Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

Bağçalarda tərbiyəçi-müəllimlərin 50 faizindən çoxu...


Uşaq bağçası (Foto arxiv)
Uşaq bağçası (Foto arxiv)

Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 min 300 tərbiyəçi-müəllimdən 50 faizindən çoxunun (5 min 800 nəfərin) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu, ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində işçi heyətin məlumatlarının elektron bazalarda toplanılması nəticəsində məlum olub.

2021-ci ilin sonuna qədər məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin balansında idi. Həmin il dekabrın 20-də Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Bununla da yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bağça menyusu: hər gün vermişel?
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

"Hətta ali və orta ixtisaslı təhsili olmayan…"

Rəsmi məlumata görə, Azərbaycanda 1 min 700-ə yaxın uşaq bağçası var və həmin uşaq bağçalarının işçi heyəti 30 min nəfərə yaxındır. Onlardan 11 min 300-ü tərbiyəçi-müəllimlərdir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, "Məktəbəqədər təhsil haqqında" Qanuna görə, tərbiyəçilərin işə qəbulu zamanı əsas tələblərdən biri onların məktəbəqədər təhsil üzrə ali və yaxud da orta ixtisas təhsillərinin olmasıdır: "Hətta ümumiyyətlə ali və orta ixtisaslı təhsili olmayan şəxslər də bu vəzifəyə işə qəbul edilmişdi".

"İxtisar olmayacaq, amma əmək haqları…"

Nazirlikdən vurğulanıb ki, tərbiyəçi müəllimlərin ixtisarı olmayacaq, amma əmək haqları təhlil ediləcək: "Əməkhaqqını hesablayan proqram aşkar edir ki, bəzi hallarda ixtisas uyğunsuzluğu var və onu kənarlaşdırma kimi qiymətləndirir. Biz bu rəqəmlərə əsaslanaraq işçilərə və namizədlərə sənədlərinin tələblərə uyğun olmadığını deyirik. Əgər həmin şəxslər hansısa ixtisasartırma təlimlərindən keçiblərsə, əlavə təhsilləri varsa, bu barədə sənədlərini bizə təqdim etmələrini onlara bildiririk. Belə sənədlər təqdim edildiyi halda, əməkhaqqı buna uyğun hesablanır".

'Tələb olsaydı, açardıq' - Azərbaycandilli bağçalar niyə azdır
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Nazirlikdən əlavə edilib ki, hazırda məktəbəqədər təhsil müəssisələrində çalışanlar 2026-cı ilə qədər sertifikatlaşma prosesinə cəlb olunacaqlar.

"…məhz oradan qaynaqlanır"

Təhsil üzrə ekspert Nabatəli Qulamov isə AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamasına bir xatırlatma ilə başlayıb: "Mən sizə keçmiş təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ildə dediyi sözü xatırladım. O demişdi ki, bizim rayonlarda 2 mindən artıq müəllim saxta diplomla fəaliyyət göstərir. Bu, institutların filialları açılanda baş verməyə başladı. Həmin filialların bəziləri pul alıb diplom istehsal edirdi. Uşaq bağçalarında olan kadrlar da məhz oradan qaynaqlanır".

O hesab edir ki, həmin məsələnin təhsil-tərbiyə prosesinə çox mənfi təsiri var: "Onsuz da, bizim təhsil-tərbiyə prosesimiz elə vəziyyətdədir ki, danışmağa dəyməz. Bizim dövlət üçün təhsil maraqlı deyil".

N.Qulamov
N.Qulamov

"Guya, kadr çatışmazlığı var"

N.Qulamovun fikrincə, diplomu olmayan və ya başqa ixtisaslı diplomla fəaliyyət göstərən tərbiyəçilərin işə götürülməsində bəzi hallarda rüşvət rol oynaya bilər. Onun fikrincə, bəzən rüşvət olmasa, belə halların gerçəkləşməsi çətindir​: "Onu xüsusi bir adla rəsmiləşdirirlər. Yazırlar ki, zəruri ehtiyacı nəzərə alıb filankəs diplomsuz işə qəbul olundu. Guya, kadr çatışmazlığı var və ona görə diplomsuz şəxsləri işə götürürlər. Onlar hər yerdən çıxış yolunu tapıblar".

Amma bəzi ekspertlər də hesab edirlər ki, Elm və Təhsil Nazirliyi bu prosesi tənzimləyərkən əmək qanunvericiliyinin tələblərini mütləq qorumalıdır. Üstəlik, həmin şəxslərə münasibətdə onların təcrübələri, sonradan əlavə ixtisaslaşma kursları keçib-keçməmələri də nəzərə alınmalıdır. Onların sözlərinə görə, bu proses yalnız bir qisim insanların əmək haqlarının azaldılması ilə yekunlaşmamalıdır.

Mövzu ilə bağlı məktəbəqədər təhsil müəssisələrinin əvvəllər tabeçiliyində olduğu rayon icra hakimiyyətləri və sözügedən müəssisələrin rəhbər şəxsləri ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG