Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Hərbi prokurorun qardaşına ittiham: 'Nəyim varsa, əlimdən aldı...'


Respublikanın hərbi prokuroru Xanlar Vəliyevlə Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı olan Şahmar Vəliyevin adı 1 milyon dollarlıq dələduzluq işində keçir. İddia edilir ki, bu pulun yarısından çoxu Şahmar Vəliyevindir.

Dələduzluqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılan Cəfər Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

O, plastik boru istehsalında istifad’ olunan “kroşkaların” – xırda hissəciklərin (rəsmi adı P-100 markalı material) İrandan gətirilib Azərbaycanda satışıyla məşğul olub.

İyulun 4-də məhkəmədə danışdığına görə, onun İranda ticarət tərəfdaşı Əkbər adlı şəxs olub və Azərbaycandakı biznes ortaqlarından aldığı pulları məhz Əkbərə göndərib. Əvəzində İrandan sözügedən material gəlib. Uzun müddət belə çalışıblar. Sonuncu dəfə pul göndəriləndən bir müddət sonra Əkbər “yoxa çıxıb”.

“Ona nə qədər zəng eləsəm də, tapa bilmədim. Malı göndərmədi, özü də yoxa çıxdı. Mal üçün pul verən adamların qabağında mən qaldım. Onlar pullarını məndən tələb eləməyə başladılar” - Cəfər Əliyevin sözləridir.

“Borc müqaviləsi bağlatdırdı”

Onun dediyinə görə, 550 min dollar Şahmar Vəliyevin, toplam 500 min dollar da daha 4 nəfərin (Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkrəm Əliyev) idi.

Cəfər Əliyev iddia edir ki, Şahmar Vəliyev o pulun əvəzində nəyi varsa, əlindən alıb, amma yenə ondan şikayətçidir:

“Vəziyyət belə olandan sonra Şahmar Vəliyev öz şirkətində - “Azneftmaş”da işçisi olan Etibar Quliyevin adına mənimlə 550 min dollarlıq borc müqaviləsi bağlatdırdı. Sonra o müqavilə əsasında məni mülki qaydada məhkəməyə verib, əmlakıma yönəltdirdi, nəyim vardısa - evimi, bağımı, maşınımı əlimdən aldı. Bununla da kifayətlənmir, indi də məndən şikayətçidir”.

O, 2015-ci ildən Vəliyevlə biznes əlaqələri olduğunu söyləyir. Əvvəlki üç il boyunca, əsasən, tikinti işlərilə bağlı ünsiyyətdə olublar:

“2018-ci ildən sonra “kroşka” məsələsilə bağlı ünsiyyətimiz olurdu”.

Zərərçəkmiş qismində çağrılan Şahmar Vəliyev məhkəməyə gəlməyib. Onu nümayəndəsi təmsil edir və dəymiş ziyanın ödənilməsini tələb edərək, şikayətçi olduqlarını deyir.

“O, içəridə yatanda bizə pul qaytara biləcək?”

İyulun 4-dəki məhkəmədə çıxış edən zərərçəkən Sadıq Yusifov Cəfərin ona da 130 min dollar borcu qaldığını bildirsə də, başına gələnləri anlayışla qarşıladığını və bu üzdən ondan şikayətçi olmadığını söyləyib:

“Biznes olub, kiməsə pul verib, onda qalıb. Sonra pandemiya da düşdü ortaya. Adamın evini, bağını, maşınını da alıblar əlindən. İndi necə eləyək? O içəridə yatanda bizə pul qaytara biləcək?”

Cəfər Vəliyev CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilir. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG