Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Ukraynada səfərbərliyin gətirdiyi uzun növbələr və narahatlıqlar


1-ci ayrı mexanikləşdirilmiş "Da Vinçi qurdları" batalyonunun yeni çağırışçısı hərbi təlimlərdə
1-ci ayrı mexanikləşdirilmiş "Da Vinçi qurdları" batalyonunun yeni çağırışçısı hərbi təlimlərdə

Rusiyanın tammiqyaslı müdaxiləsinin üçüncü ilində 1200 kilometrlik cəbhə xətti boyunca Ukrayna əsgərləri böyük basqı hiss etdiklərindən çox zaman taqətdən düşüncə vuruşmalı olurlar. Ukrayna özünü müdafiə etməkdən ötrü əsgər sayını artırmaqda çətinlik çəkir.

AzadlıqRadiosunun Ukrayna xidməti və Aleksandr Palikotun hazırladığı məqalədə deyilir ki, apreldə qızğın dartışmalardan sonra qəbul olunan ziddiyyətli səfərbərlik qanunu mayda qüvvəyə minib.

İyulun 16-sı vətəndaşlara ərazi səfərbərlik mərkəzlərində, yaxud mülki inzibati mərkəzlərdə şəxsi məlumatlarını yeniləmələrindən öncə verilən 60 günlük vaxtın bitdiyi gündür. Vətəndaşlar "Rezerv+" adlı yeni işə salınmış rəsmi mobil əlavədən də qeydiyyatdan keçə bilərlər.

Səfərbərlik mərkəzləri hərbi vəzifəsini yerinə yetirməyə çalışan çağırışçı kütləsi ilə həftələrlə dolu olurdu. Çağırışçılar bu bürkülü yay günlərində saatlarla növbə gözləyirdilər. Rusiyanın Ukrayna infrastrukturuna hücumlarının nəticəsi olan elektrik kəsintiləri isə işləri daha da çətinləşdirirdi.

Qanuna əməl etməyənlər cərimələnəcək

Qanuna əməl edənlərin bəziləri çağırış vərəqələrini alıb hərbi xidmətə yararlı olduqlarının təyin olunması üçün tibbi komissiyalara üz tutmalıdır. Çağırışçıların bir bölümünə də müxtəlif səbəblərdən möhlət veriləcək.

Qanuna əməl etməyənlərsə cərimələnəcək və digər mülki məhdudiyyətlərlə üzləşməli olacaqlar. Məsələn, sürücülük vəsiqələri geri alınacaq. Xaricdə yaşayan çağırış yaşlı kişilərsə konsul xidmətlərindən yararlana bilməyəcəklər.

"Artıq indən belə onlar da poçtla çağırış vərəqəsi ala biləcəklər. Bu çağırış vərəqələri alındığı təsdiqlənmədən də çatdırılmış sayılacaq", - müdafiə nazirinin müavini Katerina Çernohorenkonun AzadlıqRadiosuna dediyi sözlərdir.

Onlar bu qaydalara məhəl qoymazlarsa, cinayət prosessual qaydada axtarışa veriləcəklər.

Ukraynalılar Varşavadakı ticarət mərkəzində Ukrayna pasportlarının verilməsi məntəqəsinin qarşısında.
Ukraynalılar Varşavadakı ticarət mərkəzində Ukrayna pasportlarının verilməsi məntəqəsinin qarşısında.

"Bəzi adamlar öz məlumatlarını gizlətməyə çalışır, ancaq bu, zaman məsələsidir – [səfərbərliyə cəlb olunmalı bütün vətəndaşlar] hərbi qeydiyyat siyahısında olacaqlar", - Ukrayna Milli Vəkillər Assosiasiyası sədrinin müavini Serhiy Starenkiy AzadlıqRadiosuna belə söyləyib.

Ukrayna bu prosedurları orduya yazılmalı olan kişilərin təyin edilməsini asanlaşdırmaq, onların səfərbərliyini daha səmərəli hala gətirmək üçün işə salıb.

Yeni qanun çıxanadək hərbi patrullar çağırış vərəqələrini şəhər, qəsəbə və kənd küçələrində paylayırdılar. Bu təcrübə ziddiyyətli olaylar törədirdi. Ukraynanın bir çox yerində çağırış əməkdaşlarının zorakılığı və ya zorakılığa məruz qalması barədə xəbərlər yayılırdı.

Bir çoxları da ya gizlənib, ya da…

Belə halların birində Jitomir bölgəsində yaşayan 32 yaşlı Serhiy Kovalçuk çağırış idarəsinə gedəndən sonra xəstəxanada yaşamını itirib. Çağırış idarəsi əməkdaşları onun ölümünü epilepsiyadan qıcolma və spirtli içkilərlə əlaqələndirsə də, ölüm şəhadətnaməsində səbəb kimi çoxsaylı kəllə-beyin zədəsi və qafatası sümüklərinin yerdəyişməsi göstərilib.

Kovalçukun ailəsi onun çağırış idarəsində hücuma məruz qaldığını iddia edib. 100-dən çox insan idarənin binası önündə bununla bağlı etiraz aksiyası keçirib.

2022-ci ilin fevralında başlayan Rusiya hücumundan bəri minlərlə kişi ölkəni tərk edib. Bu, savaş durumunda döyüş yaşlı kişilər üçün qanunsuz sayılır. Bir çoxları da ya gizlənib, ya da çağırışdan yayınmaqdan ötrü qanundakı boşluqlardan faydalanmağa çalışır.

Çaydan keçərək Rumıniyaya keçmək istəyərkən boğulan ən azı 30 nəfərin cəsədi tapılıb.
Çaydan keçərək Rumıniyaya keçmək istəyərkən boğulan ən azı 30 nəfərin cəsədi tapılıb.

Çağırış idarələrində korrupsiya hallarına dair xəbərlərin yayğın olması bəzi ukraynalıları qəzəbləndirib. Ötən ilin avqustunda - korrupsiya xəbərlərinin yayılmasının ardınca prezident Volodimir Zelenski Ukraynanın hər bir regionunda hərbi çağırış idarəsi rəhbərini işdən çıxarıb.

Rusiyanın tammiqyaslı hücumunun ilk aylarında orduya xidmət etməklə bağlı coşqu yaşansa da, sonradan bu həvəs azalıb və nəticədə ordu sıralarını genişləndirməyə ehtiyac artıb.

Kiyevdə fəaliyyət göstərən Razumkov Mərkəzinin iyunun sonlarında keçirdiyi rəy sorğusunda respondentlərin 46 faizi çağırışdan yayınmanın utanılası davranış olmadığını deyib, 29 faizi əks mövqe dilə gətirib, 25 faizi isə cavab verməyə çətinlik çəkib.

Di gəl, hökumət hələ də səfərbərlik kampaniyasının yaxşı getdiyini iddia edir. "Ordu deyir, hər şey onların planına uyğun gedir", - Zelenski iyulun 15-də mətbuat konfransında belə deyib və əlavə edib ki, yetərincə təlim poliqonu olmadığından dövlət onların sayını çoxaltmağa çalışır.

Səfərbərlik qanununun qəbulundan az öncə Zelenski çağırış yaşının 27-dən 25-ə endirilməsi və daha öncə "qismən uyğun" sayılanları məcburi tibbi yoxlamadan keçməsi barədə sərəncam imzalayıb. Yuxarı yaş limiti 60-da saxlanılıb.

Yaşı 18-24 arasında olan kişilərin də bir qismi çağrıla bilər. Qadınlar da könüllü kimi orduya yazılırlar.

Kiyev orduya daha çox əsgər toplamaqdan ötrü bəzi kateqoriyalara aid məhbusların da orduda xidmət etməsinə icazə verib.

Üçüncü ayrıca hücum briqadası, 93-cü mexanikləşdirilmiş briqada və "Xartiya" briqadası kimi bəzi populyar hərbi birliklər öz qeydiyyat mərkəzlərini açaraq şəhərlərdəki bilbordlarda elan kampaniyası da aparır.

Dneprdə Ukrayna ordusunun yeni açılan çağırış mərkəzi
Dneprdə Ukrayna ordusunun yeni açılan çağırış mərkəzi

"Demobilizasiya... mümkün ola bilər"

Yeni səfərbərlik qanununun hərbi və mülki tənqidçiləri qanunun rotasiya və demobilizasiya kimi vacib məsələləri çözə bilmədiyini önə çəkirlər. Rotasiya hərbi birliklərin cəbhə xəttindən geri çəkilərək onlara istirahət verilməsidir. Demobilizasiya isə ordu sıralarında olan və döyüşlərə qatılan əsgərin qanuni şəkildə xidməti tərk edə bilməsidir.

"Bu [indiki] trend payızadək sürərsə, demobilizasiya haqqında qanun layihəsini Ali Radaya təqdim etmək mümkün ola bilər", - parlamentin Milli güvənlik komitəsinin sədri Roman Kostenkonun iyunda dilə gətirdiyi sözlərdir.

Bir alman qəzetinə müsahibəsində isə Kostenko deyib ki, Ukrayna ordusu bir ilə əlavə 200 min əsgər cəlb edə bilər.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı general Valeri Zalujnı fevralda Zelenskinin onu vəzifəsindən azad etməsinin səbəblərindən biri kimi əlavə 500 min əsgər istəməsini göstərmişdi.

Parlamentin İqtisadiyyat komitəsinin sədri Dmitro Nataluxanın fikrincə, Ukraynada hərbi xidmətə uyğun, ancaq, hələlik, orduda olmayan 4 milyon 350 min kişi var. Bəzi hesablamalara görə isə, bu say daha yüksəkdir.

Ukrayna rəsmiləri müxtəlif zamanlarda silahlı qüvvələrin sayının 800 mindən bir milyonadək olduğunu bildiriblər. Zelenski fevralda 2022-ci ilin fevralından bəri 31 min əsgərin öldürüldüyünü deyib. Müşahidəçilər bunun ciddi azaldılmış rəqəm olduğunu düşünürlər.

XS
SM
MD
LG