Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:04

Vaqif Bayatlı Odər: 'Xalq şairi adını istəmirəm. Torpaqlarımız azad olunsun'


Vaqif Bayatlı Odər
Vaqif Bayatlı Odər

Bugünlərdə Əməkdar incəsənət xadimi adını alan şair Vaqif Bayatlı Odər AzadlıqRadiosuna belə deyir. Onunla söhbəti təqdim edirik.

- Vaqif müəllim, bu günlərdə prezident Sizə fəxri ad verdi. Necə qarşıladınız?

- Hansı ad? Heç bilmirəm.

- Əməkdar incəsənət xadimi adı.

- Hə, çoxdur... Məncə, layiq deyiləm ona. Ümumiyyətlə, vətən torpağımız işğal altındadır. Bu vəziyyətdə ad-zad, heç nə istəmirəm. Mənim üçün çox ağrılıdır indi. Nə verirlər versinlər. Amma mənim üçün ad ikinci dərəcəlidir. Əsas torpaqlarımızı, bircə kəndimizi azad etsələr, o mənim üçün daha böyük mükafat ola bilər. İstəyirəm bütün torpaqlarımız, dünyada işğal altındakı bütün torpaqlar azad olunsun. Ən böyük arzumuz o torpaqlara qayıtmaqdır. Ondan böyük ikinci bir şey təsəvvür etmirəm.

- Ötən həftə prezident Ramiz Rövşənə, Musa Yaquba Xalq şairi adı verdi. Amma buna münasibət birmənalı olmadı. Bəziləri hesab edir ki, onlar çoxdan xalqın şairidirlər, bu ada ehtiyac yox idi, bəziləri də bu adı qəbul etdiklərinə görə şairləri qınadı. Siz nə düşünürsünüz?

- Hər adamın şəxsi fikri var. Mənə versələr, balaca, hətta adi... Mənə Əməkdar incəsənət xadimi adı verilib, o da çox böyük şeydir. Mən istəmirəm, layiq bilmirəm. Torpaqlarımız azad olunmamış heç bir mükafat istəmirəm. O vətən torpağına gedib başımı qoyacam, mənə ən böyük mükafat oradır. Tək öz kəndimizin yox, bütün türk torpaqlarının azad olunması ən böyük mükafat olar.

- Bəs nə əcəb Sizə Xalq şairi adı verilmədi?

- Bilmirəm. Arzusunda da deyiləm. İndi verdikləri də çoxdur. Mən Xalq şairi adını istəmirəm də. Torpaqlarımız azad olunsun. Özümün və torpaqlarımızın azadlığını istəyirəm.

- Vaqif müəllim, Sizcə, bu titullara, fəxri adlara, Xalq şairi, Xalq yazıçısı kimi adlara artıq ehtiyac varmı, qalmalıdırmı? Ayrıseçkilik yaratmırmı?

- Bilmirəm. Xaricdə, Amerikada-zadda belə şey yoxdur, məncə. İndi verirlər versinlər, nə olar. Amma bir az çox olur. Məni şəxsən qəti maraqlandırmır. Hamısını təbrik edirəm, alanları təbrik edirəm. Kim maraqlanırsa, kim istəyirsə, qoy hamısına versinlər. Hamının ürəyi xoş olsun. Amma torpaqlarımızı da azad etsinlər. Torpaq ən böyük mükafatdır.

- Sizinlə bir neçə dəfə müsahibədə olsam da, işğal edilmiş torpaqlar haqda heç vaxt bu qədər çox danışmamamışdınız. Səbəb nədir?

- Get-gedə torpağa daha çox yaxınlaşıram. Vətəni daha çox istəyirəm. Qabaqlar bir az gənc idim, dəlisov idim, indi daha çox torpaq, vətənin havası, vətənin göyü... Mənim şeirlərimdə də daha çox göy üzündən danışılır. Torpaq azad olunmasa, onun göy üzü də azad edilmir.

- Bugün Azərbaycanın göy üzünü şeirlə ifadə etsəydiniz, onu necə təsvir edərdiniz: tutqundur, açıqdır, bozbulanıqdır?

- Azərbaycanın göy üzü Allahın ətəyidir. O, həmişə gözəl olur. Allah onu bizim üçün gözəl yaradıb. Sadəcə olaraq, bəziləri, məsələn, şovinist dövlətlər Allahın bu gözəl kölgəsini qarışdırmağa çalışırlar.

- Bugün həm də Cümhuriyyətin 101 yaşı tamam olur. Hansı ovqatda bayramı qarşılayırsınız?

- Cümhuriyyət fəxrimizdir. Onu yaradanlar qəhrəman insanlardır. O cür ağır, çətin vəziyyətdə Azərbaycanın istiqlalını elan etdilər. Mənə belə gəlir ki, kimlərin heykəli yoxdursa, heykəl qoyulmalıdır, onlar haqqında çoxlu yazılmalıdır, onları hər gün xatırlamalıyıq. Şəxsən mən hər gün onlara dua oxuyuram.

XS
SM
MD
LG