Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:53

Cinsi əlaqədə olanların hər ikisi uşaqdırsa…


Uşaqbazlıq
Uşaqbazlıq

Ara-sıra KİV-lərdə azyaşlıların cinsi istismara, cinsi zorakılığa məruz qalması haqda məlumatlar yer alır. Bəzən də bu, mübahisələrə yol açır. Bu, tərəflərin razılığı ilə baş veribsə, zorlama, cinsi təcavüz sayılmalıdırmı? Mübahisələr uzanır. Amma bu mübahisələrə qanunvericilik son qoya bilər. Bəs qanun nə deyir?

Bununla bağlı sualları cavablandırmağa AzadlıqRadiosunun əməkdaşına hüquqşünas Rafiq Alışov yardım edir. O deyir ki, Cinayət Məcəlləsinin 149,150, 151, 152-ci maddələrində bu cinayətlərlə bağlı cəzalar nəzərdə tutulur.

«Burda söhbət zorlama, seksual xarakterli zorakılıq, seksual xarakterlərə məcbur etmə kimi əməllərdən gedir. Başlayaq 149-cu maddədən, şəxsin köməksiz vəziyyətindən istifadə olunaraq birbaşa cinsi əlaqəyə məcbur edilir».

Zorlama- maddə 149

Zorlama - zərərçəkmiş şəxsin və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə, ya da belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmanı nəzərdə tutur.

Əgər zorlanan şəxs 14 yaşına çatmayıbsa, bu halda təqsirkar 8 ildən 15 ilədək azadlıqdan məhrum edilir (149.3.3), zorlanan yetkinlik yaşına çatmayan şəxsdirsə, təqsirkar 5 ildən 10 ilədək cəza alır (149.2.3).

Bir də var yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi. R.Alışov bunun da ağır cinayət sayıldığını bildirir: «Söhbət uşaqdan gedirsə, deməli, o, köməksiz vəziyyətdədir. Bir də var, seksual xarakterli hərəkətlərə məcburetmə. Burda zərərçəkmiş şəxsi hədə-qorxuyla, iqtisadi asılılıq yaratmaqla seksual hərəkətlərə məcbur edirlər».

Seksual xarakterli zorakılıq hərəkətləri – maddə 150

Bu zaman zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlər nəzərdə tutulur.

Cinayət 14 yaşına çatmayan şəxsə qarşı törədilibsə, təqsirkar 8 ildən 15 beş ilədək azadlıqdan məhrum edilir, zərərçəkən yetkinlik yaşına çatıbsa, təqsirkar 5 ildən 8 ilədək həbs edilə bilər.

Seksual xarakterli hərəkətlərə məcbur etmə

Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcburetmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əxlaqsız hərəkətlər

CM-nin 153-cü maddəsində təqsirkarın 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsızlıq hərəkətlər törətməyi nəzərdə tutulur.

«Burda söhbət uşağa qarşı əxlaqsız hərəkətlərdən gedir, məsələn, ona pornoqrafik şəkillərin, videoların göstərilməsi, bədəninin müxtəlif orqanlarına toxunmaq, əl vurmaq cinayətdir, seksual xarakterli hərəkətdir. Düzdür, burda təqsirkar 14 yaşına çatmayan uşağa zor tətbiq etmir, cinsi əlaqədə olmur, ancaq əxlaqsız hərəkətlərə yol verir, uşağın tərbiyəsinə, psixologiyasına təsir göstərir, məsələn, bir kişi uşağa öz cinsiyyət orqanını göstərir. Az ağır cinayət sayılır. Amma mahiyyət baxımından ağır cinayətdir», – hüquqşünas izah edir.

Bu durumda 153-cü maddəyə əsasən, əxlaqsız hərəkətlər törədən 500 manatdan 1000 manatadək cərimələnə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Ən mübahisəli maddələrdən biri - 152

CM-nin 152-ci maddəsində söhbət 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqdan və ya digər seksual xarakterli hərəkətlərin edilməsindən gedir. Bir qədər də dəqiqləşdirək, yetkinlik yaşına çatan şəxsin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olması nəzərdə tutulur.

«Bizdə qız qaçırmaq, erkən nikahlar çox yayılıb. Son illər hökumətin və QHT-lərin apardığı maarifləndirmə sayəsində erkən nikahların qarşısı bir qədər alınıb. Amma bəzi bölgələrdə bu adət hələ də qalmaqdadır. Qız 15 yaşına çatmadan toy edirlər, qohum-əqrəba yığılır, bəzən vəzifəli şəxslər də, dövlət orqanlarının rəsmiləri də toyda iştirak edir, xeyir-dua verirlər. Sonradan qız hamilə qalır və doğum evinə gedəndə məlum olur ki, 16 yaşına çatmamış ərə verilib. 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır».

Zorakılıq
Zorakılıq

Hüquqşünas deyir ki, bu məqam mübahisələrə yol açır və sonradan ağır nəticələri də olur:

«Bu yöndə maarifləndirmə işləri aparılmalıdır. Evlənən şəxs qızın 16 yaşına çatmadığını bilsə də, qanunu bilmir. Bunlar bilməlidir ki, qızla toy gecəsi cinsi əlaqədə olmaq artıq cinayətdir. Burda artıq həm evlənən, həm də qızı ərə verən valideynlər məsuliyyət daşıyır. Çünki hüquq-mühafizə orqanları işə qarışandan sonra ailələr dağılır, uşaqlar atasız qalır, uşaqlara şəxsiyyət vəsiqəsi verilmir və s.».

Maddə 152

Maddə 152

Yetkinlik yaşına çatmış şəxs 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olarsa və ya seksual xarakterli başqa hərəkətlər edərsə, azadlığı 3 ilədək məhdudlaşdırıla və ya eyni müddətə azadlıqdan məhrum edilə bilər.

Bəs zorlayan özü uşaqdırsa, necə?

Deyildiyi kimi, söhbət yetkinlik yaşına çatan şəxsin 16 yaşına çatmayan şəxslə əlaqəsindən gedir. Bəs cinsi əlaqədə olanların hər ikisi yetkinlik yaşına çatmayıbsa? Bu durumda qanun hansı cəzanı nəzərdə tutur? Maraqlısı budur ki, yuxarıda sadalanan bütün maddələrdə yetkin şəxsin – yaşı 18 və daha yuxarı olan şəxslərin zorlamada, seksual xarakterli əməllərdə iştirakından gedir. Cinsi əlaqədə olanların hər ikisi uşaqdırsa, yaşı 14-15-ə çatmayıbsa, qanun nə deyir? Məsələn, bir qədər əvvəl Bakı məktəblərinin birində 7-ci sinifdə oxuyan qızla yuxarı sinif şagirdinin könüllü şəkildə cinsi əlaqədə olmasını əks etdirən videogörüntülər yayımlanmışdı. Bu durumda oğlana cəza verilə bilərmi?

R.Alışovun sözlərinə görə, bununla bağlı qanunda boşluqlar var. Konkret həmin hadisə haqda danışan hüquqşünas deyir: «Orda zorakılıq yox idi. Bunu edən də yetkinlik yaşına çatmayan şəxs idi, ona məruz qalan da. Qanun isə deyir ki, yetkinlik yaşında olan şəxs tərəfindən 16 yaşına çatmayan şəxs cinsi əlaqədə olarsa, seksual xarakterli əməllər törətmək cinayət məsuliyyəti yaranır. Həmin oğlan da 18 yaşına çatmayıb. Bizdə cinayət məsuliyyəti 14 yaşdan başlayır. Amma konkret sözügedən halla bağlı qanunda «yetkinlik yaşına çatmayan şəxs»in 16 yaşına çatmayan qızla cinsi əlaqədə olması haqda heç nə deyilmir, belə ifadə yoxdur. Qanunda müəyyən boşluqlar var. Ya bu cinayət yetkinlər kimi yetkinlik yaşına çatmayanlara da şamil edilməlidir. Ya da... Bu da uşaqdır, o da. Cinayət subyekti sual altında qalır».

Hüquqşünas deyir ki, bu maddə bəzən çətinliklər yaradır. O, bəzən hüquq-mühafizə orqanlarının qarşı tərəfin – şikayətçinin hüquqlarını araşdırdıqlarını, təqsirləndirilən şəxsin hüquqlarının isə ortada qaldığını bildirir.

Parlament işə qarışır?

Yeri gəlmişkən, bu məsələ deyəsən, parlamentin də diqqətindədir. «Report» agentliyi bu il yanvarın 25-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının dediklərini yayıb:

«Son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Həmin şəxslərin daha sərt formada cəzalandırılması üçün qanuna dəyişikliklər etmək məsələsinə baxırıq».

O bildirib ki, belə məsələlərə baxmağa ehtiyac var: «Bu, bizi narahat edir».

Cinsi istismar
Cinsi istismar

Deputat Sədaqət Vəliyeva da bu məsələyə toxunub: «Bu, ağrılı, utancverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir».

Cinsi istismar

Son illər azərbaycanlıların leksikonunda «cinsi istismar» termini tez-tez işlənməkdədir. Uşaqların cinsi istismarı ilə bağlı Azərbaycan qanunvericiliyi nələri nəzərdə tutur? Hüquqşünas R.Alışov deyir ki, CM-də «cinsi istismar» ifadəsi konkret olaraq işlədilmir.

«Amma asılılıq yaratmaq, seksual hərəkətlərə məcburetmə artıq istismardır. Söhbət məcburetmədən gedirsə, bu istismardır. Termin Məcəllədə olmasa da, məcburetmə bunu ifadə edir. Şəxs cinsi əlaqəyə vadar edilirsə, bu yolla kimsə qazanc əldə edirsə, bu, cinsi istismardır. İnsan alveri cinayətinin tərkibini yaradır. Bu da CM-nin 144-1 maddəsini əhatə edir. Məcburi əmək maddəsi də var, 144.2. Məsələn, yetkinlik yaşına çatmayan şəxs kiməsə və ya otellərdə kimlərəsə satılırsa bu cinsi istismardır».

Maddə 144-1.: İnsan alveri

144-1.2. İnsan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilirsə, təqsirkar əmlakı müsadirə olunmaqla, 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunda bu yerdə bir qeyd verilir: «Bu maddədə «insanın istismarı» dedikdə, məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və... qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür».

XS
SM
MD
LG