Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Prezident ailəsinə yaxın gizli özbək şirkəti müqavilələrdən necə milyonlar qazandı 


Tanınmayan "Ultimo Group"a 36 milyon dollar dəyərində hökumət kontraktı verilib
Tanınmayan "Ultimo Group"a 36 milyon dollar dəyərində hökumət kontraktı verilib

Özbəkistanda heç bir biznes keçmişi olmayan kabus şirkət niyə 100 milyon dollarlıq dövlət kontraktları əldə edib?

AzadlıqRadiosunun araşdırması Özbəkistanın prezident ailəsinə bağlı gizli şirkətin məxfi dövlət kontraktları ilə 100 milyon dollardan çox gəlir əldə etdiyini üzə çıxarıb. Bu kontraktlara ölkənin ən iri sement istehsalçısına bahalaşdırılmış təbii qazın çatdırılması da daxildir.

"Ultimo Group Limited" adlı şübhəli şirkətin əldə etdiyi gəlirli hökumət kontraktları siyasi liderlərin, o cümlədən prezident Şavkat Mirziyoyevin yaxınlarının və onların köməkçilərinin yüksək səviyyələrdə "endemik dostbazlıq" kimi tanınan fenomendən nə qədər mənfəət götürdüyünü göstərir.

Ötən il qaz qıtlığının doğurduğu narazılıq fonunda dövlət qurumlarına enerji sektorunda korrupsiyanın kökünü kəsməyi əmr edən Mirziyoyev dəfələrlə şəffaflığı artırmaq barədə vədlər verib.

"Qeyri-şəffaflıq … işimizə kömək etməyəcək"

"Heç kimin keçmişdə işlədiyi kimi işləməyə ixtiyarı yoxdur. Bildiyiniz kimi, hazırda cəmiyyətin bütün sahələrində açıqlıq və şəffaflıq təmin edilir. Qeyri-şəffaflıq, korrupsiya və nepotizm bizim işimizə kömək etməyəcək", - Mirziyoyev 2019-cu ildə sələfi İslam Kərimovu nəzərdə tutaraq belə deyib.

Otabek Umarov
Otabek Umarov

Ancaq AzadlıqRadiosu özbək xidmətinin araşdırması Mirziyoyevin kürəkəninin köməkçilərinin "Ultimo Group" ilə bağlılığını üzə çıxarıb. Əslində, tanınmayan, o zamanadək heç bir biznes təcrübəsi qeydə alınmamış bu şirkətə, azı, 36 milyon dollar dəyərində bahalaşdırılmış təbii qazın Özbəkistanın sement nəhəngi "Qızılqumsement"ə satılmasını nəzərdə tutan hökumət kontraktı verilib. Müqavilə imzalanan vaxt "Qızılqumsement" dövlətə məxsus olub.

Özbək xidmətinin əldə etdiyi sənədlər "Ultimo Group"un dövlətə məxsus qaz inhisarçısı "Uztransqaz"dan 66 milyon dollardan çox pul aldığını və Türkmənistandan 1 milyard kubmetrə yaxın qaz idxal etdiyini göstərir.

Araşdırma nəticəsində "Ultimo Group"un Nyu-Yorkdan Dubay və Honq-Konqadək uzanan, Mirziyoyevin kürəkəni Otabek Umarov ilə bağlı olan lüks mal alış-verişi ilə məşğul iri beynəlxalq şirkətlər şəbəkəsi ilə əlaqəsi də üzə çıxarılıb.

İdman sahəsində də çalışan və prezidentin güvənlik xidməti rəisinin müavini olan Umarov Mirziyoyevin qızı Şahnoza ilə evlidir.

Bu şəbəkənin mərkəzi fiquru…

Umarovun yaxın adamı, Özbəkistan Cudo Federasiyasının rəhbəri və ölkənin Olimpiya Komitəsi sədrinin müavini Azizcon Kamilov bu şəbəkənin mərkəzi fiqurudur.

AzadlıqRadiosunun daha öncəki araşdırmaları Umarovun orbitində olan şəxslərin, o cümlədən qardaşının külli miqdarda sərvət topladığını müəyyənləşdirib. Onlar Mirziyoyev hökumətinin patronajlığından və çox zaman mürəkkəb qeyri-şəffaf şirkət strukturlarından yararlanıblar.

Umarov Özbəkistanda siyasi və iqtisadi elitalar arasında pərdəarxası vasitəçi kimi də tanınır.

Kağız üzərində, sadəcə, orta səviyyəli dövlət məmuru olan Umarov son bir neçə ildə Özbəkistanda məşhur fiqura çevrilib. O, xarici VIP-lər və kral ailələrinin üzvləri ilə oturub-durması və özünə ölkə idmançılarının əsas dəstəkçisi imici yaratması ilə də tanınır.

Umarovun özünüreklamının əsas elementlərindən biri onun "7Saber" adlı şəxsi brendidir. Bu şirkət ölkənin Olimpiya geyimlərini istehsal edir. 2021-ci ildə meydana gələn marka Umarovun üç il öncə vasitəçi şirkət kimi təbii qaz satan və qəfildən peyda olan "Ultimo Group"la bağlantılı şirkətlər şəbəkəsi və şəxslər ilə birbaşa əlaqəsi olduğunu göstərir.

Qəfil meydana çıxsa və fəaliyyətə çox böyük gəlirlə başlasa da, "Ultimo Group" korporativ kabus olaraq qalmaqdadır. Şirkətin nə işlək saytı var, nə də ictimai profili. Sahiblərindən biri də heç bir açıq biznes təcrübəsi olmayan pensiyaçıdır.

AzadlıqRadiosunun əldə etdiyi bank qeydləri göstərir ki, "Uztransqaz" 2022-ci ilin yanvar-sentyabr aylarında "Ultimo Group"a ümumi məbləği 66.6 milyon dollar olan, ən azı, səkkiz ödəniş edib.
AzadlıqRadiosunun əldə etdiyi bank qeydləri göstərir ki, "Uztransqaz" 2022-ci ilin yanvar-sentyabr aylarında "Ultimo Group"a ümumi məbləği 66.6 milyon dollar olan, ən azı, səkkiz ödəniş edib.

Gizli qaz müqaviləsi

"Ultimo Group" 2021-ci ilin martında Özbəkistanın paytaxtı Daşkənddə, bir yaşayış binasındakı mənzildə qeydiyyatdan keçirilib.

Onun qurucu səhmdarları atası Özbəkistanın dövlət təhlükəsizlik xidmətində işləmiş və əmisi Türkiyədə səfir olan Tuhfat Anvarxucayev və prezidentin xaricdə yaşayan özbək dəstəkçiləri qrupunun üzvü olmuş Dilyor Kayumovdur.

Özbəkistanın dövlət reyestri bu iki şəxsdən heç birinin daha öncə başqa şirkətlərin səhmdarları siyahısında olmadığını göstərir. Ancaq Kayumov neft-qaz sektorunda, Kanadanın "RLG International" şirkətində çalışıb. "Ultimo Group" qurulan zaman bu şirkət Özbəkistanın dövlət neft-qaz şirkəti olan "Uzbeknefteqaz"a istehsalat məhsuldarlığı sahəsində konsaltinq xidməti göstərirmiş.

"Ultimo Group"un 50 faizlik səhmdarlarından biri olan Anvarxucaev Umarov ilə hər hansı əlaqəsinin olmasını inkar edib. O, Kamilov ilə münasibətlərini "səmimi" adlandırıb. Umarov ilə Kamilovun "Ultimo Group" ilə heç bir əlaqəsinin olmadığını deyib.

O zaman 86 faizi dövlət nəzarətində olan "Qızılqumsement" 2021-2022-ci illər ərzində ildə 375 milyon kubmetr qaza ehtiyacı olacağını hesablamışdı. Dövlət şirkəti olduğundan, qanuna görə, təbii qaz satan şirkət tapması üçün tender keçirməli idi.

Tender prosesinin detalları aydın deyil. Ancaq 2021-ci il aprelin 13-də "Qızılqumsement" rəsmi saytını cəmi bir həftə öncə qeydiyyatdan keçirən "Ultimo Group"la satınalma müqaviləsi bağlayıb.

Bu müqavilə və ona sonradan əlavə edilən düzəlişlərə görə, "Ultimo" "Qızılqumsement"ə 379 milyon kubmetr qaz satmalı idi.

"Qızılqumsement"in niyə vasitəçidən alacağı qaz üçün daha çox pul ödəmək istədiyi aydın deyil. Üstəlik, hökumət 2019-cu ildə "Uztransqaz"ın əsas istehlakçıları təbii qazla təmin edən tək təchizatçı olmasına dair qərar qəbul edib. Jurnalistlərin "Qızılqumsement", "Uztransqaz" və "Ultimo Group"dan açıqlama almaq cəhdləri cavabsız qalıb.

XS
SM
MD
LG