Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:24

ABŞ-da Ukraynaya müasir qırıcıların verilməsini müzakirə edirlər


F-16 qırıcısı
F-16 qırıcısı

Bu barədə məlumatı ABŞ hərbi hava qüvvələrinin qərargah rəisi general Çarlz Braun verib

Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynaya Qərb şirkətləri tərəfindən istehsal olunmuş müasir hərbi təyyarələrin verilməsini və Ukrayna pilotlarının onları idarə etməsi üçün təlimləndirilməsi mümkünlüyünü müzakirə edirlər.

Bu barədə məlumatı ABŞ hərbi hava qüvvələrinin qərargah rəisi general Çarlz Braun verib.

Onun sözlərinə görə Ukraynaya ABŞ-ın F-16 qırıcılarının, İsveçin Gripen, Fransanın Rafale və Eurofighter Typhoon təyyarələrinin verilməsi müzakirə olunur.

Braun əlavə edib ki, “hər halda söhbət Rusiya təyyarələrindən getmir”.

Ekspertlər deyirlər ki, belə müzakirələrin getməsi Birləşmiş Ştatların rəsmi mövqeyinin dəyişməsindən xəbər verir.

Qərb silahları Ukrayna savaşında vəziyyəti dəyişir
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Hələ ötən martda Vaşinqton Polşanın Ukraynaya öz cəbbəxanasındakı sovet MiG təyyarələrini verməsinə razılaşmamışdı.

Polşa bu təyyarələrin əvəzində ABŞ-da F-16 qırıcıları istəyidi.

O vaxt Ağ Ev bildirmişdi ki, belə mübadilə Ukraynadakı münaqişəni dərinləşdirə bilər.

İndi isə Ukraymna pilotlarına Qərb qırıcılarında təlim verilməsi ideyası Amerika konqresmenləri tərəfindən dəstəklənib.

Ötən həftə ABŞ Konqresi bu məqsədlə vəsait də ayırıb.

Lakin hələlik Pentaqonda bu barədə qəti qərar qəbul edilməyib.

Nazir Reznikov: “Təyyarələr olacaq...”

Ekspertlərin fikrincə Ukraynaya hərbi təyyarələr onun quru qoşunlarının irəliləyə bilməsi üçün lazımdır.

Havadan dəstək olmadan bunu etmək çətin olacaq.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov BBC-yə müsahibəsində deyib ki, Kiyev heç də təkcə F-16 qırıcılarını almaq istəməzdi:

"Təyyarələr olacaq. Sual hansı təyyarələrin olacağıdır. Əgər kimsə düşünürsə ki, F-16 məsələnin həllidir, bəzi məqamları nəzərə almır. Bizim aerodromlarımız F-16 qırıcıları üçün hazır deyil. Ola bilsin ki, bizə başqa tip təyyarələr lazım oldu. Yaxşı təyyarələr təkcə F-16-lar deyil. Müasir standartlı başqa təyyarələr də var. Məsələn İsveçin istehsal etdiyi Gripen təyyarələri”.

Pentaqonda hələ qəti qərar qəbul edilməsə də, ABŞ dekabrda öz donanmasından çox sayda təyyarəni silməyi planlaşdırır. Bunlardan 47-si F-16, 48-i F-15 qırıcılarıdır.

Bu say Ukraynaya 3-4 eskadriliya yaratmaq imkan verərdi.

Bundan başqa 25 ölkə F-16 qırıcılarından istifadə edir və onlar da nə vaxtsa donanmalarını təzələmək istəyəcəklər.

“Zaporojets” və “Audi” arasındakı fərq kimi

Uzun müddət MiG təyyarələrini layihələndirən müəssisədə - Mikoyan adına konstruktor bürosunda çalışmış Aleksandr Qarnayev MiG və F-16 təyyarələrini müqayisə edib.

O sınaq pilotu kimi hər iki tip təyyarədə uçuşlar keçirib:

"Sırf texniki baxımdan MiG-29 və F-16 təyyarələrində uçmaq - “Zaporojets” və “Audi” avtomobillərini sürmək kimidir. F-16-nın üstünlüyü ondakı avadanlıq və silahlardır. F-16-lar daim modernizasiya edilib. MiG-29-lara isə baxan olmayıb. F-16-lar ən müasir avadanlıq və silahlarla təchiz edilib”.

Ekspertin sözlərinə görə F-16 özünün 11 asqısında 7.7 ton ağırlığında müxtəlif raketlər daşıya bilər.

MiG-29-un döyüş yükü 3 tondur.

F-16-nın MiG-29-dan daha bir üstünlüyü onun bir mühərrikə malik olmasıdır. Bu isə təyyarənin faydalı çəkisini artırır. Başqa sözlərlə özü yüngül olan təyyarə daha ağır silah yükü götürə bilir.

Saab JAS-39 Gripen
Saab JAS-39 Gripen

F-16, yoxsa Gripen?

Aleksey Reznikovun haqqında danışdığı JAS-39 Gripen təyyarəsi F-16-dan xeyli “cavandır”.

İsveç onun istehsalına 1990-cı illərdə başlayıb. O çoxfunksiyalı təyyarə kimi yaradılsa da, əslində təkmühərrikli F-16 kimi yüngül döyüş təyyarəsidir.

Yaxşı uçuş keyfiyyətlərinə malik Gripen yük götürmək məsələsində F-16-dan geri qalır. Bu təyyarə özünün 10 asqısında 5.3 ton çəkisində raketlər daşıya bilir.

Amma bu, hər halda MiG-29-un 3 tonundan daha ağır çəkidir.

Gripen qırıcısının bir üstünlüyü də onun radara düşmə ehtimalını azaldan texnologiyalara malik olmasıdır.

Ekspertlər deyirlər ki, Ukrayna üçün Gripen təyyarəsinin ən önəmli üstünlüklərindən biri də ona xidmətin daha ucuz başa gəlməsidir.

Üstəlik F-16-dan fərqli olaraq Gripen “narahat” aerodromlardan da qalxıb-enə bilir.

Nazir Reznikov elə bu barədə danışırdı.

XS
SM
MD
LG