Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Strateji valyuta ehtiyatları SOS siqnalı verir?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Əvvəlki illərlə müqayisədə ictimaiyyətə nisbətən gec çatdırılan məlumatdan görünür ki, 2015-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları azalmağa üz tutub. Bu il yanvarın 1-nə olan məlumata görə, ölkənin ən iri valyuta ehtiyatlarının toplandığı ARDNF-nin aktivləri ötən ilin eyni dövrüylə müqayisədə 3 milyard 530 milyon dollar azalıb. Başqa sözlə, bu aktivlər 2012-ci il səviyyəsindən də aşağı düşüb. Bu dövr ərzində Mərkəzi Bankın valyuta ehtiyatları da 2008-ci ilə səviyyəsinə enib. Bütövlükdə Azərbaycanın strateji valyuta ehtiyatları bu il yanvarın 1-də 38 milyard 600 milyon ABŞ dolları olub. Bu səviyyə 2011-ci ilin ortalarındakı vəziyyətə uyğun gəlir.

«ƏN GECİ, 6 AYA...»

İqtisadiyyat araşdırmaçısı Qubad İbadoğlu deyir ki, indi hökumətin önündəki başlıca vəzifələrdən biri də toplam valyuta ehtiyatlarının ÜDM-dəki xüsusi çəkisinin azalmasına yol verməməkdir: «Bu isə bir tərəfdən Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunmasını, digər tərəfdən ARDNF-nin gəlirlərinin artırılmasını tələb edir. Daxili və xarici bazarın konyunkturunu nəzərə alsaq, hər iki qurumun qarşısında çox mürəkkəb vəzifə durur. Manata basqının şiddətləndiyi indiki durumda Mərkəzi Bankın bu vəzifəni yerinə yetirməsi inandırıcı görünmür. Mərkəzi Bank indiki məzənnə siyasətini davam etdirsə, çox güman,ən tezi 3 aya, ən geci isə yarım ilə valyuta ehtiyatlarını tükədəcək».

«GƏLİRLƏRİN ARTACAĞINI PROQNOZLAŞDIRMAĞA DƏYMƏZ»

ARDNF-yə gəlincə, ekspert artıq ikinci ildir onun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlirlərin davamlı azaldığını bildirir: «Ötən il bu fəaliyyətdən qazanılan gəlirin (335 milyon 600 min manat) ümumi gəlirdə payı 1 faiz olub. Müqayisə üçün qeyd edək ki, ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin aktivlərdə xüsusi çəkisi 2013-cü ildə 1.34 faiz, 2014-cü ildə isə 1.04 faiz olub. Bu istiqamətdə ən yüksək göstəricilər 2007-2009-cu illərdə qeydə alınıb (uyğun olaraq 4.5; 3.8 və 3.29 faiz). Hazırda dünya maliyyə bazarlarında risklərin artması bu sahədə işi çətinləşdirir. Odur ki, ARDNF mühafizəkar sərmayə siyasətinə uyğun olaraq, daha az riskli və sabit gəlirli aktivlərə yatırımlar edir. O səbəbdən yaxın gələcəkdə də ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin artacağını proqnozlaşdırmağa dəyməz».

Q.İbadoğlunun fikrincə, dövlətin strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin tələb və təklif əsasında sərbəst müəyyənləşdirilməsidir: «Əks təqdirdə manat yalnız Mərkəzi Bankın deyil, ARDNF-nin də valyuta ehtiyatlarını tükədəcək».

XS
SM
MD
LG