deyirlər. Gənclər ümid edirlər ki, diplomların tanınmamasına əsaslı səbəb gətiriləcək.

"Ümid edirik ki, nə dövlətin münasibəti, nə kimlərinsə oyununa tuş gəlməyəcəyik və diplomlarımız tanınacaq. Gənclərə təhsil və iş imkanlarının məhdudlaşması bizim yalnız ölkədən soyudur….", – İlkin Tağızadə deyir.

XS
SM
MD
LG