Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Meşəlidəki qətllərdə günahlandırılan Xaçatryanın məhkəməsi başlayıb


Vaqif Xaçatryan
Vaqif Xaçatryan

1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasında ittiham olunan Vaqif Xaçatryan Bakıda məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Yasamal rayon Məhkəməsinin binasında keçirilir.

Oktyabrın 13-də Xaçatryanın işi üzrə məhkəmənin hazırlıq iclasında məlum olub ki, bu prosesdə ittihamı iki prokuror müdafiə edəcək. Bunlardan biri Baş prokurorun köməkçisi Müqəddəs Sultanov, ikincisi isə Cövdət Mehrəliyevdir.

Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edir.

Qanuna görə, Azərbaycanda məhkəmə prosesi yalnız dövlət dilində aparıla bilər. Xaçatryanın erməni dilini bilən tərcüməçi ilə təmin olunduğunu da iclas katibi elan edib.

Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları özü ilə dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub. Xaçatryan deyib ki, hüquqları da, vəzifələri də ona aydındır.

Cinayət işi üzrə 59 zərərçəkmişdən 58-i fiziki şəxslərdir. Qalan biri isə Xocalı rayon İcra Hakimiyyətidir. İcra hakimiyyətini məhkəmədə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Hazırlıq iclasına zərərçəkmişlərdən bir neçəsi qatılmışdı.

Xaçatryanın işi üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib. Həmin gün prokuror ittiham aktını elan edəcək, ardınca dindirmələr başlayacaq.

Xaçatryanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edir.
Xaçatryanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edir.

İttihamlar

68 yaşlı Vaqif Xaçatryan iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana getmək istədiyini bildirmişdi. Həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırıb, Qarabağ sakininin saxlanmasını "adam oğurluğu" adlandırmışdı.

Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın hələ 2013-cü ilin noyabrından Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə beynəlxalq axtarışda olduğunu açıqlamışdı.

Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-nin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Azərbaycan qanunvericiliyində soyqırımı cinayətinə görə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xaçatryanın ona qarşı ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

"Silahı yerə qoyanlara amnistiya verməyi nəzərdən keçiririk"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG