Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:35

Həmsədrlər Əliyev-Pashinian görüşündən sonra bəyanat veriblər


ATƏT-in Minsk Qrupunun həmsədrləri
ATƏT-in Minsk Qrupunun həmsədrləri

Prezident İlham Əliyev və baş nazir Nikol Pashinian arasında Vyanada keçirilən danışıqların ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, görüş pozitiv və konstruktiv atmosferdə keçib və iki liderə müvafiq mövqelərini açıqlamaq imkanı verib.

Onlar tənzimləmə prosesinin bir neçə əsas məsələlərinə və konkret ideyalara dair fikir mübadiləsi ediblər.

İki lider davamlı sülh üçün mühitin yaradılmasının və münaqişənin dinc həlli istiqamətində aparılan danışıqlar prosesində əməli addımlar atılmasının mühümlüyünü vurğulayıb.

Düşənbədəki söhbətlərini yada salan liderlər atəşkəsə və birbaşa kommunikasiya mexanizminə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Onlar habelə humanitar sahədə bir neçə tədbirin işlənməsi barədə razılığa gəliblər.

Prezident və baş nazir xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşməyi tapşırıblar.

Onlar habelə öz aralarındakı birbaşa dialoqu davam etdirəcəklərini deyiblər.

***

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pashinian arasında Dağlıq Qarabağ tənzimləməsinə dair danışıqlar başa çatıb.

Martın 29-da Vyanadakı Bristol mehmanxanasında əvvəlcə Əliyev və Pashinian-ın iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri – Igor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti-nin (Fransa) iştirakı ilə geniş tərkibdə görüşü olub.

Sonra iki lider danışıqları təkbətək formatda davam etdiriblər.

Nəhayət sonda müzakirələrə yenidən xarici işlər nazirləri və həmsədrlər də qatılıblar.

Görüş 3 saatadək davam edib.

Əliyevlə Pashinian-ın görüşünə həmsədrlər də qoşulub

Azərbaycan prezidenti İlham Əliyevin Vyanada Ermənistanın baş naziri Nikol Pashinian ilə görüşü davam edir.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə İ.Əliyevin və N.Paşinyanın təkbətək görüşü olub.

Hazırda görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edir.

+++

Azərbaycan prezidenti İlham Əliyev martın 29-da Vyanada Ermənistanın baş naziri Nikol Pashinian ilə görüşür.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter səhifəsində məlumat verib.

Görüşdə Azərbaycanla Ermənistan arasında münaqişənin müzakirə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə, mövcud format əsasında həllini dəstəkləyir.

Ermənistan baş naziri N.Paşinyan bundan əvvəl açıqlamalarında danışıqlarda Dağlıq Qarabağın da iştirakını təklif etmişdi. Azərbaycan isə bunu düzgün saymır. Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağdakı mövcud qurumlar separatçı qüvvələrdir. Azərbaycanın mövqeyinə görə, danışıqlara Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər tərəf kimi qatıla bilərlər.

Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan arasında münaqişə var. Bu münaqişə 1988-ci ildə Ermənistanın ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG